Məhkəmə qərarları › İş №2(020)-204/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-204/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-204/2025 28.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə Cavabdeh- Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürciət edərək Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5500 AZN əsas, 508,39 AZN faiz, 10 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6018,39 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 80,19 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1 -ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 27,60% olmaqla 5500 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1 -ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 25 oktyabr 2024, cümə tarixinə "xxxx" KB ASC-yə 5500 AZN əsas, 508,39 AZN faiz, 10 AZN cərimə olmaqla, cəmi 6018,39 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5500 AZN əsas, 508,39 AZN faiz, 10 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6018,39 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 80,19 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, "xxxx" KB ASC- yə xx.xx.2022-ci ildə kredit almaq üçün müraciət etmişdir. Ona 35 ay müddətinə, illik 27,60% olmaqla 5500 manat məbləğində kredit xətti açılmışdır. Əmək haqqı azaldığından kreditini ödəyə bilməmişdir. Hazırda onun banka borcu vardır. Borcunu gələcəkdə ödəyəcəyinə söz verir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1 -ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 27,60% olmaqla 5500 manat məbləğində kredit xətti açılmışdır Ümumi Ofertanın 16.1 və 19.1 -ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 25 oktyabr 2024, cümə tarixinə "xxxx" KB ASC-yə 5500 AZN əsas, 508,39 AZN faiz, 10 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6018,39 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” Həmin Məcəllənin 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əlyəddin oğlunun yaşadığı ünvana bildiriş göndərərək aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən üzərinizə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi banka xx.xx.2024-ci, il tarixinə 5500 AZN əsas, 383.05 AZN faiz, cərimə faizləri 0 AZN, 135.34 AZN cərimə, cəmi 6018.39 AZN borcunun yaranmasını, kredit müqaviləsi ilə üzərini götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablandığını, banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aramızda bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəklərini bildirmişlər. Məhkəmə hesab edir ki, cavabdehə göndərilən pretenziyada iddiaçı müqaviləyə xitam verməsini bəyan etmişdir. Həmin bildirişdə faiz borcu 383.05 manat göstərilmişdir. Ona görə də məhkəmə faiz borcunun 383,05 manat saxlanmasını daha məqsədə müvafiq hesab edir. Cavabdehin iddiaçı təşkilatdan kredit götürməsi və müqavilə şərtlərinə əməl etməməsi, bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, Cavabdeh 5500 manat əsas, 383,05 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 5893,05 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 80.19 manat məbləğində vəsaitin tutulub "xxxx" Kommersiya Bankı ASC xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5500 manat əsas, 383,05 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 5893,05 (beş min səkkiz yüz doxsan üç manat beş qəpik) manat kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 80.19 (səksən manat on doqquz qəpik) manat pul tutulub "xxxx" Kommersiya Bankı ASC xeyrinə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar