Məhkəmə qərarları › İş №2(020)-1589/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1589/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1589/2024 22.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “X1” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4389,50 manat məbləğində əsas borc, 514,08 manat məbləğində faiz borcu və 40,94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4944,52 manat borcun və 69,45 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 22% ödəmək şərtilə 5437 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Lakin cavabdeh Müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" KB ASC-yə 4389,50 manat əsas, 514,08 manat faiz, 40,94 manat cərimə borcu olmaqla, cəmi 4944,52 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Bu səbəbdən iddiaçı tələbin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli 1258nkADJ/22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən borclu Cavabdeh 60 ay müddətinə, illik 22 % olmaq şərti ilə 5437 manat məbləğində kredit xətti açılmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1(bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsini gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Banka 4389,50 manat məbləğində əsas borc, 514,08 manat məbləğində faiz borcu və 40,94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4944,52 manat məbləğində borcu vardır. "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən məlum olur ki, bank, cavabdehə xx.xx.2024-cü il tarixə 4389,50 manat əsas, 344,39 manat faiz borcu və 16,22 manat cərimə olmaqla, cəmi 4750,11 manat məbləğində yaranmış borcun 3 iş günü ərzində ödənilməsini, aralarındakı bağlanan kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, hesab edirəm ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4389,50 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 514,08 manat məbləğində faiz məbləğinin və 40,94 manat məbləğində cərimə tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu (bildiriş) göndərərək cavabdehdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlirəm ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4389,50 manat əsas, 344,39 manat faiz borcu və 16,22 manat cərimə borcu olmaqla, cəmi 4750,11 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 69,45 manat məbləğində dövlət rüsumunun 67,5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 4389,50 (dörd min üç yüz səksən doqquz manat 50 qəpik) manat məbləğində əsas borc, 344,39 (üç yüz qırx dörd manat 39 qəpik) manat məbləğində faiz borcu və 16,22 (on altı manat 22 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4750,11 (dörd min yeddi yüz əlli manat 11 qəpik) manat məbləğində pul vəsaiti və 67,5 (altmış yetmiş manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “X1” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar