Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1308/2025 01.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun zamini Cavabdeh2 2445,37 manat əsas kredit borclarının, 417,20 manat faiz borclarının eyni zamanda bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 293,71 manat cərimə olmaqla, cəmi 3156,28 manat və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 51,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Beyləqan filialı ilə cavabdehlər Cavabdeh1 və onun zamini Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KF/33499 saylı kredit müqaviləsinə əsasən cavabdehlərə 18 ay müddətində illik 32 faizlə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər hər təqvim ayının müvafiq cədvəli üzrə müəyyən edilmiş tarixində həm kredit məbləğini borclu hissə-hissə geri qaytarmalı, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin kredit müqaviləsi üzrə öhdəliklərinin kreditverən qarşısında icra etməyən borclu və onun zamini bu günə kimi iddiaçıya cəmi 554,63 manat əsas kredit borclarından, 239,07 manat kreditdən istifadəyə görə faiz borclarından ödəyibdir. Hal-hazırda iddiaçıya 2445,37 manat əsas kredit borcları, 417,20 manat faiz borcları eyni zamanda tərəflərlə aramızda bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 293,71 manat cərimə borcları cəmi 3156,28 manat borclu qalmaqdadırlar. Cavabdehlər Cavabdeh1 və onun zamini Cavabdeh2 dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, onlarla aramızda bağlanmış kredit müqaviləsindən irəli gələn şərtləri icra etməkdən boyun qaçırırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, mülki işin materiallarında olan: xx.xx.2024-cü il tarixli KF/33499 saylı Kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən, sonuncuya aylıq 1,78 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, kreditalan ona verilmiş krediti hissəsini tərəflər arasında yazılı tərtib olunmuş razılaşma üzrə ödəniş qrafikində göstərilən konkret tarixdə ödəmədikdə “Kreditverən”in tələb etdiyi hallarda həmin ödəniş tarixindən başlamaqla kreditin ödənilməli olan ancaq ödənilməmiş (gecikdirilmiş) əsas borcunun qalıq məbləğinə hər gecikdirilmiş gün üçün 0.5 (sıfır tam onda beş) faiz miqdaında cərimə faizi ödəmək məsuliyyəti daşıyır. xx.xx.2024-cü il tarixli KF/33499 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər götürülmüş kreditin hər ay 212,03 manat olmaqla, xx.xx.2026-cı il tarixə qədər geri qaytarılması barədə razılığa gəlmişdir. Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli KF/33499 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 25 iyun 2025-ci il tarixə 2445,37 manat əsas borc, 417,20 manat faiz borcu və 293,71 manat cərimə olmaqla, cəmi 3156,28 manat məbləğində borcu vardır. “Kreditor” Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə “zamin” Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KF/33449Z №-li Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor qarşısında xx.xx.2024-cü il tarixli KF/33499 №-li Kredit Müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o, cümlədənkredit və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə və ya sığorta pulu ödənilmədiyi və kreditdən məqsədli təyinatına uyğun istifadə olmadığı halda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi Cavabdeh1 xx.xx.2024-cü il tarixli KF/33499 saylı Kredit Müqaviləsi ilə, Cavabdeh2 oğlu və X1 isə xx.xx.2024-cü il tarixli KF/33499 №-li Zaminlik Müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir. Digər tərəfdən, iddiaçı bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə əsasən 293,71 manat məbləğində cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2445,37 manat məbləğində əsas borca görə 293,71 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, bu səbəblə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 150 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə də yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, hesab edirəm ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli KF/33499 saylı kredit müqaviləsinə əsasən 2445,37 manat əsas borc, 417,20 manat faiz borcu və 150 manat cərimə olmaqla, cəmi 3012,57 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 51,57 manat dövlət rüsumunun 50,12 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 2445,37 (iki min dörd yüz qırx beş manat 37 qəpik) manat məbləğində əsas borc, 417,20 (dörd yüz on yeddi manat 20 qəpik) manat məbləğində faiz borcu və 150 (yüz əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3012,57 (üç min on iki manat 57 qəpik) manat məbləğində pul vəsaiti və 50,12 (əlli manat 12 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC –nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Haim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1308/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1308/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver