Məhkəmə qərarları › İş №2(020)-1243/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1243/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1243/2023 23.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh Cavabdehin nümayəndəsi və vəkili- Beyləqan rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 15.000 manat pulun və ödədiyi 135 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh onun qaynatasıdır. Özü hərbiçi yəni baş gizir rütbəsində hərbi qulluqçu olduğundan mütəmadi olaraq ön cəbhədə xidmətdə olur. Bu məqsədlə də evə gec saatlarda gəlir. xx.xx.2022-ci il tarixdə ayrıca fərdi yaşayış evi almaq üçün yiğdığı 5.000 manat pulu və qardaşı X3 xx.xx.2022- ci il tarixdə öz adına BOKT "xxxx" MMC-dən 10.000 manat məbləğində kredit götürdüyü pulun üstünə qoyaraq ümumilikdə 15.000 manat pulu qaynatasına vermişdir ki, onlara qaynatasının qardaşı oğlu X2 yaşadıqları kənddə qonşuluqda olan bəyəndikləri fərdi yaşayış evini alsın və həmin evi təmir etdirsin. Bu barədə xx.xx.2022- ci il tarixdə qaynatası ilə aralarında qəbz tərtib etmişlər. Qaynatası yazmağı bacarmadığı üçün həmin qəbzi o özü yazaraq tərtib etmiş, qaynatası da ondan 15.000 manat pulu həqiqətən aldığını imzasıyla təsdiq etmişdir. Buna baxmayaraq qaynatası ondan alıdğı 15.000 manat pula həmin evi almayaraq öz yaşadığı evi təmir etdirmişdir. Dəfələrlə cavabdehə qardaşı oğluna məxsus evi alıb onun adına sənədləşdirməyi xahiş etsə də cavabdeh ona yalan vədlər verərək onu aldatmışdır. O, cavabdehin qızı Gülnar Quliyeva ilə 2006-cı ildə ailə qurmuş, Gülnarla ailə qurduqdan sonra öz razılıqları ilə 2014-cü ildə qaynatası və qaynanası tək yaşadıqları üçün onların fərdi yaşayış evinə köçməklə xeyli müddət orada birgə yaşamışlar. Lakin 2023-cü ilin fevral ayının 25-də arvadı ilə ailə münasibətləri pozulduğundan qaynatası evindən çıxmış və aralarında olan narazılığa görə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Onun cavabdeh və onun qızı ilə aralarında olan qohumluq münasibətləri tamamilə kəsildiyindən qaynatasına verdiyi 15.000 manat pulu ondan geri tələb etmişdir. Lakin cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Halbu ki, qardaşının adına götürdüyü 10.000 manat məbləğində krediti hər ay əmək haqqından özü ödəyir. Odur ki, Cavabdeh 15.000 manat pulun və ödədiyi 135 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, Rahil Quliyev onun qızı Gülnarən əridir. Son zamanlar onların arasında narazılıq olmuş və qızı Gülnar boşanma ilə bağlı məhkəməyə müraciət etmişdir. O, İddiaçı pul almamışdır. İddiaçı məhkəməyə təqdim etdiyi qəbzdəki imzanın əvvəlki məhkəmə iclasında ona məxsus olmadığını düzgün olmayaraq göstərmişdir. Çünki imza etməsi onun yadından çıxmışdır. Belə ki, 2022-ci ilin dekabr ayında qızı Gülnar ona ağ vərəq gətirib imza etdirmiş və iddiaçı hərbidə işlədiyinə görə qızı bildirmişdir ki, ev kirayəsi pulunu almaqdan ağ vərəqə imza etmək lazımdır. Həmçinin qızı həmin vərəqi kompyuterdə yazacaqlarını bildirmişdir. İddiaçı da həmin qəbzi sonradan dolduraraq guya ona 15.000 manat verməsini göstərmişdir. Ona görə də həmin qəbzdəki imza ona məxsusdur, özü tərəfindən icra edilmişdir. Lakin iddiaçı ev almaqdan ötrü ona pul verməmişdir. İddiaçı onun qardaşı oğlunun evini almaq fikri olmuşdur. Lakin həmin evin qiyməti 15.000 manat olmamışdır. Həmin ev çiy kərpicdən olmuş, 4.000 manata razılaşmışlar, sonradan alqı-satqı baş tutmamışdır. Hazırda onun qızı ilə iddiaçı arasında münaqişə yaranmış, boşanma ərəfəsindədirlər. Ona görə də iddiaçı ona böhtan atır. İddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına cavabdeh tərəfindən dəvət edilib dindirilən X5 ifadəsində göstərdi ki, İddiaçı onun əri olmuşdur. Hazırda ailə münasibətləri pozulduğundan boşanma ərəfəsindədirlər. Rahiblə ailəli olduğu müddətdə ona ağ vərəq verərək hərbiçi kimi ona 80 manat kirayə pulu verilməsindən ötürü həmin kağıza atasına imza etdirməyi bildirmişdir. Rahibin 15.000 manat pulu olmamışdır. Onu aldadaraq atasına imza etdirmişdir. Onların ev almaq fikirləri olmuşdur. Ev əmisi oğlunun olmaqla çiy kərpicdən tikilmiş ev olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş mülki işin 9-cu vərəqəsində yerləşən xx.xx.2022-ci il tarixli qəbzdə "Cavabdeh” yazıları qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Hazırki məhkəmə iclasında isə Cavabdeh qızı Gülnar Quliyevanın ona ağ vərəq təqdim edərək iddiaçı hərbidə işlədiyinə görə ev kirayəsi pulunu almaqdan ötrü ona kağıza imza etməsini, həmin vərəqin kompyuterdə yazacaqlarını bildirməsini göstərmişdir. Beləliklə cavabdeh əvvəlki məhkəmə iclasında göstərdiklərinin əksinə olaraq hazırki məhkəmə iclasında imzanın ona məxsus olmasına dair izahat vermişdir. Əgər cavabdeh ağ vərəqdə imza etmişdirsə onun hansı tarixdə yazılması iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Hər halda qəbzdəki imza cavabdehə məxsusdur və o iddiaçıdan 15.000 manat pul almasını etiraf etmişdir. Digər tərəfdən həmin hal cavabdehə və onun nümayəndəsinə əvvəlcədən də məlum olmuşdur. Çünki qəbz iş materiallarında mövcud olmuşdur. Lakin cavabdeh və nümayəndəsi həmin halı mübahisələndirməmiş, sənəddəki imzanın cavabdehə məxsus olmadığını göstərmişlər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı 09 dekabr 2022-ci ildə qaynatasına inkişaf üçün maliyyə bankından qardaşı X4 adına götürdüyü 10.000 manat kreditin üstünə 5.000 manat pul qoyaraq fərdi yaşayış evi alması və həmin evi təmir etdirməsi üçün qaynatası Cavabdeh vermiş və tərəflərin hər ikisi qəbzi imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş L-BN0061523 saylı kredt müqaviləsindən görünür ki, X1 Bank ASC-nin Mərkəzi flialından 36 ay müddətinə 10.000 manat kredit götürmüşdür. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını, şahid ifədəsini dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15.000 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Adı çəkilən Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Beləliklə məhkəmədə müəyyən edildi ki, iddiaçı cavabdehin qızının əri olmaqla özlərinə fərdi yaşayış evi almaqdan ötrü Cavabdeh 15.000 manat pul vermiş, lakin sonradan iddiaçının qızı ilə aralarında ailə münasibətləri pozulduğuna görə Gülnar Quliyevaya qarşı nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bundan sonra Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçının pulunu da geri qaytarmamışdır. Cavabdehin ev kirayə pulu almaqdan ötrü ağ kağıza qol çəkməsinə dair izahatını məhkəmə inandırıcı hesab etmir. Çünki cavabdeh əvvəlcə qəbzdəki imzanın ona məxsus olmadığını bildirmiş, ekspertiza rəyi ilə qəbzdəki imzanın ona məxsusluğu sübuta yetdikdən sonra hazırkı izahatı özünü müdafiə etmək məqsədi ilə vermişdir. Digər tərəfdən cavabdehin qızı Gülnar Quliyeva da atasını müdafiə etmək üçün həmin səpkidə izahat vermiş, məhkəmə hesab edir ki, onun da şahid qismində verdiyi həmin ifadəsi sübut növü kimi qəbul edilə bilməz və iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasiə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirdiyindən iddia təmin edilməli, Cavabdeh 15000(on beş min) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 135 (yüz otuz beş) manat alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 15.000(on beş min) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 135 (yüz otuz beş) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar