Məhkəmə qərarları › İş №2(020)-1458/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1458/2025

04.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1458/2025 04.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, İddiaçı və digər İddiaçı4 nümayəndəsi İddiaçı2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X16, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və X20 Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh) qarşı “torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair Azərbaycan Respublikası X24 Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********28 reyestr nömrəli “Çıxarışa” əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,98 ha kənd təsərrüfatlı təyindatlı torpaq sahəsindən cavabehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və onlar tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

İddiaçının əsaslandırması:

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azrəbaycan Respublikası “Torpaq İsalahatı haqqında” Qanununun tələblərinə uyğun olaraq torpaq islahatı keçirilərkən yaşadıqıları kənddə Beyləqan rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ona və ailə üzvlərinə 7.37 ha torpaq sahəsi verilmişdir. Uzun illər torpaq sahəsindən istifadə etsələr də, həmin sahənin ölçüsünün nə qədər olmasından məlumatları olmamışdır. Onların müraciətləri əsasında X24 Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ona bildirilmişdir ki, dövlət aktında göstərilən 7.37 ha torpaq sahəsinin 0.98 ha hissəsi çatışmadığından həmin hissənin əvəzinə çıxarışla başqa torpaq sahəsi veriləcəkdir. Qeyd olunan kimi 17 dekabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********28 reyestr nömrəli “Çıxarış” əsasında onlara əlavə olaraq 0.98 ha torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsi hazırki iş üzrə cavabdehlər olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunduğuna görə istifadə edə bilmirlər. Torpaq sahəsindən çıxması üçün Cavabdeh1 və Cavabdeh2 bir neçə dəfə xəbərdarlıq etsələr də onlar torpaq sahəsindən çıxmırlar. Bununla bağlı bir neçə dəfə şikayətlə müxtəlif dövlət orqanlarına şikayət etsələr də şikayətə baxılmamış və ona görə də məhkəməyə müraciət etmişlər.

Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Tərəflərin izahatları:

4. İddiaçılar İddiaçı1, İddiaçı3, iddiaçı və digər İddiaçı4 nümayəndəsi İddiaçı2 məhkəmə iclasında iştirak edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər.

5. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, iddianın əsassız olduğunu deyib, onun mübahisəli torpaq sahəsinə aid 1996-cı ildən dövlət aktının olduğunu qeyd edib iddianın təmin olunmamasını xahiş etmişdir.

6. Cavabdeh2 nümayəndəsi X16 məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, onların 252 nömrəli aktları vardır. Bundan əlavə 07 yanvar 2023-cü ildə torpağın çıxarışını almışlar. Həmin çıxarışla dövlət aktı üst-üstə düşür. Onlarda olan çıxarışa əsasən torpaq uzunluğu istiqamətində bölünməli olduğu halda eni istiqamətində bölünmüş və nəticədə belə bir vəziyyət yaranmışdır. İddiaçı tərəf isə həmin torpaq sahəsinə aid çıxarış alaraq onlara qarşı iddia qaldırmışdır. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və X20 Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, dövlət aktına uyğun çıxarışlar verilib. X2 verdiyi torpaq sahəsi əvvəlki lahiyələrdə qeyd olunub. Lahiyədə həmin ərzidən keçən yola görə 0.98 ha torpaq sahəsi çevrəyə düşməyib. Həmin kəm olan 0.98 ha hazırki torpaq sahəsinin tərkibində yox, rəydə qeyd olunan yerdə verilib və həmin 0.98 ha Cavabdeh2 istifadəsində olan torpaq sahəsinə düşüb. Yəni, Hazırda iddiaçılara çıxarış əsasında verilmiş 0.98 ha torpaq sahəsi cavabdehlərdən biri olan Cavabdeh2 istifadəsindədir və digər Cavabdeh1 istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Biz təşkilat olaraq rəyi də məhz bu formada vermişdik.

8. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

9. İş materiallarına əlavə olunmuş 25 oktyabr 2025-ci il tarixli, AZE******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxx 1990-cı il tarixdə Xocalı şəhərində anadan olmuşdur.

10. İş materiallarına əlavə olunmuş 18 fevral 2020-ci il tarixli, AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 25 aprel 1962-ci il tarixdə Xocalı şəhərində anadan olmuşdur.

11. İş materiallarına əlavə olunmuş 27 aprel 2023-cü il tarixli, AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx xxxxx 1988-ci il tarixdə Beyləqan rayonu, Türklər kəndində anadan olmuşdur.

12. İş materiallarına əlavə olunmuş AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 03 iyun 1988-ci il tarixdə Beyləqan rayonu, Türklər kəndində anadan olmuşdur.

13. İş materiallarına əlavə edilmiş 23 iyul 2023-cü il tarixli, 020563 nömrəli “Şəhid ailəsinin üzvünün vəsiqəsi”ndən görünür ki, İddiaçı2 şəhid ailəsidi.

14. İş materiallarına əlavə edilmiş 22 avqust 2025-ci il tarixli, AR-İ 769569 nömrəli etibarnamədən görünür ki, X11 Cavabdeh2 adından 22 avqust 2030-cu il tarixədək bütün prosessual hərəkətləri etmək hüququ vardır.

15. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X24 Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********28 reyestr nömrəli “Çıxarış”dan görünür ki, Beyləqan rayonu, Türklər qəsəbəsi ərazisindən İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 və X1 birgə mülkiyyətinə 0.98 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir.

16. İş materiallarına əlavə edilmiş Xocalı rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli, 5-51-1/32-528 nömrəli arayıçdan görünür ki, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Xamzayev X5 rayonunun, Aşağı Ağcakənd qəsəbəsində yaşayırlar. X7 26 fevral 1992-ci ildə və X8 23 mart 2011-ci ildə vəfat etmişlər.

17. İş materiallarına əlavə edilmiş 251 nömrəli, 60714035 kodlu Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 49 nömrəli Qərarı ilə Beyləqan rayonu, Türklər kənd sakinləri Cavabdeh1, X9, X3 və X10 cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.95 ha torpaq sahəsi verilmişdir. (Mülkiyyətə verilmiş torpaq sahəsinin plan cizgisi əlavə edilmişdir).

18. İş materiallarına əlavə edilmiş 252 nömrəli, 60714038 kodlu Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 49 nömrəli Qərarı ilə Beyləqan rayonu, Türklər kənd sakinləri X13, X4, X17, X18, X16, X19 və Qəhrəmanov Osmana cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 8.34 ha torpaq sahəsi verilmişdir. (Mülkiyyətə verilmiş torpaq sahəsinin plan cizgisi əlavə edilmişdir).

19. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən iddiaçıların ümumi birgə mülkiyyətinə 9**********28 reyestr nömrəli çıxarışla verilmiş 0.98 ha torpaq sahəsi naturada Cavabdeh2 tərəfindən istifadə edilir. İddiaçılara məxsus olan naturada cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 125.Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 5.1.-5.3. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 110. Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Maddə 111.1-111.3. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

23. Plenum qərarları: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinədüşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

26. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən iddiaçıların ümumi birgə mülkiyyətinə 9**********28 reyestr nömrəli çıxarışla verilmiş 0.98 ha torpaq sahəsi naturada Cavabdeh2 tərəfindən istifadə edilir. Qeyd olunan səbəbdən də Cavabdeh2 iddiaçılara məxsus mübahisəli ərazidən çıxarılmalıdır.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.1.20 maddələrinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.

NƏTİCƏ HİSSƏ:

28. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası X24 Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********28 reyestr nömrəli “Çıxarışa” əsasən iddiaçıların mülkiyyətində olan 0.9837 ha torpaq sahəsindən Cavabdeh2 çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar