Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1881/2025 09.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18.100 manat pulun və dövlət rüsumu kimi ödədiyi 145 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, 2023- 2024-cü illərdə qohumu olan Cavabdeh ondan borca pul istəmişdir. Onun qızının əri şəhiddir və qızı saxlamaq üçün şəhid pulunu ona vermişdir. Cavabdehə inanıb etibar etdiyindən bir necə dəfə olmaqla cavabdehə 18.300 manat borca pul vermişdir. Cavabdeh həmin puldan 200 manatını qaytarmış, qalan 18.100 manatını isə indiyə kimi ona qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh yalan vədlər verərək onu aldatmışdır. Cavabdehə inandığından pulu almasına dair cavabdehdən qəbz almamışdır. Cavabdehlə aralarında telefon danışığı olmuş, danışıqda cavabdeh ona borclu olduğunu etiraf etmiş, lakin danışqda məbləğ qeyd edilməmişdir. Cavabdeh ondan 300 manat alıb 200 manat qaytarırdı. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 18.100 manat pulun və dövlət rüsumu kimi ödədiyi 145 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən məhkəmə bildiriləri cavabdehin ailə üzvləri tərəfindən xəbərnaməyə imza edilməklə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı Müseyib oğlu işə qiyabi icraat qaydasında baxılmasına dair məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında telefon danışıqları qeydə alınmışdiskə baxış keçirilərkən iddiaçı cavabdehdən borc verdiyi pulu tələb edir. Cavabdeh də pulu hissə-hissə qaytaracağına söz verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Adı çəkilən Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Lakin tərəflər arasında belə bir müqavilənin bağlanması müəyyən edilməmişdir. Ona görə də məhkəmə hazırkı tələbə əsassız varlanma kimi qiymət verilməsini əsaslıhesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetdiyindən və cavabdeh tərəfindən iddiaya qarşı etiraz verilmədiyindən Cavabdeh 18.100 manat və ödənilmiş dövlət rüsumuna görə 145 manat alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 18.100 (on səkkiz min yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 145 (yüz qırx beş) manat alınıb İddiaçı verilsin. Qiyabi qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Beyləqan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1881/2025
Beyləqan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(020)-1881/2025
09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver