Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1357/2023 26.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar- İddiaçı2 və İddiaçı1, Cavabdeh- Cavabdeh3 Səttar oğlu və digər cavabdehlərin vəkalətli nümayəndəsi və vəkili Beyləqan Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səttar oğluna qarşı vurulmuş maddi ziyanın ödənməsi ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Səttar oğlundan keyfiyyətsiz soğan toxumu satmaqla onlara vurduqları maddi ziyanın əvəzi olaraq İddiaçı2 12855 manat, İddiaçı1 12855 manat olmaqla cəmi 25710 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 167 manat pulu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Səttar oğlundan müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 məhkəm iclasında iddiasını müdafiə etdi və izahatında göstərdi ki, qardaşı Samirlə birlikdə Bərdə rayonunun Tumaslı kəndndə yaşayırlar. Yaşaqları kənddə özlərinə məxsus olan pay torpaq sahəsini əkib- becərməklə məşğul olur, əkdikləri məhsulları yerində və ya bazarlarda sataraq ailələrinin dolanışığını təmin edirlər. Torpaqları yüksək keyfiyyətli kənd təsərüfatı təyinatlı torpaq sahəsidir və orada son bir neçə ildə şərikli, yəni bütün xərcləri bərabər çəkərək soğan əkməklə yüksək məhsuldarlıq -hər hektardan. 25-30 ton soğan məhsulu əldə etməklə hər hektardan orta hesabla 14-15 min manat qazanc əldə etmiş və qazanclarını bərabər bölmüşlər. Əkdikləri soğan toxumunu isə 2021-ci ilədək digər həmkəndliləri Fəhrad, Vüsal və Əlövsətlə bilrikdə gedib Beyləqan rayonunun Türklər kənd sakini Şakirdən alımışlar. 2022-ci ilin avqust ayında həmin həmmkəndliləri ilə birlikdə soğan toxumu almaq üçün Beyləqan rayonunun Türklər kəndinə getmiş, bu dəfə daha məhsuldar toxum olan “ Naz” sortu toxum almaq istədiklərini Şakirə bildirmişlər. Şakir “Naz”sortu toxumun Beyləqan rayonu Sarısu qəsəbəsində yaşayan Cavabdeh1 olduğunu bildirmiş və onları Sarısu qəsəbəsində yaşayan Natiq adlı tanışı vasitəsi ilə Cavabdeh1 yönləndirlimişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sarısu qəsəbəsində yaşadıqları evdə bizi qarşılayaraq ataları olan Cavabdeh3 Səttar oğlu ilə birlikdə yaşadıqlarını, ailəlikcə soğan məhsulu yetişdirib satmaqla məşğul olduqlarını, onlarda 2021-ci ildə yetişdirdikləri “ Naz” sortu soğanın toxumu olduğunu, bu toxumun olduqca keyfiyyətli və məhsuldar olmasını və toxumun keyfiyyətinə zəmanət verdiklərini bildirmişlər. O, 1 kq-ı 60 manata olmaqla 660 manat pul verərək Elşən və Cavabdeh2lardan cəmi 11 kq “Naz” sortlu soğan toxumu almış, həmin toxumu 2022:ci ilin oktyabr ayında özlərinə məxsus 1,5 hektar pay torpağlarına səpmiş və əkinə bütün aqrotexniki qaydalara əməl etməklə qulluq etmişlər. 2023-cü ilin mart ayında soğan əkinləri boy verməyə başladıqda görmüşlər ki, cücərtilər kök, yəni soğanaq tutmurlar, ancaq boya inkişaf edirlər. Həmin ayda soğan cücərtilərinin hündürlüyü normal, yəni 20-25 sm olsa da kök soğanaqları olmamışdır. Halbuki, o zaman kök soğanaqları ən azı yaşlı insanın baş barmağının sədəfi boyda olmaqla torpağın alt qatına möhkəm oturmalı idi. Maraqlandıqda onlara məlum oldu ki, X1, X4 və X2 da soğan əkinləri eyni ilə onlardakı vəziyyətdədir. Sonradan başa düşmüşlər ki, Elşən və Cavabdeh2ların onlara satdıqları soğan toxumu cavabdehlərin onlara bildirdiyi “Naz” sortu toxumu olmamışdır. Həmçinin cavabdehlər onlara payız toxumu əvəzinə yaz toxumu satmışlar. O, həmçinin X6 və X7 birlikdə Beyləqan rayonunun Sarısu qəsəbəsinə gedərək, orada Elşən və Cavabdeh2larla, həmçinin onların atası Cavabdeh3 Səttar oğlu ilə yaşadıqları evdə görüşüb onlara satılan soğan toxumunun xarab toxum olmasını və həmin toxumlardan əmələ gəlmiş soğan cücərtilərinin vəziyyətini bildirmişlər. cavabdehlər bildirmişlər ki, yaxın günlərdə gəlib əkinlərinə baxacaqlar, əgər həqiqətən də vəziyyət dedikləri kimidirsə, toxumun pulunu qaytaracaq və çəkdikləri xərci onlara ödəyəcəklər. Lakin gəlməmişlər. Məcbur olub ikinci dəfə yenə Beyləqan rayonuna gedərək, Elşən və Cavabdeh2larla, həmçinin onların atası Cavabdeh3 Səttar oğlu ilə görüşmüşlər. Onlar, xüsusən də Cavabdeh3 bildirmişdir ki, bir-iki günə kimi Bərdə rayonuna gəlib b soğan əkdikləri sahələrə baxacaqlar və onlara dəymiş ziyanı ödəyəcəklər. Lakin yenə də gəlməmişlər. Cavabdeh3 bildirmişdir ki, ailə fermer təsərüfatına rəhbərliyi özü edir. O, və digər ziyan çəkmiş həmkəndliləri 2023-cü ilin mart ayında Beyləqan rayon prokurorluğuna Elşən, Orxan və onların atası Cavabdeh3 barəsində şikayət ərizəsi ilə müraciət edərək, bizə keyfiyyətsiz soğan toxumu satdıqlarını, bununlada onların hər birinə külli miqdarda maddi ziyan vurduqlarını məlumat vermişlər. Beyləqan rayon prokurorluğu ərizələrini araşdırılması üçün Beyləqan RPŞ-nin təqdiqat bölməsinə göndərmişdir. Təhqiqatcı tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair 20 may 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, müraciət etdiyimiz məsələ mülki xarakterli mübahisə olduğu üçün iddia qaydasında müvafiq məhkəməyə müraciət etməlidirlər. Vəkil sorğusuna cavab olaraq Bərdə rayon İcra hakimiyyəti başçısının aparatından verilmiş 07 iyun 2023-cü il tarixli 3\423 saylı rəsmi arayışda ğostərilir ki, “Bərdə rayonu Tumaslı kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsinə aqrotexniki qaydalara düzgün əməl edilərək çəkilən xərc 4700-5000 manat olmaqla, həmin torpaq sahəsindən 300-350 senter məhsul götürə bilər. Hazırda soğanın bazarda satış qiyməti 40-50 qəpik arasında təklif olunur.” Həmin rəsmi arayış nəzərə alınmaqla biz iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Səttar oğlunun keyfiyyətsiz (xarab) soğan toxumunu satmaları nəticəsində vurulmuş maddi zərər 25710 manat təşkil edir. (1,5 hektara çəkilən xərc 1,5x4700 manat=7050 manat. 1,5 hektardan məhsuldarlıq 1,5x300 sentner=45000 kq. 1kq soğanın sərbəst satış qiyməti 40 qəpik olmaqla 45000kqx40qəpik=18000 manat. Beləliklədə bizə vurulmuş cəmi ziyanın məbləği 7050+18000+660 manat soğan toxumuna verdiyimiz pul=25710 manat) 7050 manat çəkilən xərclər dedikdə 1,5 hektar torpaq sahəsinin şumlanmasına, malalanmasına, toxumun səpilməsinə, suvarılmasına, ziyanvericilərə qarşı dərman preparatlarının alınıb sahəyə səpilməsinə, sahənin gübrələnməsinə, sahənin alağının vurulmasına, soğan cücərtilərinin seyrəldilməsinə və.s çəkilən xərclər nəzərdə tutulur. 18000 manat isə əldən çıxmış faydalarıdır. Beyləqan rayon polis şöbəsində araşdırma aparılarkən də cavabdehlər bildirirdilər ki, onlara cəmi 4000 manat pul dəymiş ziyanın əvəzi kimi ödəyəcəklər. Lakin bunu da nə vaxt ödəyəcəklərini konkret bildirmədilər, onlar isə bu məbləğ çox az olduğuna görə razılaşmamışlar. Beləliklə də cavabdehlər onlara vurduqları maddi ziyanı könüllü olaraq ödəməkdən bu günədək də boyun qaçırırlar. Ona görə hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Səttar oğlundan keyfiyyətsiz soğan toxumu satmaqla onlara vurduqları maddi ziyanın əvəzi olaraq İddiaçı2 12855 manat, İddiaçı1 12855 manat olmaqla cəmi 25710 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 167 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Səttar oğlundan müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən İddiaçı1 eyni məzmunlu izahat verərək iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh3 Səttar oğlu iddianı qəbul etmədi və izahatında göstərdi ki, Beyləqan rayonu Sarısu kəndində oğlanları Elşən və Orxanla birlikdə yaşayır, özlərinə məxsus torpaq sahələrində soğan bitkisi əkib-becərirlər. 2021-ci ilin yay aylarında onlar özlərinə yenidən soğan bitkisi əkmişlər və daha sonra həmin soğanın toxumunu götürüb öz istifadələri üçün saxlamışlar. Həmin soğan bitkisi naz cinsli soğan olmuşdur. 2022-ci ilin avqust ayında Bərdə rayonundan 3 nəfər şəxs qapılarına gəlmiş, oğlanlarından soğan toxumu almaq istədiklərini bildirmişlər. Oğlanları həmin şəxsləri onunla görüşdürmüşlər. O, hazırkı iş üzrə iddiaçı Fəhrad Kazımov və digər işdə iddiaçı olan şəxslərə toxumun olduğunu, lakin toxumun otən ildən qaldığını bildirmişdir. Bu zaman həmin şəxslər toxuma baxmaq istədiklərini bildirmişlər. Toxuma baxdıqdan sonra isə toxumu almaq istədiklərini bildirmişlər. Onlar da həmin şəxslərə razılaşmışlar və həmin şəxslər onlardan 24 kq toxum alaraq getmişlər. Əvəzində isə onlara 1700 manat pul vermişlər. Təxminən 1 ay öncə həmin şəxslər yenidən qapılarına gələrək onlara toxumun keyfiyyətsiz olduğunu bildirməyə başlamışlar Həmin şəxslər onlardan pulu geri istəmişlər. Onlar isə həmin şəxslərə toxumun keyfiyyətsiz olmadığını, sadəcə ötən ildən qaldığını bildirmişlər və bundan sonra həmin şəxslər çıxıb getmişlər. O, həmin şəxslərə 24 kq toxum satdıqlarını, toxumun keyfiyyətsiz olmadığını və naz cinsli olduğunu bildirmişdir. İddiaçının sözlərinə görə toxumu bitiş vermiş normal soğan yetişmişdir. Lakin soğan dib bağlamamışdır. Soğanın dib bağlamaması müxtəlif səbəblərdən ola bilər. Əslində vaxtında suvarılmadıqda, aqrotexniki qulluq vaxtında göstərilmədikdə, torpağı vaxtında şumlamadıqda və sair buna səbə ola bilər. İddiaçının əvvəlcə toxumun keyfiyyətsiz olduğunu, hazırda məhkəmədəki izahatında isə payızlıq toxum əvəzinə yazlıq toxum verilməsini göstərmişdir. Hesab edir ki, toxuma görə soğanın dib bağlamaması barədə iddiaçının dediklərinin heç bir sübutu yoxdur. Həmin soğan toxumundan öz torpaq sahələrində əkmiş və normal soğan məhsulu götürmüşdür. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edib dinidirilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 Səttar oğlu kimi eyni məzmunda izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən hazırkı məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən və əvvəlki məhkəmə iclasında iştirak etdiklərindən həmin cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iclasına dəvət edilib şahid qismində dindirilən "xxxx" MMC-nin direktoru, ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili üzrə mütəxəssis X3 izahatında göstərdi ki, sözügedən torpaq sahəsinə baxış keçirməmiş, lakin mübahisə ilə əlaqədar onu deyə bilər ki, soğanın rəngi tünd yaşıldan göy rəngə kimi dəyişə bilər. Əgər saralma yoxdursa deməli bitiş normaldır. Soğan toxumu bitiş veribsə deməli keyfiyyətsiz deyildir. Soğan toxumunun keyfiyyətsiz olub olmadığını müəyyən etmək üçün mütləq şəkildə ondan analiz verilməli idi. Həmin analiz sonradan yetişən soğanın toxumlarında da verilə bilərdi. Çünki həmin toxumdan cücərmiş soğanlar olmuşdur. Bundan əlavə soğanın dib bağlamaması müxtəlif səbəblərdən, yəni torpağın vaxtında şumlanmaması, vaxtında suvarılmaması, aqrotexniki qaydaya vaxtında əməl edilməməsi səbəb ola bilər. Beyləqan rayonunda soğan bitkisi sentyabr ayında başlayır, fevral ayına kimi davam edir. Fevral ayında səpilən soğan yazda göy soğan kimi yemək üçün səpilir. Lakin soğan məhsulu götürməkdən ötürü toxum payızda əkilir. Məhkəmə iclasına şahid qismində dəvət edilib dindirilən Azərbycan Respublikası KTN Beyləqan rayon X20 Mərkəzinin nümayəndəsi X9 izahatında göstərdi ki, iş materiallarında göründüyü kimi Bərdə rayon Tumaslı kənd sakinləri X10, X6, X8, İddiaçı2 və İddiaçı1 xx.xx.2023cü il tarixdə Bərdə DAİM-nə mərkəzə müraciət edərək soğan əkin sahələrinə baxş keçirilməsi üçün mütəxəssis tələb etmişlər. Həmin şəxslərin 4.0 ha soğan sahəsinə DAİM-in mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Tərtib olunmuş aktdan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, ərazidə əkilmiş soğan sahəsinə aqrotexniki qulluq göstərilməsinə baxmayaraq soğanda kök yumrları əmələ gəlməmişdir. Lakin mütəxəssilər tərəfindən bunun nədən baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Onlara müraciət etmiş şəxslərə dəqiq məlumat almaq üçün soğanlardan labaratoriyaya analiz vermələri məsləhət görülmüşdür. Lakin analizin verilməsi təmin edilməmişdir. Ona görə də, soğanda kök yumrularının əmələ gəlməməsi səbəblərinin toxumdan baş verməsini demək mümkün deyildir. Digər tərəfdən işdə olan sənədlərdən görünür ki, səpilən toxumlar normal bitiş vermişdir. Soğanın kök yumurları bağlamamasına səbəb aqrotexniki qulluğun vaxtında göstərilməməsi də ola bilər. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyətinin Alpoud İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X11, Bərdə rayon Qarayusifli bələdiyyəsinin sədri X16, Tumaslı kənd sakini X10, Tumaslı kənd sakini X8, Tumaslı kənd sakini İddiaçı2, Tumaslı kənd sakini X6, Tumaslı kənd sakini İddiaçı1, Tumaslı kənd sakini, kənd təsərrüfatı mütəxəssisi X12 və Tumaslı kənd sakini kənd təsərrüfatı mütəxəssisi X5 tərəfindən tərtib edilmiş 21 may 2023-cü il tarixli aktdan görünür ki, Tumaslı kənd sakinləri X10, X8, İddiaçı2, X6 və İddiaçı1 ərazi icra nümayəndəliyinə və bələdiyyəyə müraciət edərək istifadəsində olan torpaq sahəsində soğan məhsulu əkmək üçün 2022-ci ilin avqust ayında Beyləqan rayonunun Sarısu kənd sakinləri Elşən və Orxan Rafiq oğlu qardaşlarıdan 4 hektar torpaq sahəsinə səpmək üçün 28 kq soğan toxumu almışlar. 2022-ci ilin soğan əkini dövründə həmin 28 kq soğan toxumunu 4 hektar yerə səpmişlər. 2023-cü ildə məhsul yığımı dövrü səpilən soğan məhsulundan məhsuldarlıq yox dərəcəsində olmuş soğan boya gedərək kök hissəsində məhsuldarlığı yox dərəcəsində olmuşdur. Bu barədə cavabdehdən X15 Orqanlarına məlumat verilmiş və bununla əlaqədar mütəxəssislər dəvət olunmuşdur və onlara saxta toxum verən Elşən və Orxan Rafiq oğlu qardaşlarına müraciət olunmuşdur ki, heç olmazsa soğanın becərilməsinə çəkilmiş 15.000 (on beş min) manat ziyanlığı ödəsinlər. Lakin müraciətləri nəticəsiz qalmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İHB-ini 07 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Bərdə rayonu Tumaslı kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsinə aqrotexniki qaydalara düzgün əməl edilərək çəkilən xərc 4700-5000 manat olmaqla, həmin toıpaq sahəsindən 300-350 sentner məhsul götürülə bilər. Hazırda soğanın bazarda satış qiyməti 40-50 qəpik arasında təklif olunur. İş materiallarına əlavə edilmiş Azərbycan Respublikası KTN Bərdə DAİM-in 08 may 2023-cü il tarixli məktubundan görünür ki, Tumaslı kəndinin müxtəlif ərazilərində sizin tərəfinizdən əkilmiş 4.0 ha (dörd) soğan sahəsinə DAİM-in mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, ərazidə əkilmiş soğan sahəsinə aqrotexniki qulluq göstərilməsinə baxmayaraq soğanda kök yumrları əmələ gəlməmişdir. Bunun nədən baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Daha dəqiq məlumat almaq üçün həmin soğanlardan labaratoriyaya analiz vermələri məsləhət görülmüşdür. Məhkəmə işdə olan sənədləri ətraflı araşdıraraq tərəflərin və şahidlərin ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar cavabdehlərdən soğan toxumu almış və həmin toxumarı mülkiyyətində olan torpaq sahəsində səpmişdir. Həmin toxumlar vaxtında normal bitiş versə də, sonradan soğanda kök yumrları əmələ gəlməmişdir. İddiaçılar bunun səbəbini toxumun keyfiyyətsiz olması ilə əlaqələndirmiş və hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədə isə iddiaçılar toxumun keyfiyyətsiz deyil cavabdehlərin onlara dedikləri “Naz” toxumu deyil, başqa toxum sort verdiklərini və eləcə də payızlıq toxum əvəzinə yazlıq toxum verdiklərini və soğanlarda kök yumurları əmələ gəlməməsinin onunla bağlı olduğunu göstərdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə görə salıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1129.1-ci maddəsinə görə malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Həmin Məcəllənin 1129.3-cü maddəsinə görə mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. Həmin Məcəllənin 1129.4-cü maddəsinə görə keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir Həmin Məcəllənin 1132-ci maddəsinə görə malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Məhkəmədə şahid qismində dindirilən mütəxəssislərin izahatlarından da göründüyü kimi cavabdehlər tərəfindən satılan soğan toxumu normal çıxış verdiyindən soğanlarda kök yumrularının əmələ gəlməməsinə səbəb müxtəlif hallar ola bilər. Bunlara torpağın vaxtında şumlanmaması, soğanın vaxtında əkilməməsi, aqrotexniki qulluğun vaxtında göstərilməməsi və sair ola bilər. Hazırkı iş üzrə cavabdehlər tərəfindən satılmış soğan toxumlarında kök yumrularının əmələ gəlməməsinin həmin soğan toxumları ilə bağlı olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçılar bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. Həmin soğan toxumlarında labaratoriya analiz verilməsi təklif olunsa da iddiaçılar tərəfindən buna əməl olunmamışdır. Halbu ki, şahid qismində dindirilən mütəxəssisin izahatı ilə də müəyyən edilmişdir ki, normal bitiş vermiş soğan toxumlarından da analiz verməklə soğanlarda kök yumurlarının əmələ gəlməməsinin səbəblərini müəyyən etmək mümkün olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiklərində onların cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Səttar oğlundan keyfiyyətsiz soğan toxumu satmaqla onlara vurduqları maddi ziyanın əvəzi olaraq 34240 manat pulun müştərək qaydada alınaraq onlara ödənilməsi tələbinə dair iddiaları əsasız olduğundan rədd edilməlidir. İddia rədd edildiyindən iddiaçıların dövlət rüsumu kimi ödədikləri 167 manat pul özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Səttar oğlundan keyfiyyətsiz soğan toxumu satmaqla onlara vurduqları maddi ziyanın əvəzi olaraq İddiaçı2 12855 manat, İddiaçı1 12855 manat olmaqla cəmi 25710 manat pulun müştərək qaydada alınaraq onlara ödənilməsi tələbinə dair iddiaları əsasız olduğundan rədd edilsin. İddia rədd edildiyindən iddiaçıların dövlət rüsumu kimi ödədikləri 167 (yüz altmış yeddi) manat pul özlərinə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1357/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1357/2023
26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver