Azərbaycan Respublikası adından Qətnamə Beyləqan rayon İş № 2(020)-1846/2025 04.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSI Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 1800 (min səkkiz yüz) manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Mirvari Diş” klinikasına müraciət etmişdir. Orada özünü həkim kimi təqdim edən cavabdeh Cavabdeh 1900 manat pul müqabilində dişlərini müalicə edəcəyi demiş və aralarında olan razılaşmaya görə o, ilkin olaraq terminal vasitəsi ilə cavabdehin ona vermiş olduğu bank kartına 500 manat, daha sonra 4 ay ərzində hər ay 150 manat olmaqla, əla və olaraq 600 manat ödəniş etmişdir. Sonradan cavabdeh həmin diş kabinetini bağlayaraq başqa ünvana köçdüyü üçün 2-3 ay işləməmişdir. Bundan sonra cavabdehin yanına gedən zaman ona, qardaşının mətbəx mebel ustası olduğunu bildirmişdir. Onun bu sözlərindən sonra cavabdeh 700 manat məbləğində mebeli sifariş etmiş və həmin məbləği ondan almayaraq, qardaşı ilə əvəzləşməyi təklif etmiş, o da razılaşmışdır. Bu razılaşmadan sonra qardaşı ilə birlikdə cavabdehin mənzilinə mətbəx mebeli quraşdırmışlar. Bir müddətdən sonra cavabdeh diş kabinetini bağlayıb, fəaliyyətini dayandırmışdır. Ödənişləri etməsinə baxmayaraq, cavabdeh dişini müalicə və təmir etməmişdir. Sonradan məcburiyyət qarşısında qalaraq Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə rəsmi şikayət ərizəsi ilə müraciət etmiş, lakin cinayət işinin başlanıılması rədd edilmişdir. Məhz bundan sonra o, məhkəməyə müraciət etməli olmuşdur.
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatları:
4. İddiaçı məhkəmə iclasında izahat və ərizə verərək cavabdeh tərəfindən qalıq qalmış 1800 manat puldan 500 manatını ödədiyini və hazırda 1300 manat borcunun qaldığını deyərək, iddia tələbinin qismən, yəni 1300 manat hissəsinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, o, özü dişinin müalicəsi üçün cavabdehə 1100 manat və sifariş vermiş olduğu mebelə görə də qardaşına cavabdehin ödəməli olduğu, lakin ödəmədiyi 700 manat pulu ödəmişdir.
5. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Lakin, əvvəlki məhkəmə proseslərində iştirak etmiş cavabdeh iddiaçı tərəfindən ona dişlərinin düzəldilməsi məqsədilə 1200-1500 civarında pulun verildiyini, səhhəti ilə bağlı Türkiyə Respublikasına gedib orada 3- 4 ay qalması səbəbindən işini görüb başa çatdıra bilmədiyini, geri qayıtdığı zaman isə işlədiyi yeri bağladığını və eyni zamanda iddiaçının qardaşı tərəfindən onun diş kabineti üçün düzəldilmiş mebelin pulunu da ödəyə bilmədiyinə görə həmin pulun da hazırda iddiaçı tərəfindən hesablandığını bildirmişdir.
ƏSASLANDIRICI HİSSƏ:
Faktiki hallar və sübutlar:
6. İş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, tələb mülki xarakterli olduğuna görə mülki qaydada məhkəməyə müraciət olunması qeyd olunmuşdur.
7. İş materiallarına əlavə edilmiş iddiaçı İddiaçı tərəfindən yazılmış ## ###### 2026-cı il tarixli ərizədən görünür ki, cavabdeh Cavabdeh atası iş məhkəmənin icraatında olduğu müddətdə borcundan 500 manatdə ödəmiş və ümumilikdə iddiaçıya 1300 manat borcu qalmışdır.
8. İş materiallarına əlavə edilmiş ## ####### 2025-ci il tarixli, ***** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 38 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
11. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
12. Belə ki, cavabdeh iddiaçının xeyrinə tibbi xidmət göstərməsi üçün aldığı pulu işi görmədiyinə görə geri qaytarmaq vəzifəsinin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq, o, öz öhdəliyini yerinə yetirməmişdir.
13. Odur ki, iddiaçı aralarında olan razılaşmanın şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia qismən təmin edilərək, 1300 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğuna və iddiaçı da dövlət rüsumu kimi ödənilmiş pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb etdiyinə görə ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmasına aid hissəyə uyğun olaraq 33 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
NƏTİCƏ HİSSƏ:
15. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 1300 (min üç yüz) manat məbləğində borc və 33 (otuz üç) manat məbləğində dövlət rüsumu üzrə pul iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Səbuhi Səfərov