Məhkəmə qərarları › İş №2(020)-2184/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2184/2025

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2184/2025 30.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində borc pulun və ödədiyi 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə iş yoldaşı olmuşlar. Cavabdeh xx.xx.2025-ci il tarixdə borc pula ehtiyacı olduğundan ondan 30.000 (otuz min) manat məbləğində borc pul istəmişdir. Cavabdeh borcunu 6 ay müdətində geri qaytaracağına dair öhdəlik götürdüyündən və onu tanıdığından istədiyi pulu cavabdehə vermişdir. Cavabdeh borc almasına dair ona öz xətti ilə yazdığı qəbz vermişdir. Hətta cavabdehin ona borclu olduğuna dair video görüntü də mövcuddur. Cavabdeh pulunu 6 aya qaytaracağına dair söz verməsinə baxmayaraq, bu günə kimi borcundan cəmi 2.000 (iki min) manat geri qaytarmışdır. Yerdə qalan 28.000 (iyirmi səkkiz min) manat borcunu isə 2025-ci ilin noyabr ayının sonunadək geri qaytaracağına dair söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcunu tələb etsə də cavabdeh müxtəlif bəhnələr gətirərk borcunu qaytarmamışdır. O, da məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində borc pulun və ödədiyi 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, ehtiyacı olduğundan iddiaçıdan 30.000 (otuz min) manat borca pul almışdır. İddiaçıya borc pul götürməsinə dair imzası ilə təsdiq etdiyi qəbz vermişdir. Borcundan 2.000 (iki min) manat qaytarsa da, işləmədiyi üçün həmin pulu tam şəkildə geri qaytara bilməmişdir. Hazırda işləyir və borcunu hər ay hissə-hissə iddiaçıya geri qaytaracaqdır. İş materiallarına əlavə edilmiş 26 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 6 ay müddətinə qaytarmaq şərti ilə İddiaçı 30.000 (otuz min) manat borc pul alımışdır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh borcu qaytarmamış, onun borca dair verdiyi qəbz iddiaçıdadır və məhkəməyə təqdim etmişdir. Hazırda borca dair qəbzin iddiaçıda olması cavabdehin borcu qaytarmamasına sübutdur. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, iddiaçıdan borca 30.000 (otuz min) manat almasını, borcundan 2.000 (iki min) manat qaytarmasını, hazırda isə iddiaçıya 28.000 (iyirmi səkkiz min) manat borcu qalmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həminn Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər sübuta yetdiyindən Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat və ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat və ödənilmiş dövlət rüsumuna görə 174 (yüz yetmiş dörd) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar