Məhkəmə qərarları › İş №2(020)-172/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-172/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-172/2024 01.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən 10 iyul 2012-ci ildə anadan olmuş Kamilə və 27 oktyabr 2013-cü ildə anadan olmuş Kamil adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan qazancının üçdə bir hissəsi miqdarında alimentin miqdarının artırılaraq hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə ailə münasibətlərinə daxil olaraq nikahlarını 2016-cı il tarixdə rəsmləşdirmişlər. Birgə nikahlarından 10 iyul 2012-ci ildə Kamilə və 27 oktyabr 2013-cü ildə Kamil adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Cavabdehlə ailə münasibətləri 2016-cı ildə tamamilə kəsilmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və hər uşağa 75 manat aliment kəsilmişdir. Beyləqan rayon məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay qazancının üçdə biri hissəsində aliment tutularaq 10 iyul 2012-ci ildə anadan olmuş Kamilə və 27 oktyabr 2013-cü ildə anadan olmuş Kamil adlı uşaqlarının saxlanılması üçün ona verilməsi qət edilmişdir. Bundan sonra hər uşağa görə onun əmək haqqından 300 manata yazın aliment tutulub ona verlmişdir. Cavabdeh əvvələr işləsədə hazırda heç bir yerdə işləmir. Hazırda cavabdeh ona lazımı qaydada aliment ödəmir. Ona görə də, Beyləqan rayon məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən 10 iyul 2012ci ildə anadan olmuş Kamilə və 27 oktyabr 2013-cü ildə anadan olmuş Kamil adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan qazancının üçdə bir hissəsi miqdarında alimentin miqdarının artırılaraq hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Daxil olmuş sənədlərdən görünür ki, cavabdeh hazırda Almaniyada yaşayır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə cavabdehin qeydiyyatda olduğu axırıncı yaşayış yeri üzrə nümayəndəliyin onun hazırda ərazidə yaşamaması barədə məlumatı məhkəməyə daxil olduğundan məhkəmə hazırda cavabdehin iştirakı olmadan işə baxılmasını əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10 iyul 2012-ci ildə Kamilə və 27 oktyabr 2013-cü ildə Kamil adlı iki uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş və hər uşağa 75 manat aliment qət olunmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Beyləqan rayonun Kəbirli kəndində yaşayan Cavabdeh Beyləqan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 10 iyul 2012-cı ildə anadan olan Kamilə və 27 oktyabr 2013-cü ildə anadan olan Kamil adlı uşaqların saxlanması üçün Beyləqan rayonunun Kəbirli (əndində qeydiyyatda olan və yaşayan uşaqların anası X1 ödənilən hər ay lər uşaq üçün 75 (yetmiş beş) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay cavabdehin əmək haqqısının üçdə bir hissəsi miqdarında müəyyən edilməklə artırılmışdlr. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 10 iyul 2012-ci ildə Kamilə və 27 oktyabr 2013-cü ildə Kamil adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. Tərəflərin ailə münasibətləri 2016-cı ildə tamamilə kəsilmişdir. Beyləqan rayon məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və hər uşağa 75 manat aliment qət olunmuşdur. Beyləqan rayon məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay qazancının üçdə biri hissəsində alimentin miqdarının dəyişdirilərək hər ay cavabdehin qazancının 1/3 hissəsi miqdarında müəyyən edilməklə artırılmışdır. Hazırdaisə cavbdeh işdən çıxmış, Almaniyada yaşayır. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqlar böyüdükcə onun gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyüməsi və məktəbə getmələri ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. İddiaçı ikinci əsas kimi cavabdehin maddi imkanın yaxşı olduğunu göstərmişdir ki, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin rəsmi iş yeri və qazancı barədə məlumatlar müəyyən edilməmişdir. Bütün bu halları, yəni uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Beyləqan rayon məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən 10 iyul 2012ci ildə anadan olmuş Kamilə və 27 oktyabr 2013-cü ildə anadan olmuş Kamil adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan qazancının üçdə bir hissəsi miqdarında alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən 10 iyul 2012-ci ildə anadan olmuş Kamilə və 27 oktyabr 2013-cü ildə anadan olmuş Kamil adlı uşaqların saxlanması üçün Cavabdeh tutulan qazancının üçdə bir hissəsi miqdarında alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaqlar yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 72.80 (yetmiş iki manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar