Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-121/2025 31.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq etmək yolu ilə ələ keçirmiş olduğu 10500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs - qardaşı oğlu- X2 məhkəmə istintaqı aparılan zamanı əvvəlcə azadlığın məhdudlaşdırılması cəzasını təyin etdirəcəyinə, hökm çıxdıqdan sonra isə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2021-ci ilin oktyabr ayının sonlarında Beyləqan şəhəri, Mağistral küçəsində 9000 manat pulunu nağd şəkildə ələ keçirmişdir. Bundan başqa o, 06 noyabr 2021-ci ildə saat 11:57-də 100 manat və saat 11:59-da 1400 manat olmaqla, cəmi 1500 manat pulunu Beyləqan şəhəri, Mağistral küçəsində yerləşən “Ay Market” də quraşdırılmış “E Manat” ödəmə terminalından onun adına olan **********5883311 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına göndərilməklə, ümumilikdə ona - İddiaçı məxsus 10500 manat pulu vahid niyyətlə törədilən qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Cavabdeh bu hərəkətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmənin gedişi zamanı pulunu ödəyəcəyinə söz verərək onu yenidən aldatdığı üçün mülki iddiaçı kimi tanınmağı barədə iddia qaldırmadı. Sonda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Cəfərov X3 rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, iş N-1(020)-35/2024 saylı hökmünə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda isə o, cəzaçəkmə müəssisəsində cəza çəkməkdədir. Buna görə də pulunu tələb olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh dələduzluq etmək yolu ilə ələ keçirmiş olduğu 10500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentiensiar Xidmətin Qobustan müəsissəsinin rəhbərliyi vasitəsi ilə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, iddia ərizəsinə dair hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 1(020)-35/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cavabdeh ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 11 iyul 2024-cü il tarixdən hesablanmaı hökm edilmişdir. Həmin hökmlə müəyyən edilir ki, Cəfərov X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 103, mənzil 9-da yaşayan İddiaçı əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından suiistifadə edərək ona qardaşı oğlu X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Ziya Atakişiyevə əvvəlcə azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyinə, hökm çıxdıqdan sonra isə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2021-ci ilin oktyabr ayının sonlarında Beyləqan şəhəri, Magistral küçəsində 9000 manat pulunu nağd şəkildə alaraq, 06 noyabr 2021 -ci ildə saat 11:57-də 100 manat və saat 11:59-da 1400 manat olmaqla cəmi 1500 manat pulu Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Ay Market”də quraşdırılmış “eManat” ödəmə terminalından onun adına olan **********588311 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına göndərilməklə, ümumilikdə İddiaçı məxsus 10500 manat xeyli miqdarda pulu vahid niyyətlə törədilən qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu mənada Cavabdeh dələduzluq cinayət əməlini (o cümlədən mülki hüquq pozuntusu) törətməsi və cinayət nəticəsində İddiaçı 10500 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə, zərərçəkmiş şəxsə maddi ziyan vurduğu işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin istinad edilən maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası isə digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. İndiki halda iddia tələbinin əsası kimi Mülki Məcəllənin delikt ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmənin qənaətinə görə, hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində zərərçəkmiş İddiaçı maddi zərər vurulduğu şübhəsizdir, həmin qanunsuz hərəkətlər ilə ona vurulan zərər arasında səbəbli əlaqə vardır. Odur ki, zərərçəkmiş İddiaçı məruz qaldığı ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 10500 manat məbləğində maddi ziyanın tutulması hissəsində təmin edilməli, Cavabdeh həmin məbləğ İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 121 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 10500 (on min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 121(yüz iyirmi bir) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-121/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-121/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver