Məhkəmə qərarları › İş №2(020)-1537/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1537/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1537/2025 08.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 30000 manat, mənəvi ziyana görə 5000 manat və dövlət rüsumu kimi ödədiyi 180 manat pulun alınıb ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə orta məktəbi bir sinifdə oxumuşdur. Onun həyat yoldaşı vəfat etdikdən sonra yaşadığı evi 177.000 (yüz yetmiş yeddi) manata satıb, 140.000 (yüz qırx min) manata başqa ev almışdır. Bütün bu proseslər isə cavabdehin iştirakı ilə icra edildiyinə görə o, bütün baş verənlərdən məlumatlı olmuşdur. Daha sonra cavabdeh ondan mənzilin satışından qalan pulları nə edəcəyi haqqında ondan soruşduqda ona bildirmişdir ki, qalan pulları banka depoizitə qoymaq qərarına gəlmişdir. Lakin, Cavabdeh pulu banka depozitə qoymağa imkan verməyib, ona avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu və kifayət qədər pul qazandığını deyərək qalan 30.000 (otuz min) manat pulu ona verəcəyi təqdirdə hər ay 1000 (bir min) manat ona qazanc verə biləcəyini, eyni zamanda pul lazım olacağı halda 30,000 manatı tam qaytaracağına söz vermişdir. Beləliklə, 22 sentyabr 2023-cü il tarixdə Cavabdeh 30.000 manat pul vermiş, sonuncu da bir neçə ay ona ardıcıl olaraq 1000 manat pul versə də, sonralar ödəniş etməkdən yayınmağa başlamışdır. Odur ki, o, 24 sentyabr 2024-cü il tarixdə Cavabdeh ona 30.000 manat məbləğində borcunun olması barədə yazılı iltizam almışdır. Cavabdeh ödəniş etməkdən yayındığına görə onun barəsində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə yazılı şikayət etsə də “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması ona izah edilmişdir. Bütün bunlar isə onun stres və həyəcan yaşamasına səbəb olmuşdur ki, bununla da ona mənəvi zərər dəymişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərədindən əl yazısı ilə yazılmış iltizamdan görünür ki, İddiaçı şəxsi biznes işi ilə əlaqədar olaraq 22 sentyabr 2023-cü il tarixdə 30.000 manat məbləğində pulu götürmüş, hər ay qanacından gəlirin 50 faizini, yəni 1000 manatını ona verəcəyini, qeyd olunan işi iki il ərzində yekunlaşdırıb, sonda 30.000 manat pulu tam şəkildə geri qaytaracağını bildirmişdir. - İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Ayaz Kərimov tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, cavabdeh araşdırma zamanı vermiş olduğu izahatında həqiqətən də İddiaçı 30.000 manat məbləğində pulu avtomobil alqı-satqısı məqsədilə almış, lakin sonradan hissə-hissə olmaqla təxminən 10000 manatını qaytarsa da qalan məıbləği qaytara bilməmişdir. - Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 180 manat rüsum ödənilmişdir. - İş materiallarına əlavə edilmiş “eManat” ödəniş sistemi vasitəsilə edilmiş elektron ödəniş qəbzlərindən görünür ki, cavabdeh 15 oktyabr 2023-cü il tarixdə 1000 manat, 16 noyabr 2023-cü il tarixdə 1000 manat, 24 dekabr 2023-cü il tarixdə 1000 manat, 20 yanvar 2024-cü il tarixdə 500 manat, 27 yanvar 2024-cü il tarixdə 500 manat, 29 fevral 2024-cü il tarixdə 400 manat, 17 mart 2024-cü il tarixdə 400 manat, 27 mart 2024-cü il tarixdə 400 manat, 11 aprel 2024-cü il tarixdə 100 manat, 15 aprel 2024-cü il tarixdə 200 manat, eyni tarixdə yenidən 300 manat, 21 aprel 2024-cü il tarixdə 400 manat, 06 may 2024-cü il tarixdə 400 manat, 14 may 2024-cü il tarixdə 500 manat, 23 may 2024-cü il tarixdə 500 manat, 19 iyun 2024-cü il tarixdə 200 manat, 01 iyul 2024-cü il tarixdə 400 manat, 18 iyul 2024-cü il tarixdə 100 manat, 17 avqust 2024-cü il tarixdə 450 manat və 20 avqust 2024cü il tarixdə 1000 manat olmaqla ümumilikdə 9750 (doqquz min yeddi yüz əlli) manat məbləğində ödənişlər etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehə 30.000 manat məbləğində pulu vermiş və cavabdeh həmin puldan 9750 manatını qaytarsa da 20250 manatını qaytarmamış və bununla da razılaşdıqları kimi, öz üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki iş üzrə tərəflər arasında borc münasibətləri yaranmış, məbləğ üç min manatdan çox olduğundan iddiaçı tərəfindən cavabdehə borc pulun verilməsi yazılı müqavilə ilə rəsmiləşdirilmiş, cavabdeh aldığı pulu müqavilədə qeyd edilən tarixdə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, indiyədək öhdəliyini icra etməmiş və nəticədə müqavilənin və qanunvericiliyin tələblərini pozmuşdur. Bunun da nəticəsində iddiaçı haqlı olaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 20.250 manat məbləğində pulun tutularaq iddiaçıya qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçıya vurulmuş 5.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərci kimi iddiaçı tərəfindən ödənilən 180 manat məbləğində dövlət rüsumunun əvəzi də iddia tələbi qismən təmin edildiyindən Cavabdeh yalnız 150.75 manat pul (dövlət rüsumu kimi) İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.250 (iyirmi min iki yüz əlli) manat məbləğində borc pul və ödənilmiş 150.75 (yüz əlli manat, 75 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20.250 (iyirmi min iki yüz əlli) manat məbləğində borc üzrə pul və ödənilmiş 150.75 (yüz əlli manat, 75 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar