Məhkəmə qərarları › İş №2(020)-210/2025

Beyləqan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(020)-210/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-210/2025 08.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon, Tatalılar kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1985-ci il tarixdə anadan olan Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və 50 (əlli) man ödədiyi dövlət rüsumunun, cəmi 3050 (üç min əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə əvvəlcədən tanışlığı olmuşdur. Rahim xx.xx.2020-ci ildə evinə gələrək oğlunun xəstə olduğunu bildirərək vacib borca pul lazım olduğunu demişdir. O, Rahimi tanıdığından Rahimə 5000 manat borc pul vermişdir. Rahim ondan pul alarkən qəbz vermiş və qəbzi imzası ilə təsdiq etmişdir. Cavabdeh ondan pulu üç aya qaytarmaq şərtilə almışdır. Cavabdeh üç aya qaytarmalı olduğu 5000 manat puldan ona cəmi 2000 manat qaytarmış, yerdə qalan 3000 manat pulu isə dəfələrlə tələb etsə də indiyə kimi cavabdehdən ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan telefonqramadan görünür ki, Cavabdeh istifadəsində olan 070 490-58-45 telefon nömrəsi ilə əlaqə saxlanılmış, cavabdehə məhkəmə iclasının vaxtı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh oğlu xx.xx.1985-ci ildə anadan olmuş, Beyləqan rayonunun Tatalılar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh ehtiyacı olduğundan İddiaçı 5000 manat borc pul almış, aldığı borcu 3 aya geri qaytaracağına söz vermiş və qəbzi imzası ilə təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Adı çəkilən Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.2-ci maddəsinə görə əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Məhkəmədə müəyyən edildi ki, cavabdeh alıdığı borcdan 2000 manatını qaytarmış, qalan 3000 manatı isə qaytarmamışdır. Cavabdehin borca dair verdiyi sənəd iddiaçıdadır və məhkəməyə təqdim etmişdir. Hazırda borca dair sənəd iddiaçıda olması cavabdehin borcu qaytarmamasına sübutdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər sübuta yetdiyindən Cavabdeh borca görə 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 216- 220, 227-233-1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat alınıb İddiaçı verilsin. Qiyabi qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Beyləqan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar