Məhkəmə qərarları › İş №2(020)-154/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-154/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-154/2023 19.01.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 03 iyun 2012-ci ildə anadan olan Dilbər adlı uşağın saxlanması üçün ona ödənilən 60 (altmış) manat alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə birgə nikahlarından 03 iyun 2012-ci ildə Dilbər adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Beyləqan rayon məhkəməsinin 29 sentyabr 2015-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin tarixli qətnaməyə əsasən cavabdehdən 03 iyun 2012-ci ildə anadan olan Dilbər adlı uşağının saxlanması üçün onun xeyrinə hər ay 60 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Hazırda uşaq onun yanında yaşayır. Uşağını saxlamaqda çətinlik çəkir. Hazırki vəziyyətdə uşağını saxlamaq üçün cavabdehin ödədiyi aliment аzlıq təşkil edir. Belə ki, uşağın böyüməsi və məktəbə getməsi ilə bağlı onun gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə köməklik göstərmir. Halbu ki, cavabdeh fərdi işlərlə məşğuldur və qazancı yüksək olur. Ona görə də Beyləqan rayon məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 03 iyun 2012-ci ildə anadan olan Dilbər adlı uşağın saxlanması üçün ona ödənilən 60 (altmış) manat alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı ilə birgə nikahlarından 03 iyun 2012-ci ildə anadan olan Dilbər adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 29 sentyabr 2015-cı il tarixli qətnaməsi ilə ondan bir uşağın saxlanması üçüh hər ay iddiaçının xeyrinə 60 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət olunmuşdur. Hazırda o, başqa qadınla evlənmiş və üç uşağı vardır. O, çoban işləyir aylıq qazancı 200-300 manatdır və hər ay 60 manat alimenti çətinliklə ödəyir bilər. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan uşağın doğum haqqında şəhadətnaməsnin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 03 iyun 2012-ci ildə Dilbər adlı bir uşaqları аnadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 29 sentyabr 2015-cı il tarixli, 2(020)-729/2015 saylı qətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş və Cavabdeh 03 iyun 2012-ci ildə anadan olan Dilbər adlı bir uşağın saxlanması üçün hər ay 60 manat sabit pul məbləğində alimentin alınıb uşağın anası İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin ərazi dairəsi üzrə icra nümayəndəsinin 12 noyabr 2022-ci il tarixli 1182 saylı arayışından görünür ki, Salahova X1 rayon, Dünyamalılar kəndində yaşamaqla heç yerdə işləmir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 03 iyun 2012-ci ildə Dilbər adlı bir uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 29 sentyabr 2015-cı il tarixli, 2(020)-729/2015 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və Cavabdeh 03 iyun 2012-ci ildə anadan olmuş Dilbər adlı uşağın saxlanması üçün iddiaçının xeyrinə hər ay 60 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Hazırda uşaq iddiaçının yanında yaşayır. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment аzlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik fəhləliklə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Коnvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay 60 manat aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşağın mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşağın böyüməsi və məktəbə getməsi ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. İddiaçı ikinci əsas kimi cavabdehin fərdi işlərlə məşğul olması və qazancının yüksək olmasını göstərmişdir ki, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Əksinə cavabdeh hazırda gündəlik fərdi işlərlə məşğul olmaqla hər ay 200-300 manat qazancı olduğunu bildirmiş, başqa qadınla ailə qurmaqla həmin qadından 3 azyaşlı uşağının olmasına dair məhkəməyə sənəd təqdim etmişdir. Bütün bu halları, yəni uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 03 iyun 2012-ci ildə anadan olmuş Dilbər adlı uşağın saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği dəyişdirilərək hər ay 130 (yüz otuz ) manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 29 sentyabr 2015-cı il tarixli, 2(020)-729/2015 saylı qətnaməsinə əsasən Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 03 iyun 2012-ci ildə anadan olmuş Dilbər adlı uşağın saxlanması üçün Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan uşağın anası İddiaçınin xeyrinə qət edilən hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Аlimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh dövlət rüsumuna görə 35,60(otuz beş manat altmış qəpik) manat alınıb Аzərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar