Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-180/2025 01.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3.800 (üç min səkkiz yüz) manat məbləğində borc pulun və ödədiyi 61 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, əvvəllər yaxşı münasibətdə olduğu N saylı hərbi hissədə qulluq edən Cavabdeh xx.xx.2020-ci il tarixdə ondan 4.000 (dörd min) manat məbləğində borc pul almışdır. Cavabdeh borca götürdüyü 4.000 manat borc pulu 2020-ci ilin avqust ayına kimi geri qaytaracağına dair söz vermiş və bu barədə ona yazılı qəbz vermişdir. O, cavabdehi yaxından tanıdığından və ona etibar etdiyindən həmin 4.000 manat pulu ona borc kimi vermişdir. Lakin cavabdeh həmin pulu öhdəlik götürdüyü vaxta kimi geri qaytaracağına dair dəfələrlə söz versə də müxtəlif bəhanələr gətirərək bu günə kimi borcundan 2023-cü ilin sentyabr ayında yalnız 200 manat pul qaytarmışdır. Qalan 3.800 manatı geri qaytarmaqdan müxtəlif yollarla boyun qaçırmışdır. O, cavabdehə borcunu ödəməsi üçün rəsmi qaydada pretenziya məktubu göndərsə də, cavabdeh onun pretenziyalarına heç bir əhəmiyyət verməmişdir. Cavabdeh əvvəllər telefonuna cavab versə də sonradan cavab belə verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 3.800 (üç min səkkiz yüz) manat məbləğində borc pulun və ödədiyi 61 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən məhkəmə bildirişləri cavabdehin ailə üzvləri tərəfindən xəbərnaməyə imza edilməklə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1985-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 2020-ci ildə ehtiyacı olduğundan tanışı İddiaçı 4000 manat borc pul almış, aldığı borcu 2020-ci ilin avqust ayında geri qaytaracağına söz vermiş və iltizamı imzası ilə təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.2-ci maddəsinə görə əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Məhkəmədə müəyyən edildi ki, cavabdeh borcu qaytarmamış, onun borca dair verdiyi iltizam iddiaçıdadır və məhkəməyə təqdim etmişdir. Hazırda borca dair iltizamın iddiaçıda olması cavabdehin borcu qaytarmamasına sübutdur. İş materiallarına əlavə edilmiş cavabdehə ünvanlanan pretnziyadan görünür ki, borcun ödənilməsi ilə bağlı cavbdehə pretenziya göndərilmiş, lakin cavabdehbildirişə əməl etməmiş və iddiaçıya olan borcu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər sübuta yetdiyindən Cavabdeh borca görə 3800 (üç min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 61(altmış bir) manat alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 3800 (üç min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 61(altmış bir) manat alınıb İddiaçı verilsin. Qiyabi qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Beyləqan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz nurullayev
Məhkəmə qərarları › İş №2(020)-180/2025
Beyləqan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(020)-180/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver