Məhkəmə qərarları › İş №2(020)-1625/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1625/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1625/2023 06.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Beyləqan rayon məhkəməsinin 05 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən 21 fevral 2009-cu il tarixdə anadan olmuş Sadiq adlı uşağın saxlanması üçün ona ödənilən 50 manat alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iddia ərizsəsində göstərmişdir ki, Cavabdeh ilə birgə nikahlarından 21 fevral 2009-cu ildə Sadiq adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən məhkəmə yolu ilə aralarında olan nikah pozulmuş. Beyləqan rayon məhkəməsinin 05 iyul 2013-ci il tarixli qətnaməsi ilə cavabdehdən 21 fevral 2009-cı il tarixdə anadan olmuş Sadiq adlı uşağının saxlanması üçün onun xeyrinə hər ay 50 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Hazırda uşaq onun yanında yaşayır. Uşağını saxlamaqda çətinlik çəkir. Hazırki vəziyyətdə uşağını saxlamaq üçün cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərci, maddi tələbatı get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə köməklik göstərmir. Ona görə də, Beyləqan rayon məhkəməsinin 05 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən 21 fevral 2009-cu il tarixdə anadan olmuş Sadiq adlı uşağın saxlanması üçün ona ödənilən 50 manat alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərzə göndərərək məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan Beyləqan rayon İHB-nın Örənqala kənd İƏDÜ nümayəndəsinin 16 oktyabr 2023-cü il tarixli 83 saylı arayışından görünür ki, Cavabdeh Beyləqan rayonu Örənqala qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda valideyinlərinin dediyinə görə xarici ölkədə yaşayır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan arayışdan görünür ki, Cavabdeh Beyləqan rayon Örənqala qəsəbəsində qeydiyyatdadır. İşdə olan Beyləqan rayon məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(020)-186/2023 qətnaməsinin surətindən görünür ki, cavadeh Cavabdeh 21 fevral 2009-cı il tarixdə anadan olmuş Sadiq adlı bir uşağın saxlanması üçün hər ay bir üçün 50 manat sabit pul məbləğində alimentin alınıb uşağın anası İddiaçı verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahlarından 21 fevral 2009-cı ildə Sadiq adlı bir uşaqları anadan olmuşdur. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 21 fevral 2009-cı ildə Sadiq adlı bir uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən Beyləqan rayon məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş və cavabdehdən 21 fevral 2009-cı il tarixdə anadan olmuş Sadiq adlı uşağın saxlanması üçün iddiaçının xeyrinə hər ay 50 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Hazırda uşaq iddiaçının yanında yaşayır. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay hər uşaq üçün 50 manat aliment uşağın təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşağın mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşağın böyüdükcə maddi tələbatı ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Bütün bu halları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 21 fevral 2009-cı ildə anadan olmuş Sadiq adlı uşağın saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği dəyişdirilərək bir uşaq üçün hər ay 180 manat məbləğində alimentin tutulması müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli, 2(020)-186/2013 saylı qətnaməsinə əsasən Cavabdeh 21 fevral 2009-cı ildə anadan olmuş Sadiqin saxlanması üçün uşağın anası İddiaçı xeyrinə qət edilən hər ay bir uşağa görə 50 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh dövlət rüsumuna görə 41,60 (qırx bir manat altmış qəpik) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar