Məhkəmə qərarları › İş №2(020)-1748/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1748/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1748/2023 20.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Beyləqan rayon məhkəməsinin 04 fevral 2019-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu ildə anadan olmuş Ayan və xx.xx.2012-ci ildə anadan olmuş Telman adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona ödənilən hər ay hər uşağa görə 130 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 500 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə ailə quraraq nikahlarını 03 fevral 2011-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2010-cu ildə Ayan və xx.xx.2012-ci ildə isə Telman adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Cavabdehlə ailə münasibətləri faktiki olaraq pozulduğundan ayrılmışıq. Beyləqan rayon məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay hər uşağa görə 130 manat , cəmi 260 manat məbləğində aliment tutularaq uşaqlarımın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. Hazırki vəziyyətdə uşaqlarını saxlamaq üçün cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqlar böyüdükcə onun gündəlik xərci, maddi tələbatı get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün heç bir əlavə köməklik göstərmir. Ona görə də, Beyləqan rayon məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu ildə anadan olmuş Ayan və xx.xx.2012-ci ildə anadan olmuş Telman adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona ödənilən hər ay hər uşağa görə 130 manat alimentin miqdarının artırılaraq hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(020)-212/2019 qətnaməsinin surətindən görünür ki, cavadeh Cavabdeh xx.xx.2010-cu ildə anadan olmuş Ayan və xx.xx.2012-ci ildə anadan olmuş Telman adlı iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb uşaqlarən anası İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(020)- 1135/2022 qətnaməsinin surətindən görünür ki, cavadeh Cavabdeh xx.xx.2010-cu ildə anadan olmuş Ayan və xx.xx.2012-ci ildə anadan olmuş Telman adlı iki uşağın saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin alınıb uşaqlarən anası İddiaçı verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə Ayan və xx.xx.2012-ci ildə Telman adlı iki uşaqları anadan olmuşdur. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2010-cu ildə Ayan və xx.xx.2012-ci ildə Telman adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Beyləqan rayon məhkəməsinin qətnaməsi cavabdehdən xx.xx.2010-cu ildə anadan olmuş Ayan və xx.xx.2012-ci ildə anadan olmuş Telman adlı uşaqların saxlanması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Hazırda uşaqlar iddiaçının yanında yaşayır. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqlar böyüdükcə onların gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay hər uşaq üçün 130 manat aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyüdükcə maddi tələbatı ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas Bütün bu halları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu ildə anadan olmuş Ayan və xx.xx.2012-ci ildə anadan olmuş Telman adlı uşaqların saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 50 manat və cavabdehin qazancından 1/3 hissə tutulması müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Beyləqan rayon məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli, 2(020)-1135/2023 saylı qətnaməsinə əsasən Beyləqan rayon, Beyləqan rayon, Bünyadlı kəndində yaşayan Cavabdeh xx.xx.2010-cu ildə anadan olan Ayan və xx.xx.2012-ci ildə anadan olan Telman adlı uşaqların saxlanması üçün Beyləqan rayonu, Bünyadlı kəndində yaşayan uşaqların anası İddiaçı xeyrinə qət edilən hər ay cavabdehn qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 50 manat və cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh dövlət rüsumuna görə 63(altmış üç) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar