Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1457/2024 04.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Yasamal Rayon Məhkəməsinin 02 fevral 2015-ci il tarixli hökmü ilə mülki iddiaçı, eyni zamanda hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını nəzərə alaraq, təqsirləndirilən şəxs X4 qanuni vərəsəsi X3 ona qarşı vurduqları 27.000 (iyirmi yeddi min) manat ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 171 manatın müştərək qaydada tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X9 24 aprel 2014-cü il tarixdə törətmiş olduğu qəza nəticəsində AR-sı Cinayət Məcəlləsinin 263.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 2 il müddətində nəqliyyat vasitəsinin idarə etmək hüququndan mərhum edilməklə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Qəzada ona və həyat yoldaşının sağlığına ciddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı 27.000 (iyirmi yeddi min) manat kimi qiymətləndirir. Məhkəmənin hökmü ilə zərərçəkmiş şəxslərə (mülki iddiaçılara), o cümlədən də ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir İddiaçı teleqramla məhkəməyə müraciət edərək, məhkəməı iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə qərarını içraçılara təqdim edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib,öz izahatında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi mərhum atası X10 tərəfindən törədilmiş və onun heç bir təqsiri yoxdur. Eyni zamanda atasından ona hər hansı bir miras əmlak qalmamışdır. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(004)-107/2015 saylı hökmündən görünür ki, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması nəzərdə tutulmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Həmin hökmdən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə saat 16:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mersedes-Benz E-220 CDİ» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Yeni Dairəvi yolda Sədərək Ticarət Mərkəzi tərəfdən üzü Yeni Yasamal istiqamətində hərəkət edərkən Yeni Yasamal qəsəbəsi istiqamətində sağ yolda avtomobil satışı mərkəzinin qarşısında olan avtomobil körpüsünün altında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi «Toyota Prado» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomaşının solundan keçmək istəyərkən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunan qanunun tələblərinə riayət etməyərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməmiş, yol hərəkəti qaydaların pozaraq ehtiyatsızlıqdan E.N.Şamilovun idarə etdiyi «Toyota Prado» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində avtomaşının sahibi E.N.Şamilova qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol gicgah-ənsə nahiyyəsində əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək, həmin avtomaşının zədələnməsi nəticəsində sahibi E.N.Şamilova 1062 manat maddi zərər vurmuş, eyni zamanda özünün idarə etdiyi «Mersedes Benz CDİ» markalı avtomaşında sərnişin olan X1 diz oynağında əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, bundan sonra «Toyota Prado» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmadığından idarəetməni itirərək İddiaçı idarə etdiyi «Opel Astra» markalı **-MD-*** qeydiyyat nişanlı atomaşının arxa sol hissəsi ilə toqquşması nəticəsində avtomaşının İddiaçı koma İİ tipində pozulma və kəskin beyin ödəmi ilə nəticələnən ağır qapalı kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilməsi, sağ təpə -ənsə nahiyyəsinin subduhematoması, subaraxnoidal qansızma və alın nahiyyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək,həmin avtomaşının zədələnməsi nəticəsində sahibi İddiaçı 2700 manat maddi ziyan vurmuş, eyni zamanda «Opel Astra» markalı **-MD-*** qeydiyyat nişanlı avtomaşında sərnişin olan X5 travmatik şok İİİ dərəcəli ilə fəsadlaşan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi , sol budun arxaya çıxığı, sirkə kasasının arxa kənarının qəlpəli və sol qamış sümüyünün qapalı yerdəyişən sınıqları, alt və üst dodağın, sağ yanağın əzilmiş -cırılmış yaraları və döş qəfəsinin əzilməsi ilə nəticələnən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra Opel Astra» markalı **-MD-*** qeydiyyat nişanlı avtomaşının sürücüsü İddiaçı hadisənin qarşısını almağa texniki imkanı olmadığı üçün idarəetməni itirərək idarə etdiyi avtomaşının qabaq sağ hissəsi ilə qarşıda hərəkətdə olan X6 etibarnamə əsasında idarə etdiyi X11 məxsus ağ rəngli «Hundai Azera» markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşaraq həmin avtomaşının zədələnməsi nəticəsində sahibi X11 6788 manat maddi zərər vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2015-ci il tarixli 1(103)-525/2015 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı və onun nümayəndəsi X8 apellyasiya şikayəti təmin olunmadan saxlanılmış və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2015-ci il tarixli hökmü ona cəza təyin etməyə dair müddəalar, ona cəza təyin etməməklə müddəası ilə əvəz edilməklə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2016-cı il tarixli 1(102)-731/2016 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X4 barəsində olan 23 dekabr 2015-ci il tarixli qərarının zərərçəkmiş İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidmətinin xx.xx.2016-cı il tarixli Arayışından görünür ki, İddiaçı ikinci dərəcəli əlildir və xəstəliyin diaqnozu -kəllədaxili travma.Ağır qapalı kəllə-beyin travması. Baş beynin əzilməsindən sonrakı vəziyyət. Sağ təpə-ənsə nahiyyəsinin subdural hematomasından sonrakı ensefalopatiya. Asteno-nevrotik sindrom. Dəqiqləşdirilməmiş ensefalopatiyaş Beyin ödemi. Digər beyindaxili qansızma. Travmatik subdural qansızma. Xarici səbəblərin digər və dəqiqləşdirilməmiş təsirinin nəticələri. Ağ ciyərin aspirasiyası. Traxeostomiyadan sonrakı vəziyyət. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin A.Heydərov adına Respublika Hospitalı 278 nömrəli xəstəlik tarixindən çıxarış Epikrizindən görünür ki, İddiaçı xx.xx.2016cı il tarixdən xx.xx.2016-cı il tarixədək qapalı kəllə beyin travmasından sonrakı astenonevrotik vəziyyət diaqnozu ilə müalicə almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin A.Heydərov adına Respublika Hospitalı 1379 nömrəli xəstəlik tarixindən çıxarış Epikrizindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək qapalı kəllə beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət diaqnozu ilə müalicə almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin A.Heydərov adına Respublika Hospitalı 6362 nömrəli xəstəlik tarixindən çıxarış Epikrizindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qapalı kəllə beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət, öd daşı xəstəliyi, şəkərli diabet tip 2, ağır diaqnozu ilə müalicə almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin A.Heydərov adına Respublika Hospitalı 1796 nömrəli xəstəlik tarixindən çıxarış Epikrizindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qapalı kəllə beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət, öd daşı xəstəliyi, şəkərli diabet tip 2, ağır diaqnozu ilə müalicə almışdır. Beyləqan rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 1124 nömrəli məktubundan görünür ki, notariat ofisində X4 adına vərəsəlik işi açılmamış və hər hansı şəxsə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına 171 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müvafiq məhkəmə hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurulmuşdur. Lakin daha sonra X10 ölmüşdür. Hal-hazırda iddiaçı X4 vərəsəsi hesab edərək Cavabdeh qarşı iddia qaldırmış, lakin bununla əlaqədar, yəni Cavabdeh mərhum X4 vərəsəsi olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da həmin fakt öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1457/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1457/2024
04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver