Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1894/2025 18.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 9000 (doqquz min) manat və dövlət rüsumu kimi ödənilmiş 110 manat pulun alınıb ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Kürdşaban kəndində yaşayır. 2022-ci ildə maşın almaq qərarına gəlmiş və bu məqsədlə avtomobil alışı və satışı ilə məşğul olan şəxsləri soraq etməyə başlamışdır. Yaxın dostu onu uzun illər bu sahədə təcrübəsi olan Cavabdeh ilə tanış etdi. Cavabdehlə söhbət edərək təxminən 10.000 (on min) manat dəyərində maşın almaq istədiyini, bu işdə ona yardımçı olmasını xahiş etmişdir. Bundan sonra cavabdeh onu 3-cü şəxs İlham Niftəlievin mülkiyyətində olan BMW markalı, **-TM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin fotoşəkillərini görsədərək, 9000 (doqquz min) manat qarşılığında almağına köməklik göstərə biləcəyini bildirmişdir. Təqdim edilən nəqliyyat vasitəsini büdcəsinə uyğun olduğu üçün bəyənmiş və mülkiyyətində olan Vaz 21074 markalı, **-OL-*** qeydiyyat nişanlı avtomobili satdıqdan sonra BMW markalı, **-TM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini ala biləcəyini bildirmişdir. Cavabdeh ona təklif etmişdir ki, alacağı nəqliyyat vasitəsinin dəyərinin 5000 manatı müqabilində mülkiyyətində olan Vaz 21074 markalı, **-OL-*** qeydiyyat nişanlı avtomobili ona versin, qalan 4000 manatını isə nağd şəkildə ona ödəsin. Cavabdehin təklifi ilə razılaşaraq BMW markalı, **-TM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri olan 9000 manatın 5000 manat hissəsi kimi öz mülkiyyətində olan Vaz 21074 markalı, **-OL-*** qeydiyyat nişanlı avtomobili, qalan 4000 manat hissəsini isə nağd şəkildə vermişdir. Bundan sonra üçüncü şəxs tərəfidən ona aldığı BMW markalı, **-TM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüququmu təsdiq edən 1 il müddətinə baş etibarnamə verilmişdir. Xidməti işi ilə əlaqədar olaraq etibarnamənin qüvvədə olduğu müddət ərzində BMW markalı, **-TM- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini adına rəsmiləşdirə bilməmişdir. Etibarnamənin müdğəti bitrdikdən sonra Cavabdeh müraciət edərək yenidən etibarnamə verilməsini xahiş etmişdir. Cavabdeh buna etiraz etməsə də, lakin üçüncü şəxs İlham Niftəliyev ona etibarnamə etməkdən imtina etmişdir. Dəfələrlə İsa Əlizadə ilə və İlham Niftəliyevlə görüşərək aldığım BMW markalı, **-TM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair etibarnmənin verilməsini tələb etsəm də, üçüncü şəxs etibarnamə verməyəcəyini yaranan problemi Cavabdeh ilə həli etməyini bildirmişdir
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
4. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə cavabdeh və 3-cü şəxsə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə ümumiyyətlə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh və 3-cü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
6. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarına əlavə edilmiş AD 583650 nömrəli “Nəqliyyat vasitələrinin qeydiyyat Şəhadətnaməsi”nin surətindən görünür ki, “BMW 535” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir.
8. İş materiallarına əlavə edilmiş 21 fevral 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Ürfan Kamil oğluna “BMW 535” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyəti ilə vermişdir.
9. İş materiallarına əlavə edilmiş 25 fevral 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 Ürfan Kamil oğluna “BMW 535” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız idarə etmək səlahiyyəti ilə vermişdir.
10. İş materiallarına əlavə edilmiş 13 oktyabr 2025-ci il tarixli, 12437 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 110 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iş üzrə cavabdeh aldığı pulun qarşılığında avtomobilin iddiaçının mülkiyyətinə keçirilməsinə dair öhdəliyini icra etməmiş, nəticədə qanunvericiliyin tələblərini pozmuşdur. Bunun da nəticəsində iddiaçı haqlı olaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir.
14. Odur ki, iddiaçı aralarında olan razılaşmanın şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia təmin edilərək, 9000 manat borc və 110 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ödəmiş olduğu dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi tam təmin olunduğuna görə 110 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır.
NƏTİCƏ HİSSƏ:
16. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 9000 manat məbləğində borc və 110 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Səbuhi Səfərov