Məhkəmə qərarları › İş №2(020)-1820/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1820/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1820/2023 22.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 6000 manat əsas, 1800 manat cərimə ümumilikdə 7800 manat borcun və 98 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "İphone 13Pro " markalı mobil telefon, İpad, Xiaomi mobil telefon və aksesuarlara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 500 manat olmaqla cəmi 6000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, heç bir ödəniş etməyib və 6000 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, Cavabdeh xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə yaranmış 6000 manat əsas 1800 manat cərimə ümumilikdə 7800 manat borcun və 98 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlətr. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyinə görə məhkəmə onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 6000 manat (12 ay x 500 manat) "İphone 13Pro " markalı mobil telefon, İpad, Xiaomi mobil telefon və aksesuarlara ümumilikdə 7800 manat olmaqla ondan, 6000 manat ödənilməmiş hissə, 1800 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçrilməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu mənada məhkəmə hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1800 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 200 manat saxlanmasını daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respubaliksı MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir Cavabdehnun iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 6000 manat əsas, 200 manat cərimə, cəmi 6200 manat borcun və 82 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli və dövlət rüsumu üzrə ödənilmiş 16 manat isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 6000 manat əsas, 200 manat cərimə, cəmi 6200 (altı min iki yüz) manat məbləğində borc və ödənilmiş 82 (səksən iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı "xxxx" MMC–yə ödənilsin. Ödənilmiş 16 (on altı) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar