Məhkəmə qərarları › İş №2(020)-1791/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1791/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1791/2024 15.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Beyləqan rayonu, Təzəkənd kəndi üzrə X1 icraçı direktoru Cavabdeh onun hərəkətləri nəticəsində xüsusi mülkiyyətlərində olan 12 hektar torpaq sahəsində əkilmiş 2-3 illik yonca bitkisinin 4-cü ot biçini mövsümü üzrə onlara dəymiş 2928 (iki min doqquz yüz iyirmi səkkiz) manat maddi ziyanın və mütəxəssis rəyinin alınması üçün ödədikləri 225(iki yüz iyirmi beş) manatın alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1, 50.2 və 50.3cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçılar iddia ərizəsini tərtib edərkən, mülki prosessual qanunvericiliyin tələblərini pozmuşlar. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçılar ümumi birgə mülkiyyətlərində deyil, ayrı-ayrılıqda onların mülkiyyətində olan torpaq sahələrinə su verilmədiyi üçün əkin sahələrinin məhv edilməsi nəticəsində onlara dəymiş ziyanı tələb edirlər. Lakin iddia tələbində iddiaçılar ümumilikdə 2928 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edərək, iddia tələbini konkret ( yəni ayrıayrılıqda onlara dəymiş ziyanı) ifadə etməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, hər bir iddiaçı cavabdehə qarşı öz tələblərini və tələblərinin əsası kimi istinad etdiyi fakt və halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Eyni zamanda iddiaçılar iddia tələbində Təzəkənd kəndi üzrə X1 icraçı direktoru Cavabdeh onlara dəymiş ziyanı tələb etmişlər. Görünüdüyü kimi, Cavabdeh birliyin icraçı direktoru kimi iddia tələbi irəli sürülmüşdür ki, lakin belə olan halda cavabdeh qismində Təzəkənd kəndi üzrə X2 cəlb edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçılara göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar