Məhkəmə qərarları › İş №2(020)-1583/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1583/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1583/2025 03.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı etibarnamə ilə nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh qarşı 4100 (dörd min yüzı) manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06 yanvar 2025-ci il tarixdə xəstə olduğuna, təkbaşına gedib qayıtması çətin olacağına və həyat yoldaşı X3 isə vaxtı olmadığına görə sonuncunun xahişi ilə təqaüd kartının dəyişdirilməsi məqsədilə kürəkəni Cavabdeh ilə birlikdə banka getmişdir. Orada işçi bir xanım onlara əlavə olaraq kredit kartı götürə biləcəklərini təklif etdiyi zaman cavabdeh onun xəstə olmasından istifadə edərək bu təkliflə razılaşmış, ona imza etdirməklə bu kartı almışdır. Orada çıxdıqdan sonra isə ona evlərində bəzi təmir işlərinin görülməli olduğunu, lakin buna pulunun olmadığını deyərək, həmin kartı ondan almış və götürəcəyi məbləği özünün ödüyəcəyini bildirmişdir. Bundan sonra cavabdeh həmin kartdan 1800 manat pulu çıxarmış və aylıq ödənilməli olan məbləği isə ödəməmişdir. Belə olduğuna görə həmin məbləğ onun təqaüd kartından avtomatik olaraq tutulmağa başlamışdır. Hazırki vaxtadək Cavabdeh götürdüyü kredit borcuna görə təqaüd kartından ümumilikdə 1200 manat pul tutulmuşdur. Lakin, bundan sonra da tutulacaqları nəzərə alaraq, iddia tələbinin təmin olunması xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək, izahatında bildirmişdir ki, o, həmin kredit kartını qayınanasının razılığı əsasında götürmüş və yenə də onun razılığı əsasında istifadə edərək yaşadığı evlərində bəzi təmir işlərini həyata keçirmişdir. Kartdan ümumilikdə 1800 manat pulu çıxarmışdır. Lakin, hazırda maddi imkanı olmadığına görə həmin pulu ödüyə bilmir və borc qayınanasının təqaüd kartından çıxarılır. Hal-hazıradək qayınanası İddiaçı təqaüd kartında ümumilikdə 1200 manat pul çıxılmışdır. Yəni bu günə iddiaçıya 1200 manat borcu vardır. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin iddianı etiraf etməsini onda işin hallarının gizlədilməsi məqsədi ilə edilməsi, yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə dair şübhə aşkar etmədiyinə görə qəbul edir, bu səbəbdən yuxarıda göstərilən prosessual qanunvericilik normalarına uyğun olaraq, iddiaçının etibatnamə ilə nümayəndəsinin izahatı ilə yanaşı, cavabdehin iddian qismən etiraf etməsi əsasında cavabdehin iddiaçının adına kredit götürməsi və həmin krediti ödəmədiyi üçün bu günədək 1200 manat məbləğində pul borclu olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM): - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi iddiaçı tərəfindən tələb edildiyinə görə rüsum cavabdehə aid edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq, iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat məbləğində borc və 61 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar