Məhkəmə qərarları › İş №2(020)-1258/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1258/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1258/2023 09.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh itirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kreditin və faizlərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16134.04 manat əsas kredit borcu, 1478.33 manat kreditdən istifadəyə görə faiz borcu və 96.17 manat cərimə borcu olmaqla, cəmi 17708.54 manat və iddianın verilməsi üçün ödənilmiş 143.13 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, 9130***- *******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2032-ci il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 18.00 % ödəmək şərti ilə xx.xx.2022-ci ildə aldığı 17000.00 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 20-dək ayda 539.54 AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği a) əsas borc üzrə 16134.04 AZN; b) faizlər üzrə 1478.33 AZN; c) cərimə borcu üzrə 96.17 manat əşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməmişdir. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16134.04 manat əsas kredit borcu, 1478.33 manat kreditdən istifadəyə görə faiz borcu və 96.17 manat cərimə borcu olmaqla, cəmi 17708.54 manat və iddianın verilməsi üçün ödənilmiş 143.13 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Şahin Novruzov məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat verən Cavabdeh iddianı qəbul etdi və göstərdi ki, 9130***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən ona xx.xx.2032-ci il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmışdır. Ona 170000 manat kredit verilmişdir. Maddi imkanı olmadığından krediti ödəyə bilməmişdir. Gələcəkdə banka olan borcu hissə-hissə ödəməyə etiraz etmir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin teleqramasını nəzərə alıb işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, 9130***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış razılaşmaya əsasən xx.xx.2032-ci il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan ilkin olaraq 17000 manat kredit almışdır. Kredin müqaviləsinin 1.2-ci bəndinə görə bu əsas kredit limiti razılaşmasına əsasən kredit Borcalana istehlak tələbatlarının ödənilməsi məqsədlə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) min. 15 (on beş) % - max. 40 (qırx) % -dir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əssasən əsas borc və faizlər, kredit məbləğinin borcalanm cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və Borcalana göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə“Kreditverənə geri qaytarılacaqdır. Kredit müqaviləsinin 4.3.1-ci bəndinə görə verilmiş krediti bu əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə kreditverənə geri qaytarır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında maliyyə arayışından görünür ki, Cavabdeh müqaviləyə əsasən "xxxx" ASC-yə 16134.04 manat əsas, 1478.33 manat faiz 96.17 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehin izahatını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 16134.04 manat əsas kredit borcu, 1478.33 manat kreditdən istifadəyə görə faiz borcu və 96.17 manat cərimə borcu olmaqla, cəmi 17708.54 manat və iddianın verilməsi üçün ödənilmiş 143.13 manat dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 9130***-*******01L saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 16134.04 manat əsas kredit borcu, 1478.33 manat kreditdən istifadəyə görə faiz borcu və 96.17 manat cərimə borcu olmaqla, cəmi 17708.54 (on yeddi min yeddi yüz səkkiz manat əlli dörd qəpik) manat və iddianın verilməsi üçün ödənilmiş 143.13 (yüz qırx üç manat on üç qəpik) manat dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar