Məhkəmə qərarları › İş №2(020)-1410/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1410/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1410/2024 15.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı X1 və onun nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində borc pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan xx.xx.2024-cü il tarixə kimi hissə hissə qaytarmaq şərti ilə 7000 manat pul almışdır. Cavabdeh Beyləqan rayon Eyvazalılar kənd Tam orta məktəbin direktoru işləyir. O, məktəb direktorunun etibarlı şəxs olacağını hesab edərək, onun ehtiyacı olan 7000 manatı vermişdir. Həmin vaxt cavabdehin həyat yoldaşı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin müxtəlif bəndləri ilə Şirvan Apelyasiya Məhkəməsində işi gedirdi. Cavabdeh ərinin dələduzluqla əldə etdiyi borclarını ödəyərək onun həbs olunmasının qarşısının alınması üçün borc gəzirmiş. Ondan aldığı borcla ərinin borclarını bağlamış və nəticədə əri zərəri ödədiyi üçün yüngül cəza almışdır və həbsdən buraxılmışdır. Cavabdehin əri dələduz olaraq dələduzluğa aid maddələrlə ittiham olunmasına baxmayaraq, cavabdehin həm qadın olması, həm də məktəb direktoru işləməsi onun dələduz olmayacağı barədə onda etibar yaratmışdır. Ona görə də xx.xx.2024-cü il tarixdə ona 7000 manat pulu vermişdir. Cavabdeh öz əlyazması ilə ona iltizam yazaraq 7000 manat borc aldığını və həmin borcun xx.xx.2024-cü il tarixədək hissə-hissə qaytaracağını bildirmiş və imzası ilə təsdiq etmişdir. Lakin söz verdiyi müddət başa çatmasına və onun dəfələrlə müraciət etməmə baxmayaraq cavabdeh aldığı pulu qaytarmamışdır. Müxtəlif bəhanələrlə pulumu qaytarmamışdır. Cavabdehin işlədiyi təhsil sisteminin rəhbər strukturlarına müraciət edərək, məktəb direktorunun nizam-intizama cəlb edilməsini və onun pulunun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Eyni zamanda Beyləqan rayon Polis şöbəsinə müraciət etmişdir. Buna baxmayaraq cavabdeh pulunu yenə də qaytarmamışdır. Həmin orqanlardan isə tövsiyə olunmuşdur ki, mülki məsələ olduğu üçün məhkəməyə müraciət etsin. Cavabdeh pulunu könüllü surətdə qaytarmaq fikrində deyildir. Ona görə də aldığı pulu məhkəmə qaydasında qaytarılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 və onun nümayəndəsi (vəkili) X6 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən əllə yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, “Məsuliyyətimi dərk edərək bildirirəm ki, mən Cavabdeh AZE № ******** X3 7000 (yeddi min) manat pul borcunu ödəyəcəm. Qeyd etmək istiyirəm ki, həmin borcun 5 (beş) ay müddətinə hissə-hissə olmaqla 02 iyul 2024-cü il tarixinədək tam ödəyəcəm. İltizamı özüm yazdım, heç bir əlavəm yoxdur məsuliyyətini dərk edirəm”. 028253 nömrəli vəsiqədən görünür ki, İddiaçı Azərbaycanın müdafiəsi zamanı xsaərət aldığına görə ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh xx.xx.2024-cü il tarixdə iltizam yazaraq 7000 manat məbləğində borcunu 5 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürsə də, cavabdeh həmin pulu vaxtında iddiaçıya qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7000 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsi 7000 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 90 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti iddiaçı X1 xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 90 (doxsan) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar