Məhkəmə qərarları › İş №2(020)-1165/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1165/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1165/2024 01.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh 7.580 (yeddi min beş yüz səksən) manat məbləğində borc pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, o, əvəllər tanıdığı və yaxşı münasibətdə olduğu Beyləqan rayonunun Dünyamalılar kənd sakini Cavabdeh xx.xx.2021-ci il tarixdə onun yanına gələrək təcili borc pula ehtiyacı olduğunu bildirmiş və ondən borca 5.725 (beş min yeddi yüz iyirmi beş) manat borc pul istəmişdir. O da, Cavabdeh səmimiyyətinə və etibarına güvənərək həmin 5.725 (beş min yeddi yüz iyirmi beş) manat pulu borc kimi ona vermişdir. Cavabdeh ondan borc aldığı 5.725 (beş min yeddi yüz iyirmi beş) manat borc pulu tez müddətində geri qaytaracağına dair söz vermişdir. Hətta Cavabdeh həmin vaxt aldığı borc pula dair öz xətti ilə qəbz yazaraq, həmin qəbzi öz imzasıyla təsdiq etmişdir. Lakin buna baxmayaraq, Cavabdeh ondan borca aldığı 5.725 manat puldan 2023-cü ilin ortalarınadək yalniz 725 manat pul geri qaytarmışdır. Həmçinin Cavabdeh xx.xx.2023-cü il tarixdə arvadı X1 ilə evinə gələrək vəziyyətlərinin ağır olmasını və təcili 2.000 (iki min) manat borc pula ehtiyaclarının olmasını bildirərək ondan 2.000 manat borc pul almışlar və Cavabdeh tərəfindən öz xətti ilə qəbz tərtib ediərək imzalanmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə 240 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə isə 40 manat Cavabdeh adına olan **********372206 saylı plastik karta mpay terminal vasitəsilə pul göndərmişdir. Cavabdeh ümumilikdə ondan aldığı 8.305 (səkkiz min üç yüz beş) manat borc puldan yalnız 725 (yeddi yüz iyirmi beş) manat geri pul qaytarmışdır. Yerdə qalan 7.580 (yeddi min beş yüz səksən) manat pul hal-hazıradək ona borcludur. Cavabdeh qəbzlərdə lazımı öhdəlikləri öz üzərinə götürməsinə baxmayaraq, ona borclu olduğu ümumilikdə 7.580 (yeddi min beş yüz səksən) manat pulu geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. Hazırda cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini tam qəbul etdiyini və iddia tələbində qeyd edilən məbləğdə borcu olduğunu bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən əllə yazılaraq imzalanmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh İddiaçı 5725 manat pul borcu götürmüşəm”. Cavabdeh tərəfindən əllə yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh İddiaçı 2000 manat əlborcu borc pul götürdüm. Əgər mənim başıma bir iş gələrsə, həmin pulu mənim ailəm X1 geri qaytaracaqdır”. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 240 manat məbləğində pul vəsaiti m pay vasitəsi ilə 416973******2206 nömrəli karta mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 300 manat məbləğində pul vəsaiti m pay vasitəsi ilə 416973******2206 nömrəli karta mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 40 manat məbləğində pul vəsaiti m pay vasitəsi ilə 416973******2206 nömrəli karta mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə 5725 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixidə 240 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə 40 manat məbləğində borc pul vermişdir. İddiaçı halhazırda cavabdehdən 7580 manat məbləğində borcun tutulmasını xahiş edir, cavabdeh isə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7580 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsi 7580 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 95,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7.580 (yeddi min beş yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 95,80 (doxsan beş manat 80 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar