Məhkəmə qərarları › İş №2(020)-1517/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1517/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1517/2024 31.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sədrəddin oğlunun nümayəndəsi Nümayəndə Musatafa qızının iştirakları ilə, İddiaçı Cavabdeh Sədrəddin oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Sədrəddin oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4259/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh Sədrəddin oğlundan hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində aliment tutularaq birgə nikahlarından olan 25 iyul 2020-ci il təvəllüdlü X1 və 18 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09 sentyabr 2020-cu ildə Cavabdeh Sədrəddin oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Nikahlarından iki övladları var. 25 iyul 2020-ci il təvəllüdlü X3 və 18 fevral 2022-ci il təvəllüdlü X4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5092/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi inkahın pozulması, birgə nikahlarından olan 25 iyul 2020-ci il təvəllüdlü X1 və 18 fevral 2022-ci il təvəllüdlü X2 onun yanında qalmalarının müəyyən olunması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabehdən hər ay hər uşağa 150 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediyasiyada MŞS/MT030/2023-00487 saylı barışıq sazişi ilə alimentin miqdarını azaldaraq uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 50 manat, ümumillikdə 100 manat ödənilməsinə razılığa gəlmişdilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4259/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. O, məhkəmə qətnaməsinə əsasən hazırda 100 manat aliment alır. Aldığı 100 manat məbləğində alimentlə övladlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günügündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-ci il respublikada uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Sədrəddin oğlunun nümayəndəsi Nümayəndə Musatafa qızı iddia tələbini qismən qəbul etdiklərini bildirərək, izahatında göstərmişdir ki, Elvin onun oğludur. Cavabdehin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, cavabdeh 2 aydır işə düzəlib və maaş almayıb. Ona görə də, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ seriyalı 482752 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Sədrəddin oğlu ilə İddiaçı arasında nikaha 12 oktyabr 2022-ci il tarixdə xitam verilmiş və bu barədə 05 iyul 2022-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 05 № ilə qeyd edilmişdir. AZ-İV seriyalı 481908 №-li və AZ-İV seriyalı 667041 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 25 iyul 2020-ci il təvəllüdlü X1 və 18 fevral 2022-ci il təvəllüdlü X2 atası Cavabdeh Sədrəddin oğlu, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4259/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi çərçivəsində Sumqayıt 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixində bağlanmış və şərtləri qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilmiş MŞS/MT030/2023-00487 saylı barışıq sazişi təsdiq edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsindən görünür ki, tərəflər arasında Sumqayıt şəhəri 1 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən, tərəflər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5092/2022 nömrəli məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən övladları xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat ödənilməli olan alimentin azaldılaraq, uşaqların yetkinlik yaşına kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50 (əlli) manat,ümumilikdə 100 (yüz) manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, Cavabdeh Sədrəddin oğlu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay iki uşağa görə cəmi 100 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, 25 iyul 2020-ci il təvəllüdlü X1 və 18 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat alimentin tutulması barədə xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-00487 saylı barışıq sazişinin təsdiq edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4259/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsi qəbul edildikdən, sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin himayəsində azyaşlı uşaqlarının olması, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Sədrəddin oğlundan hər ay hər uşaq üçün sabit pul məbləğində 170 mant, cəmi 340 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 48,8 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Sumqayıt Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 4259/2023 saylı qətnaməsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023- 00487 nömrəli barışıq sazişi əsasında Cavabdeh Sədrəddin oğlundan İddiaçı xeyrinə 25 iyul 2020-ci il təvəllüdlü X1 və 18 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı, 25 iyul 2020-ci il təvəllüdlü X1 və 18 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Sədrəddin oğlundan hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4259/2023 saylı qətnaməsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-00487 nömrəli barışıq sazişi əsasında Cavabdeh Sədrəddin oğlundan İddiaçı xeyrinə 25 iyul 2020-ci il təvəllüdlü X1 və 18 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 25 iyul 2020-ci il təvəllüdlü X1 və 18 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sədrəddin oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Sədrəddin oğlundan 48,8 (qırx səkkiz manat 80 qəpik) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar