Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1207/2024 28.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(020)-745/2023 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödədiyi 220 (iki yüz iyirmi) manat alimentin məbləğinin artırılaraq hər ay 350 (üç yüz əlli) manat məbləğində alimentin alınıb, ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə ailə quraraq, nikahlarını 10 fevral 2015-ci il tarixdə Beyləqan rayon VVADQ şöbəsində rəsmiləşdirmişdilər. Birgə nikahlarından 17 iyul 2005-ci ildə Nəzrin, 21 yanvar 2008-ci ildə isə Rial adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri 2016-cı ilin avqust ayından tamamilə kəsilmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, Cavabdeh hər ay hər uşaq üçün 80 manat, iki uşaq üçün ayda 160 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2005-ci ildə Nəzrin və xx.xx.2008-ci ildə Rial adlı uşaqlarının saxlanılması üçün ona verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-745/2023 saylı qətnaməsinə əsasən cavabdehin ona ödədiyi hər uşaq üçün 80 manat alimentin miqdarı artırılaraq hər uşaq üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin qətnaməni 4 ay müddətində icra etdikdən sonra xx.xx.2005-ci il təvəllüdlü qızı Nəzrin ödədiyi alimenti dayandırmışdır. Səbəbi isə qızının 18 yaşının tamam olmasını göstərmişdir. Cavabdeh hazırda yalnız oğlu Riala 220 manat aliment ödəyir. Qeyd edir ki, xx.xx.2005-ci ildə anadan olmuş qızı X3 Azərbaycan Universitetinin “Humanitar fənlər” fakültəsinin Tərcümə (ingilis dili) ixtisasının əyani şöbəsinə daxil olmuş, hazırda həmin Universitetin 2-ci kurs tələbəsidir. Həmçinin qızı Nəzrin yetkinlik yaşına çatdığından cavabdeh ona aliment ödəmir. Hazırda heç bir yerdə işləmir, uşaqlarının təhsili ilə əlaqədar, Bakı şəhərində kirayədə yaşayır, cavabdehin bir uşağa ödədiyi 220 manat alimentlə uşaqlarını saxlamaqda həddindən artıq çətinlik çəkir. Oğlu Rial isə anadan gəlmə 1-ci dərəcəli onurğanın skolioz xəstədir, mütəmadi olaraq müayinə və müalicələrə ehtiyacı vardır. O, alimentlə bağlı X1 1 saylı Mediasiya Təşkilatının qəbulunda olsa da cavabdeh mediatorun qəbuluna gəlməkdən imtina etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və Cavabdeh məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının İddiaçı iştrakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, hər ay bir uşağa görə 250 manat ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ seriyalı 233797 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 15 noyabr 2016-cı il tarixdə Beyləqan rayon Qeydiyyat şöbəsində ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 91 № ilə qeyd edilmişdir. AZ-İİ seriyalı 043410 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-745/2023 saylı qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş Nəzrin və xx.xx.2008-ci ildə anadan olmuş Rial adlı uşaqların saxlanması üçün Cavabdeh İddiaçı Rasim qızının xeyrinə tutulan hər ay hər uşaq üçün müəyyən edilmiş 80 manat alimentin miqdarı artırılaraq hər ay hər uşağa 220 manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində müəyyən edilməklə artırılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər, lakin İddiaçı və Cavabdeh mediasiya sessiyasını davam etdirməyə razılıq verməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay uşağa görə 220 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasına dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-745/2023 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin himayəsində azyaşlı uşaqlarının olması, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 250 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)- 745/2023 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-745/2023 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1207/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1207/2024
28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver