Məhkəmə qərarları › İş №2(020)-1743/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1743/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1743/2023 18.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pulun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 18 iyul 2019-cu ildə ondan 1.000 (bir min) manat borc pul istəmişdir. Həmin vaxt o Cavabdeh 1.000 manat borc pul vermişdir. Cavabdeh ondan 1.000 manat borc alması barədə öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 1.000 manat borc pulu 18 oktyabr 2019-cu il tarixinə kimi qaytaracaqdır. Bundan sonra Cavabdeh aldığı 1.000 manat borcundan 2022-ci ilin aprel ayında 100 manatını qaytarmış və 900 manat borclu qalmışdır. Xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh borclu qaldığı 900 manat pulu dəfələrlə ona geri qaytaracağına dair söz versə də, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Məcburiyyət qarşısında qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh 900 manat məbləğində borcun və ödənilmiş 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş poçt xəbərnamlərindən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə göndərilən məhkəmə bildirişlərinə dair məktubları Cavabdeh şəxsən qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Məmmədov X1 rayon Milabad qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh 18 iyul 2019-cu il tarixdə 1000 (min) manatı 18 oktyabr 2019-cu il tarixə qaytarmaq şərti ilə İddiaçı borc pul almışdır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 900 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 18 iyul 2019-cu il tarixdə 1000 (min) manat almış həmin puldan 100 manat qaytarmış qalan 900 manat pulu qaytarmamışdır. Həmin borc pulun verilməsini təsdiq edən cavabdeh tərəfindən verilən qəbz iş materiallarına əlavə edilmişdir. Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıya olan borcunu ödəməmiş onun borca görə verdiyi sənəd iddiaçıda qalmışdır. Cavabdeh tərəfindən borca görə verilən sənədin iddiaçıda qalması da cavabdeh tərəfindən borcun ödənilməməsini sübutdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 31 manat Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh borca görə 900 (doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar