Məhkəmə qərarları › İş №2(020)-1250/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1250/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1250/2025 25.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış binasının və həmin ticarət obyektində olan mebellərin yandırılmasına görə dəyən ziyan” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış binasının və həmin ticarət obyektində olan mebellərin yandırılmasına görə dəyən ziyan” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun istifadəsində olan obyektə yandırmaqla vurulmuş 3000 manat və həmin ticarət obyektində olan mebellərin yandırılmasına görə dəyən 15000 manat, 3 aylıq 3393 manat kredit pulunun və işçiyə və kassa aparatı üçün ödədyi 255 manat, cəmi 21648 manat məbləğində ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Beyləqan rayonu ərazisində yerləşən ticarət obyektini icarə müqaviləsi ilə 23 may 2020-ci il tarixli X1 icarəyə götürərək orada mebellərin satışını həyata keçirir və məcburi köçkün kimi ailəsini dolandırır. 25 avqust 2024-cu il tarixdə Cavabdeh məxsus obyektdə qısaqapanmadan yanğın baş vermiş və həmin obyektdəndə yanğın istifadəsində olan obyektə keçmiş və mağazanın üstü yanaraq çökmüş və mağazada ona məxsus mebellər yanaraq və söndürən zaman su ilə isdanmış mebellər tam yararsız hala düşmüşdür. Qaimələr yazaraq hansı fabrikin, hansı malları olduğunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Nuruyev Rüfət Babaş oğluna və ekspertlərə təqdim etmişdir. Həmin siyahını Səyyada da təqdim etməsinə baxmayaraq istintaq orqanının qərarında bu barədə heç bir qeyd və ya göstəriş yoxdur. Beləliklə mağazanın binasının üstü hissəsi yanmış və mağazaya 3000 manat və içərisində olan mebellər yanaraq ona 15000 manat, cəmi 18000 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Nazirliyi DYNX-i Qarabağ Regional DYNİ-inin inspektoru Səyyad Abdullayev tərəfindən yoxlama aparılmış və istintaq aparılması nazirliyin Əməliyyat İstintaq İdarəsinə göndərilmişdir. O, bütün yanan mebellərin siyahısını inspektor Səyyad Abdullayevə təqdim etsədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Nuruyev Rüfət Babaş oğlu istintaqı dolğun aparmamış, ona göndərilmiş təhqiqatın nəticəsinə dair 18 fevral 2025-ci il tarixli, 0913 saylı material üzrə yanan əmlakların siyahısı göstərilməmiş və ona dəyən ziyanın məbləği haqda heç bir məbləğ qeyd edilməmişdir. Odur ki, Səyyad Abdullayevin və Rüfət Nuruyevin nəyə görə maraqlıdırlar ki, ona dəyən zərəri qərarda göstərmirlər, lakin qarşı tərəfin zərərin göstərirlər. Deməli arada rüşvət məsələsi vardır. Binanın yanması barədə Beyləqan rayon Polis şöbəsinə müraciət etmişdir və təhqiqatçı Əli Hacıyevin 20 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş və mülki iddia üçün məhkəməyə müraciət etmək tövsüyyə olunmuşdur. Bu qərarda da əmlaklarının yanmasının cavabdehin günahı ucbatından olduğu bir daha öz təsdiqini tapır. Ona görə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Nuruyev Rüfət Babaş oğlunun 18 fevral 2025-ci il tarixli, 0913 saylı qərarını obyektiv hesab etmir. Belə ki qərarda onun obyektinin ünvanı başqa yer göstərilmiş, cümlələr dolğun deyildir, istintaq səthi aparılmış, onun sənədlərinə hüquqi qiymət verilməmiş, şahidlər dindirilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Nuruyev Rüfət Babaş oğlunun 18 fevral 2025-ci il tarixli, 0913 saylı qərarı ilə təsdiq edilmişdir ki, Cavabdeh məxsus obyektdə yanğın baş vermiş və həmin obyektdəndə yanğın onun istifadəsində olan obyektə keçmiş və bunun nəticəsində də obyekt və içərisində olan mebellər yanmış və islanaraq məhv olmuşdur. Beləliklə Cavabdeh təqsiri uçbatından əmlakları yanmışdır və ona külli miqdarda ziyan dəymişdir. Qərarda ziyanın ödənilməsi barədə məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. O, bir neçə dəfə cavabdehdən ona məxsus əmlaklara vurduğu zərərin ödənilməsini tələb etsədə o, ödəməkdən imtina edir. Obyekt demək olar ki, tamamilə yararsız hala düşmüşdür. Sonradan təmir etdirmiş və obyektin təmiri üçün 3000 manat pul xərcləmişdir. İşə baxılan zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsindən materiallar alınmalıdır və iş üzrə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təhqiqatçı da iş üzrə dindirilməlidilər. O, mağazaya mal gətirmək üçün Bank Respublikadan 30000 manat kredit götürmüşdür və həmin kredit üzrə 40701 manat pul ödəməlidir. Mağaza yanandan sonra 3 ay işləməmişdir və banka ödədiyi hər ay üçün 1131 manatıda ödəyə bilməmişdir və 3 ayda işçinin və kassa aparatının pulu kimi 255 manatıda borc alaraq ödəmişdir. Hesab edir ki, 3 aylıq kredit pulu, yəni 3393 manat və 255 manat işçiyə və kassa aparatına və digər yerlərə ödədiyi pulda alınıb ona verilməlidir. Cavabdeh onun istifadəsində olan obyektə yandırmaqla vurulmuş 3000 manat və həmin ticarət obyektində olan mebellərin yandırılmasına görə dəyən 15000 manat, 3 aylıq 3393 manat kredit pulunun və işçiyə və kassa aparatı üçün ödədyi 255 manat, cəmi 21648 manat məbləğində ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 13-cü bəndindən görünür ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndindən görünür ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 15-ci bəndindən görünür ki, məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 28-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. Eləcə də Cavabdeh da xx.xx.2012-ci tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyətgöstərən fərdi sahibkardır. İddia ərizəsinin məzmunu ilə isə müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı sahibkarlıq fəaliyyətindən irəli gələn delikt ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış binasının və həmin ticarət obyektində olan mebellərin yandırılmasına görə dəyən ziyan” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Cavabdeh qarşı “qeyri yaşayış binasının və həmin ticarət obyektində olan mebellərin yandırılmasına görə dəyən ziyan” tələbi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar