Məhkəmə qərarları › İş №2(020)-1917/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1917/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1917/2025 06.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 (iyirmi beş min) manat əsas pulun, 5000 (beş min) manat məbləğində mənəvi ziyanın və ödənilmiş 165 (yüz altmış beş) manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Beyləqan rayonunda 1 nömrəli orta məktəbi bir sinifdə oxumuşlar. 2024-cü ilin yanvar ayında Cavabdehla sinif yoldaşı Zəminə Paşayevanın qaynanasının yasında görüşmüşdülər. Bir qədər söhbətdən sonra Elnur ondan nə işlə məşğul olduğunu soruşmuşdur. O, hazırda heç bir işlə məşğul olmadığını bildirmişdir. Həmçinin, ipoteka yolu ilə ev aldığını və həmin evin kreditini ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Bu zaman, Elnur ona maşın alveri ilə məşğul olduğunu və yaxşı qazanc əldə etdiyini söyləmişdir. Cavabdeh söbhət əsnasında bildirdi ki, bir neçə nəfərdən, o cümlədən sinif yoldaşı Zəminə Paşayevadan 30.000 manat pul götürüb və hər ay ona 1000 qazanc verir. Cavabdeh ona təklif etdi ki, 20.000 manat məbləğində pul ver o, biznesini genişləndirib, hər ay 700-800 manat qazanc verəcəkdir. Onun evi ipotekada olduğu üçün və hər ay 500 manat ödədiyi üçün ona 500 manat kifayət edər deyə ona bildirmişdir. Odur ki, o, Cavabdeh inanıb xx.xx.2024-cü il tarixdə “Elmlər Metrosu”nun yaxınlığında ona 20.000 manat məbləğində pul vermişdir. Daha sonra, yəni 2024-cü ilin may ayının 15-də əlavə olaraq Cavabdeh kart hesabına 5000 manat məbləğində pul göndərmişdir. Həmin 5000 manat məbləğində pulun 15 günə qaytaracağına söz vermişdir. Lakin, 15 gün tamam olsa da, Cavabdeh 5000 manat məbləğində pulu qaytarmamışır. Daha sonra, yəni iyun ayından etibarən o, Cavabdeh verdiyi 25.000 manat məbləğində pulun geri qaytarılmasını tələb etmişdir. Lakin o, müxtəlif bəhanələr gətirərək bu günə qədər ona verdiyi pulları geri qaytarmaqdan yayınmışdır. Bundan sonra məlum oldu ki, Cavabdeh Xırdalan qəsəbəsində ipoteka yolu ilə həyat yoldaşının adına mənzil almışdır. Cavabdeh verdiyi 25.000 manat məbləğində pulun geri qaytarılmasını dəfələrlə tələb etsə də, o, pulun geri qaytarılmasından müxtəlif bəhanələrlə yayınmağa cəhd etmişdir. Baxmayaraq ki, pulun qaytarılması üçün dəfələrlə ona müraciət etmiş, lakin görülən işlər müsbət nəticə verməmişdir. Odur ki, şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal RPİ-nə müraciət etmək qərarına gəlmişdir. Yasamal RPİ-nin müstəntiqi müəyyən araşdırmalar apardıqdan sonra, müraciəti əsasında toplanmış materialı ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami RPİ-nə göndərmişdir. Həmin material Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 icraatına daxil olmuşdur. Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 tərəfindən cinayət işinin başlamasının rədd edilməsi haqqında 13 oktyabr 2025-ci il tarixdə qərar qəbul edilmiş, mübahisə ilə əlaqədar Azərbaycan Respublikası MPM- nin 4cü maddəsinə əsasən həmin Məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada mülki iddia qaldırmaq hüququ izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İŞ-nin 13 oktyabr 2025-ci tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarrından görünür ki Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 218 nömrəli bağ evində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Cavabdeh adlı tanışının bizneslə məşğul olacaqları və bununla da gəlir əldə edəcəklərinə dair yalan vəd verərək 20000 manat pulunun ələ keçirilməsi ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin Qərarda qeyd edilən Cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi izahatla müəyyən edilmişdir ki, İddiaçı İsrafil qızı onun sinif yoldaşı olmuşdur. 2023-cü ilin oktyabr ayında onlar bir yas mərasimində görüşmüş və görüş zamanı Mətanət ondan nə işlə məşğul olduğunu soruşmuşdur. O, Mətanətə maşın alveri ilə məşğul olduğunu bildirmişdir. Mətanət 20000 manat qarşılığında nə qədər gəlir əldə edə biləcəyini soruşmuş o isə hər ay 500-700 manat civarında qazanc əldə edə biləcəyini demişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Mətanət ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Onlar görüşüb bir kafedə bu işlə bağlı danışmışlar və Mətanət bankda 20000 manat pulu olduğunu və pulu çıxarıb ona verməsini və qarşılığında hər ay 500-700 manat arası ona pul verməyi təklif etmişdir. O bu təkliflə razılaşmış və səhəri gün həmin yerdə görüşmüşlər və Mətanət 20000 manat pulu ona vermişdir. O Mətanətin də tanıdığı, özünün isə dostu (şəriki) olan Şirinov Samir adlı şəxsə bu məbləği təqdim etmişdir. Samir də onun markasını bilmədiyi bir maşın almışdır. Fevral ayında Samir ona 500 manat pul vermiş, o da həmin pulu Mətanətə çatdırmışdır. Daha sonra Samir ona pul verməmişdir. O, öz qazancından Mətanətə 3 ay ardıcıl olaraq hər ay 500 manat olmaqla, ümumilikdə 1500 manat pul vermişdir. Samir adlı şəxs bundan sonra ona heç bir ödəniş qaytarmamışdır. Aprel ayında Samir Mətanətdən üzərində 500-600 manat qazanc qaytarılmaq şərtilə əlavə 5000 manat almağı ondan istəmişdir. O zəng edib Mətanətdən bu məbləği istəmiş Mətanət də razılaşmış və onun kart hesabına 5000 manat göndərmişdir. O da həmin pulu Samirə vermişdir. Həmin gündən etibarən Samir ona heç bir ödəniş etməmiş və bu səbəbdən o da Mətanətin pullarını geri qaytara bilməmişdir. O özünün də zərərçəkən olduğunu bildirmişdir.”. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin yanvar ayında 20.000 (iyirmi min) manat və 15 may 2025-ci il tarixdə isə 5000(beş min) manat məbləğində pul vəsaiti verilmiş və həmin pul vəsaitinin 2000 manat məbləği cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 25.000 manat məbləğində əsas pulun tutulması hissəsində qismən təmin edilməli və Cavabdeh 23.000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “5000 manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun 159 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 159 (yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar