Məhkəmə qərarları › İş №2(020)-1396/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1396/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1396/2025 12.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı X1 Cavabdeh qarşı “müqavilə öhdəliklərin pozulması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 (bundan sonra - iddiaçı) Cavabdeh 10.000 (on min) manat maddi zərərin və ödədiyi dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, eləcə də nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında tələb onunla əsaslandırılmışdır ki, 2024-cü ilin aprel ayında aralarında bağlanmış alqı-satqı müqaviləsinə görə o, Cavabdeh “TOYOTA PRİUS” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı, JTDKB20U77661484 nömrəli avtomobili 36 ay müddətinə verməyi, cavabdeh isə qeyd olunan müddət ərzində hər ay 600 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. O, üzərinə düşmüş öhdəliyi icra edərək avtomobili cavabdehə versə də, iddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən də o, avtomobili geri almış, lakin həmin vaxt cavabdeh tərəfindən avtomobilin texniki nasaz, təmirə ehtiyacı olan və ciddi istismar olunmuş vəziyyətdə olduğu ona bildirilməmişdir. Daha sonra məlum olmuşdur ki, avtomobilin müxtəlif texniki nasazlıqları mövcuddur və bu səbəbdən öz vəsaiti hesabına həmin nasazlıqların aradan qaldırılması üçün ümumilikdə, 2.000 (iki min) manat məbləğində xərc çəkməli olmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən avtomobildən əvvəlki dövrdə yol hərəkəti qaydalarının pozulması nəticəsində müxtəlif inzibati xətalara görə tətbiq olunmuş cərimə və dəbbə pulları yığılmışdır. Cavabdeh bu hərəkətlərilə ona ümumilikdə 10.000 (on min) manat maddi ziyana məruz qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 izahatında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan sənədlər: 14 aprel 2024-cü il tarixli “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”ndən görünür ki, 1-ci tərəf X4 2-ci tərəf Cavabdeh olmuş, həmin müqaviləyə əsasən “TOYOTA PRİUS” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı, JTDKB20U77661484 nömrəli avtomobilin satış qiyməti 21600 manat müəyyən edilmiş, alıcı 36 ay müddətinədək 14 aprel 2027-ci il tarixədək hər ay 600 manat birinci ayın ödəniş tarixi 30 aprel 2024-cü il tarixdən başlayaraq ödəməyi, satıcı isə müqavilə təsdiq olunduğu tarixdən nəqliyyat vasitəsini işlək vəziyyətdə alıcının istifadəsinə nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə ilə verməyi, alıcı isə avtomobili işlək və saz vəziyyətdə saxlamağı öz üzərinə götürür və bununla əlaqədar bütün xərcləri özü çəkir. Həmçinin avtomobil geri qaytarılarsa, nəqliyyat vasitəsini götürdüyü vəziyyətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Yol hərəkəti qaydalarını pozduğuna görə Cavabdeh barəsində EQ27853206 saylı inzibati xəta haqqında protokolla 50 manat, EQ27419477 saylı inzibati xəta haqqında protokolla 50 manat, İXP6746668 saylı inzibati xəta haqqında protokolla 50 manat və EQ/27419477 saylı inzibati xəta haqqında protokolla 50 manat cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Avtomobil ehtiyat hissələrinin əks olunduğu siyahlıdan görünür ki, üst yuxarı tərəfindən ** FB *** dövlət qeydiyyat nişanı yazılmış damalı vərəqin alt sağ hissəsində “camı: 2085” yazısı qeyd olunmuşdur. Riyaziyyat vərəqəsinin surətindən görünür ki, “radarlar 10 gün müddətində ödənəcək” yazısından sonra imza var və “1000 manatda müqavilə ilə ödəyəcəm” qeydindən sonra yenə də imza var. Vərəqin aşağı hissəsində isə “Bayram İsayev” yazılmışdır. Ağ “A4” formatında olan vərəqin surətindən görünür ki, ilkin ödəniş 600 manat, daha sonra “aprel 500 m, may 600 m, iyun 600m, iyul 300, sentyabr 400m, oktyabr 400 m, noyabr 600 m, dekabr 530 m, qaynavr 380 m, cəmin 4010 m” yazısı yazılmışdır. Əlavə edilmiş avtomobilin fotoşəkillərindən görünür ki, nəqliyyat vasitəsinin müxtəlif yerlərində zədə vardır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş inzibati tənbeh tədbirlərinə görə yol verilmiş bütün qanun pozuntularının və “TOYOTA PRİUS” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı, JTDKB20U77661484 nömrəli avtomobilə dəymiş ziyanın iş üzrə Cavabdeh tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Lakin, Cavabdeh tərəfindən avtomobil idarə edərək yol verdiyi yol hərəkəti haqqında qanunun tələblərinə pozmasına görə onun barəsində ümumilikdə 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunması və ödənilməməsi öz təsdiqini tapmışdır. Sözügedən müqavilənin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119-cu maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmənin gəldiyi nəticə: İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən nəqliyyat vasitəsi alıcıya təhvil verilmiş olsa da, iş materiallarında olan yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati tənbeh tətbiq etmə haqqında protokollardan görünür ki, satıcı eyni zamanda X8 və X9 adlı şəxslərə də hazırki iş üzrə Cavabdeh vermiş olduğu etibarnamə kimi istifadə etmək səlahiyyəti verən etibarnamə vermiş və avtomobilin iş materiallarında olan inzibati tənbeh tətbiq etmə haqqında protokollardan kim tərəfindən yol hərəkəti qaydalarının pozulması görünsə də, ona kimin istifadəsində olarkən zədə dəyməsinə dair iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Odur ki, hazırki iddia tələbi qismən təmin olunmalı və inzibati tənbeh tətbiq etmə haqqında protokollaına uyğun olaraq 200 manat məbləğində pul cavabdehdən alınıb, iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-in yuxarıda göstərilən, eləcə də 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 200 manat və ödənilmiş dövlət rüsumunun əvəsi kimi 30 manat pul alınıb iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar