Məhkəmə qərarları › İş №2(020)-1429/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1429/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1429/2025 24.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər X7 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər X7 və Cavabdeh2 2022-ci ildən tanıyır. Qızına məxsus evdə işləmək üçün usta axtardığı zaman həmin şəxslərlə onu qohumu X6 tanış etmişdir. Bundan sonra cavabdehlər qızının Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində 1 il müddətində usta kimi işləmişlər. Onlar evdə işlədiyi üçün aralarında münasibət yaranmış və bu səbəbdən də o, ilk olaraq Cavabdeh2 onun etibarından istifadə edərək həyat yoldaşının cərrahi əməliyyat keçirəcəyini deyərək 1500 manat, bir müddət sonra isə qardaşı X7 qaynanasını cərrahi əməliyyat edəcəklərini bildirərək, 2000 manat pul istəmiş, o tərəddüd etsə də sonradan həyat yoldaşı X1 ilə həmin pulları vermişdir. Bundan başqa, cavabdehlər onun həyətindən 1 tona yaxın dəmir materiallarını oğurlamışlar. Bununla bağlı Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, laklin cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qeyd etmişdir ki, iddia ərizəsində səhv yazmış, yəni cavabdehlər ümumilikdə ondan 3500 manat pul almışlar və həmin puldan sonradan 250 manatını qaytarsalar da 3250 manatını qaytarmamışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçı qeyd olunanları nəzərə alaraq, 3250 manat məbləğində olan borca aid hissədə iddia tələbinin təmnin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X4 şahid qismində vermiş olduğu ifadəsində X7 və Cavabdeh2 qardaşlarının onun qızına məxsus evdə usta kimi işləmişlər. Bu müddət ərzində demək olar ki, hər iki qardaşla ev sakini kimi münasibətləri yaranmış və bu səbəbdən də onlar ayrı-ayrı vaxtlarda pul istədiklərində onun istəyinə uyğun olaraq qeyd olunan məbləğləri həyat yoldaşı onlara vermişdir. Lakin, pulu vermələrindən uzun müddət keçsə də onlar borc aldıqları pulları geri qaytarmamışlar. Cavabdehlərə məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM-in) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iddiaçının təqdim etdiyi, cavabdeh X7 ilə aralarında baş tutmuş “WhatsApp” ani mesajıma proqramı vasitəsilə həyata keçirilmiş yazışmaların şəklindən görünür ki, cavabdeh “Müsafir Alcioan” yazılmış mobil telefondan iddiaçıya məxsus mobil telefon nömrəsinə 01 sentyabr 2022-ci il tarixdə, saat 08:31-də “müəllim Nahidlə nə qalıb aranızda? De də zəhmət olmasa. Gedirəm onunla görüşüm pulu götürüb, gələcəm sizə.”, 2023-cü ilin yanvar ayında saat 08:27-də “sabahın xeyir müəllim, nətərsən, axşam gələcəm evdə olarsan yəqinki”, daha sonra “salam müəllim gözləyirəm karta atacaq, atan kimi ya gələcəm sizə, ya da ataram karta”, ardınca iddiaçı ona “görək bu hün də yalan danışacaqsan ya yox”, 27 yanvar 2023-cü il tarixdə, saat 20:20-də yenə iddiaçı “Salam Müsafir sən yenə yalan danışdın özündən küs”, həmin gün saat 22:08-də “Müsafir Alcioan” yazılmış mobil telefondan iddiaçının mobil telefon nömrəsinə “salam müəllim 2 gün bütöv verəcəm. Sağol” məzmununda mesajlar yazılmışdır. Bundan sonra onlar arasında icra edilmiş yazışmalarda iddiaçı dəfələrlə pulunun qaytarılmasını istəsə də cavabdeh atasının cərrahi əməliyyat keçirməsini deyərək pulu qaytarmamışdır. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısı olan “fleşkart”da yazılmış səs yazılarından görünür ki, cavabdeh məbləği qeyd etməsə də ümumilikdə borcunun olmasını etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-in 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının verdiyi iddia tələbinin əsaslılığı, yəni cavabdehin iddiaçıdan 2022-ci ildə 3500 manat məbləğində pulu alması “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə aparılmış yazışmalarla və “fleşkart”da yazılmış səs yazıları ilə tam sübut edilir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iddia ərizəsinə yazılı qaydada etiraz verməməklə, faktiki olaraq iddia tələbini mübahisələndirmədiyini də nəzərə alır. Halbuki, Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Beləliklə, iddaçı cavabdehlərlə şifahi qaydada bağlanmış borc müqaviləsi üzrə öhdəliklərini tam icra etməsi barədə sübutları məhkəməyə təqdim etsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq, iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər X7 və Cavabdeh2 müştərək qaydada 3250 (üç min iki yüz əlli) manat məbləğində pul alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar