Məhkəmə qərarları › İş №2(020)-200/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-200/2024

12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-200/2024 12.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi zamanı "Mersedes-Benz E-240" minik markalı, **- CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh yol nəqliyyat hadisəsi zamanı ona məxsus "Mersedes-Benz E-240" minik markalı, 90- CO-252 dövlət qeydiyat nömrə nişanlı avtomobilə, Cavabdeh İsmayil oğlu tərəfindən törətdiyi qəza nəticəsində ona dəymiş ziyana görə hesablanmış məbləğ 5283 (beş min iki yüz həşdad üc) manat, hüquqi yardım almaq ücün vəkilə 200 (iki yüz) manat, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair rusuma 51 (əlli bir) manat, ziyan aktı rüsumu 106 (yüz altı) manat, dəymiş zərərin ödənilməsinə dair iddia ərizəsi rüsumu 101 (yüz bir) manat, taksi xidmətinə görə hər gün üçün 20 (iyirmi) manat olmaqla, 31 günə qədər 620(altı yüz iyirmi) manat hesablanaraq cəmi 6361 (altı min üç yüz atmış bir) manat ziyan məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə məhkəmə tərəfindən təyin olunmuş əmtəəşünaslıq ekspertizasının rəyində Cavabdeh İsmail oğlu tərəfindən “Mersedes Benz E-240” minik markalı **-CO-*** qeydiyyat nömrə nişanlı avtomobilə təmir-bərpa xərci 4653.00 manat ziyan vurulması müəyyən edilmişdir. Ekspertin hesabladığı 4653.00 manat məbləğ onun avtomobilinə vurulmuş ziyanı qarşılamadığından ekspert tərəfindən Avtoservis müəssəsinin təmir səviyyəsindən aslı olaraq avtomobil əmtəə dəyərin 10% itirilməsi qeyd etmişdir. Cavabdeh İsmail oğlundan yol nəqliyyat hadisəsi zamanı avtomobilə vururulan ziyana görə, yəni Sərxan avtomotoservisə ödənilən ziyan aktı rüsumu 106.00 manat, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair 51.00 manat rüsumun, dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsini verilməsi üçün ödənilən 101.00 manat rüsumun, əmtəəşünas ekspertizasının hesabladığı 4653.00 manat, taksi xidmətinə görə 10 ay üçün hesablanmış 1000.00 manat, avtomobilin 15.500 manat itirilmiş 10% əmtəə dəyəri 1550.00 manat, cəmi 7461.00 manat məbləğində ziyanın alınaraq iddiaçı X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının iddia tələbinin həcminin artırılmasına əsaslar məhkəmə ekspertiza rəyindən sonra məhkəmə baxışı gedişində müəyyən olunduğundan məhkəmə iddia tələbinin artırılmasına dair iddiaçının tələbini əsaslı hesab edir. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində mülkiyyətçisi anası İddiaçı olan etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobili Beyləqan şəhəri, Sevil Qaziyeva küçəsində yolun hərəkət istiqamətinin sağında saxlayıb dayanan zaman qəflətən “Ford Kuqa” markalı, O 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun idarə etdiyi “Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobili arxa hissəsindən vuraraq yararsız vəziyyətə salmışdır. Bundan sonra hadisə yerinə Beyləqan rayon PŞ-nin DYP Bölməsinin əməkdaşları gələrək hadisə yerinin sxemini və hadisənin baş vermə səbəblərini araşdırmış və araşdırmalar zamanı məlum olmuşdur ki, “Ford Kuqa" markalı,O 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Beyləqan rayonu Əlinəzərli kənd sakini Cavabdehdur. Həmçinin polis əməkdaşları tərəfindən hər ikisi sərxoşluq vəziyyətinin yoxlanılması üçün Beyləqan rayon Mərkəzi xəstəxanasında müayinə olunarkən Ford Kuqa" markalı, O 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuş və bu barədə Beyləqan rayon Mərkəzi xəstəxanası tərəfindən "İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə" 06 noyabr 2023-cü il tarixli 679 saylı protokol tərtib olunmuşdur. Bundan sonra idarə etdiyi "Mersedes-Benz E- 240" minik markalı, **- CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün "Sərxan" Avtomotoservis firmasına müraciət etmişdir. "Sərxan" Avtomotoservisin 11 noyabr 2023-cü il tarixli, 108 nömrəli yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş ziyan aktına əsasən yol nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan (etibarnamə ilə) ona məxsus "Mersedes-Benz E-240" markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 5283 (beş min iki yüz səksən üç) manat qiymətləndirilmişdir. Dəfələrlə tələb etsə də, cavabdeh ziyanı ödəməkdən yayınmışdır. İş üzrə alınmış ekspert rəyində Cavabdeh İsmail oğlu tərəfindən Mersedes Bens markalı 90-CO- 252 qeydiyyat nömrə nişanlı avtomobilə təmir-bərpa xərci 4653.00 manat ziyan vurulması müəyyən edilmişdir. Ekspertin hesabladığı 4653.00 manat məbləğ avtomobilinə vurulmuş ziyanı qarşılamır. Əlavə olaraq ekspert tərəfindən avtoservis müəssəsinin təmir səviyyəsindən aslı olaraq avtomobil əmtəə dəyərin 10% itirilməsi qeyd edilmişdir. Hadisəyə qədər avtomobili Vüqar adlı şəxsə 19.500 manata satılması razılaşdırılmışdır. Lakin avtomobil vurulduğuna görə sata bilməmiş, avtomobilin qiyməti aşağı düşmüşdür. Avtomobili təmir etdirərkən ehtiyat hissələrini müxtəlif yerlərdən almış və 10 ay ərzində taksilərə 1.000 manat pul xərcləmişdir. Ona görə də, Cavabdeh İsmail oğlundan yol nəqliyyat hadisəsi zamanı avtomobilə vururulan ziyana görə, yəni Sərxan avtomotoservisə ödənilən ziyan aktı üçün ödənilmiş 106.00 manat rüsumun, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ödənilən 51.00 manat rüsumun, dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsini verilməsi üçün ödənilən 101.00 manat rüsumun, Əmtəəşünas Ekspertizasının hesabladığı 4653.00 manat, taksi xidmətinə görə 10 ay ücün hesablanmış 1000.00 manat, avtomobilin 15.500 manat itirilmiş 10% əmtəə dəyəri 1550.00 manat, cəmi 7461.00 manat məbləğində pulun alınaraq iddiaçı X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh İsmail oğlu iddianı qismən qəbul etdi və izahatında göstərdi ki,o, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford" markalı, 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsində hərəkətdə olan zaman yolun hərəkət istiqamətinin sağında dayanmış vəziyyətdə olan, Nümayəndə etibarnamə əsasında idarə etdiyi "Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobillə toqquşdurmuşdur. Hadisə zamanı Nümayəndə idarə etdiyi "Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobilə ziyan dəymişdir. O, usta ilə avtomobilə baxış keçirmiş, usta avtomobilin 2500 manat xərcə ehtiyacı olduğunu demişdir. Lakin Elşən onlarla razılaşmamışdır. Elşən məhkəmə müddətində avtomobili təmir etdirmişdir. Avtomobil çox baha qiymətləndirilmişdir. Avtomobilin bazar qiyməti təxminən 10.000 manat olar. İş üzrə təyin edilmiş ekspertizanın rəyi ilə razı deyildir. Həmin avtomobilin təmiri üçün 2.000-2.500 manat xərc çəkilə bilər. Ona görə də, iddia üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində etibarnamə əsasında sərxoş vəziyyətdə idarə etdiyi “Ford” markalı, 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsində hərəkətdə olan zaman yolun hərəkət istiqamətinin sağında dayanmış vəziyyətdə olan, Nümayəndə etibarnamə əsasında idarə etdiyi “Mersedes- Benz E-240” minik markalı, 90-00-252 dövlət qeydiyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. İşdə olan “Sərxan" avtomotoservis və ticarəti firmasının 11 noyabr 2023-cü il tarixli, 108 nömrəli yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin müəyyən edilməsi üçün tərtib olunmuş Ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus (etibarnamə ilə) Nümayəndə məxsus olan “Mersedes-Benz E-240" markalı, 90-CO- 252 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 5.283 (beş min iki yüz səksən üç) manat olaraq qiymətləndirilir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə" 06 noyabr 2023-cü il tarixli 679 saylı protokoldan görünür ki, Cavabdeh hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(020)-956/2023 saylı qərarından görünür ki, Cavabdeh həmin hadisəyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş üzrə İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə vəsatəti əsasında məhkəmənin 28 fevral 2024cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/2331 saylı ekspertiza rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, SA №108 nömrəli “Sərxan” Avtomotoservisinin ziyan aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, 2000-ci il buraxılışlı, “Mercedes-Benz E-240” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4653.00 manat müəyyən edilir. Atomobilin avtoservis müəsisəsinin təmir səviyyəsindən aslı olaraq yəni təmir olunduqdan sonra əmtəə dəyərinin təxminən 5- 10% itirməsi istisna edilmir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh idarə etdiyi avtomobillə avtoqəza törədərək iddiaçıya məxsus avtomobili əzməklə iddiaçıya ziyan vurmuşdur. “Sərxan” Avtomotoservis tərəfindən iddiaçıya məxsus avtomobilə 5283 (beş min iki yüz səksən üç) manat ziyan dəyməsi göstərilsə də, iş üzrə təyin edilmiş ekspertizanın rəyi ilə həmin dəymiş ziyanın məbləği 4653,00 manat qiymətləndirilmişdir. Ona görə iddia həmin hissədə 4653,00 manat təmin edilməlidir. Həmçinin ekspertizanın rəyində avtoservis müəsisəsinin təmir səviyyəsindən aslı olaraq yəni təmir olunduqdan sonra əmtəə dəyərinin təxminən 5-10% itirməsi istisna olunmadığı göstərilmişdir. İş üzrə alınmış "xxxx" MMC-nin 12 sentyabr 2024-cü il tarixli ryəindən görünür ki, “Mercedes-Benz E-240” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keşirilmiş, avtoqəzadan sonra avtomobilin orta bazar qiyməti 15500 manat müəyyən edilir. İddiaçı iddiasında avtomobilin itirilmiş dəyərinin 10%-ni tələb etməsinə baxmayaraq ekspertizanın rəyində itirilmiş dəyər 5-10% arası qiymətləndirilmişdir. Ona görə də məhkəmə iddianı həmin hissədə avtomobilin təmir olunduqdan sonra əmtəə dəyərinin itirilməsini 7% hissəsinin, yəni 1085 manat, “Sərxan” Avtomotoservisə ödənilən ziyan aktını alınması üçün 106.00 manat məbləğində təmin edilməsini qanuna müvafiq hesab edir. Bundan əlavə iddiaçı hüquqi yardım almaq üçün ödədiyi 200 manat və avtomobili təmir etdirərkən istifadə etdiyi taksi xidmətinə görə 10 ay ücün 1000.00 manat pul tələb etsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Həmçinin məhkəməhesab edir ki, iddianın müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair 51.00 rüsum tələbi əsası deyildir, ona görə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv qiymət verərək iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş ziyana görə 4653.00 manat, avtomobilin təmir olunduqdan sonra əmtəə dəyərinin itirilməsinin 7% hissəsi 1085.00 manat, “Sərxan” Avtomotoservisə ziyan aktının alınması üçün ödənilən 106.00 manat, cəmi 5844.00 (beş min səkkiz yüz qırx dörd) manat, dövlət rüsumuna görə ödənilmiş 101 (bir yüz bir) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar