Məhkəmə qərarları › İş №2(020)-211/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-211/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-211/2025 03.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş 700 (yeddi yüz) manat maddi ziyanın, mütəxəssis rəyinin alınması üçün ödədiyi 65 (altmış beş) manatın və ödədiyi 31 (otuz bir) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, yaşadığı Beyləqan rayonu Dünyamalılar kəndində ona məxsus kənd təsərüffatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********36 olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 171 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən 2.37 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********35 olan və qeydiyyat tarixi xx.xx.2024-cii il olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 186 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən 1.1065 hektardır. Həmin torpaq sahələrində mal-qarasının tələbatını ödəmək üçün yonca əkmişdir. Cavabdeh qanunsuz olaraq sözügedən yonca sahəsinin 2.5 hektarına öz xırdabuynuzlu heyvanlarını salaraq otarmışdır. Bununla bağlı olaraq DAİM-in Beyləqan rayon şöbəsinə müraciət etmişdir. DAİM-in nümayəndələri xx.xx.2024-cü il tarixdə ona məxsus olan yonca sahəsinə baxış keçirirək yonca sahəsinin otarılması faktının şahidi olaraq bu barədə akt tərtib etmişlər. Cavabdeh qanunsuz olaraq sözügedən yonca sahəsinin 2.5 hektarını otarmaqla ona 700 (yeddi yüz) manat məbləğində maddi ziyan da vurmuşdur. Hazırda da öz qanunsuz əməllərinə davam edir. O, torpaq sahəsini yonca biktikisi əkilmiş halda almışdır. Həmin yerdən 600-700 kip ot götürmüşdür. Cavabdeh onun payız yerini otarmışdır. Payızlıq yerinin cavabdeh tərəfindən otarılmasını gözü ilə görməmişdir. Lakin cavabdehdən başqa onun yerini heç kim otarmır. Cavabdehin torpaq sahəsi ilə onun torpaq sahəsi qonşuluqda yerləşir. Aqronom baxıb akt tətib etmişdir. O, cavabdehdən dəfələrlə bu hərəkətlərinə son qoymağı xahiş etsə də cavabdeh təkrar olaraq öz qanunsuz hərəkətlərinə davam edir. Bu barədə o, kənd inzibati ərazi nümayəndəliyinə, yerli bələdiyyəyə müraciət etmiş, lakin onun müraciətləri heç bir nəticə verməmişdir. O, da məcbur qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh ona dəymiş 700 (yeddi yüz) manat maddi ziyanın, mütəxəssis rəyinin alınması üçün ödədiyi 65 (altmış beş) manatın və ödədiyi 31 (otuz bir) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, iddiaçının torpaq sahəsini otarmamışdır. Yer yararsız yerdir və suvarılmamışdır. O, qoyunlarını tok çoban vasitəsi ilə otarır. Həmin yeri 3-4 ay otarmalıdır ki, yerə iddiaçının göstərdiyi qədər ziyan vurmuş olsun. Əksinə onun yerinə Elçin su buraxmışdır. Nəticədə ona xeyli ziyan dəymişdir. İddiaçının torpaq sahəsi onun torpaq sahəsinin qonşuluğunda yerləşir. Bir dəfə heyvanları iddiaçının yerinin 5 metrliyinə girmiş, o, da dərhal qoyunları sahədən çıxarmışdır. Akt tərtib edildiyi vaxt payız vaxtı olduğundan yerdə yonca olmamışdır. Çünki yonca həmin müddətə qədər biçilir, torpaq sahəsindən yalnız mal-qara otarılması üçün istifadə edilir. Həmin vaxt orada ferması olan 3 nəfər qoyun otarmışdır. Onun iddiaçının yerini otarmasına dair heç bir sübut yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. İşdə olan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən İddiaçı mülkiyyətində Beyləqan rayonu Dünyamalılar ərazisindən 2.37 ha, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən İddiaçı mülkiyyətində Beyləqan rayonu Dünyamalılar ərazisindən 2.37 ha, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********35, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən 1.1065 torpaq sahəsi verilmişdir. İşdə olan 22 noyabr 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı Beyləqan rayon X1 mərkəzinə etdiyi şikayətə əsasən əraziya baxış keçirilmişdir. Baxış zamanı İddiaçı yonca sahəsinin 2,5 ha hissəsi xırda buynuzlu heyvanla otarılması müəyyən olunmuşdur. Sahənin kim tərəfindən otarılması məlum olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Lakin cavabdehin təqsiri üzündən iddiaçıya ziyan dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetməmişdir. Tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda da iddiaçıya məxsus yonca sahəsinin kimin tərəfindən otarılması qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-in 8.1 və 8.2-ci maddələrinə əsasən mülki işlər və kommersiya mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli № 4 nömrəli Qərarının (xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlarla dəyişdirilmişvə əlavələr edilmişdir) 2.4-cü bəndində göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 3.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Məhkəmədə iddiaçının iddia tələbini əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəmə iclasında araşdırılmış sübutlarda cavabdeh tərəfindən iddiaçının torpaq sahəsini otarılması və onun təqsiri üzündən iddiaçıya ziyan vurulması halları öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat və qiymətləndirmə rəyinin alınması üçün ödədiyi 65 (altmış beş) manat pulun pul özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 35 (otuz beş) manat və qiymətləndirmə rəyinin alınması üçün ödədiyi 65 (altmış beş) manat pul özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar