Məhkəmə qərarları › İş №2(020)-1639/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1639/2025

08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1639/2025 08.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərə görə 12207 manat ziyanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 mart 2025-ci ildə Beyləqan rayon Şərq qəsəbə sakini X1 1500 ədəd yumurtadan təzə çıxmış cücə almışdır. 12 aprel 2025-ci ildə isə Ağcabədi rayon Sarıcalı kənd sakini X3 1000 ədəd yumurtadan təzə çıxmış cücə almışdır. Cücələri qapıda saxlamaq üçün lazimi şəraitə malikdir. Cücələri aldıqdan sonra mart ayının 8-də Beyləqan şəhərində baytarlıq apteki işlədən Cavabdeh yanına gəlmiş və onunla razılaşmışlar ki, o cücələrini vaxtlı-vaxtında lazımi dərmanlarla təmin edəcəkdir. O bildirdi ki, cücələrin sağlam böyüməsi üçün cücələrə yalnız onun verdiyi dərmanları o dediyi vaxt ver, eyni zamanda cücələri o dediyi yemlərlə bəslə. Dediyini tam şəkildə yerinə yetirsə cücələrində ölüm hadisəsi demək olar ki olmayacaqdır. Hər 1000 cücədən 900-950 ədədinin salamat qalacağına zəmanət vermişdir. Ancaq yalnız onun verdiyi dərmanlardan istifadə etməli idim. Onun dediyi kimi də etmişdir. Başqa heç bir həkimlə məsləhətləşmədən yalnız onun təlimatları ilə hərəkət etmişdir. Onun dediyi dərmanları və yemləri, onun dediyi vaxtda və miqdarda vermişdir. Cücələri yaxşı inkişaf edirdi. Lakin birdən-birə kütləvi surətdə qırılmağa başladı. O yenə dərmanlar verdi lakin heç bir xeyri olmadı, əksinə daha kütləvi surətdə cücələr məhv olmağa davam etmişdir. Artıq avqust ayının 15-nə kimi cücələrinin çox hissəsi məhv olmuşdur. Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi X2 Labarotoriyasını, Azərbaycan Qida Təhlükəsizliyi X4 Labaratoriyasını çağırmışdır. Onlar gəlib müayinə etmişlər. Bildirmişdilər ki, dərmanların təsirindən kütləvi zəhərlənmə baş vermişdir. Bu da cücələrin kütləvi qırılmasına səbəb olmuşdur. Onların araşdırması nəticəsində məlum olmuşdur ki, cücələrinin məhv olmasına səbəb cavabdehin verdiyi dərmanlar və məsləhətlər olmuşdur. Cavabdehin səhv dərmanlar verməsi nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gələnə kimi artıq kəsilməli çolpa vəziyyətinə gəlmiş 2500 cücədən 1518 ədədi ölmüşdür. Cücələrin alınmasına hər biri 0,85 manat olmaqla 2500 x 0,85 = 2125 manat vermişdir. Cavabdehdən 1430 manatlıq dərman almışdır. Cücələrin yemlənməsi üçün meşoğu 54,50 manat olmaqla 132 meşoq mayalanma yemi, meşoğu 41 manat olmaqla 96 meşok kənd-1 yemi, meşoğu 12,50 manat olmaqla 140 meşok qara un alınmasına, kilosu 0,40 manat olmaqla 8000 kq taxıl alınmasına, göy yonca alınmasına 470 manat 7194+3936+1750+3200+470=16550 manat xərc çəkmişdir. Beləliklə cücələrin alınması və saxlanması üçün 2125+1430+16550=20105 manat vəsait xərcləmişdir. 2500 cücədən yalnız Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müdaxiləsindən sonra 982 ədədi salamat qalmışdır. Yəni cücələrinin 60,72 % hissəsi ölmüşdür. Beləliklə cavabdehin səhv dərmanları nəticəsində ona 20105 manat x 60,72 %=12207 manat ziyan dəymişdir. Cavabdehin savadsızlığı və səriştəsizliyi nəticəsində bilərək və ya bilməyərək ona 12207 manat ziyan vurmuşdur. Mövcud qanunvericiliyə əsasən bilərək və ya bilməyərək vurulmuş ziyan ödənilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. Eləcə də Cavabdeh da xx.xx.2005-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. İddia ərizəsi ilə müəyyən edilir ki, iddiaçının 2500 ədəd cücənin saxlanılması ilə bağlı baytarlıq apteki işlədən Cavabdeh ona satmış olduğu dərmanlardan cücələrinin məhv olması ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Beləliklə də, müəyyən edilir ki, hal-hazırda tərəflər arasında sahibkarlıq fəaliyyətlərindən irəli gələn mübahisə yaranmışdır. Göründüyü kimi, hal-hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar