Məhkəmə qərarları › İş №2(020)-2227/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2227/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2227/2023 29.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında Beyləqan rayon İ saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh həmin müqavilə əsasında ondan aldığı 9.057 (doqquz min əlli yeddi) manat borcun və ödədiyi 111 (bir yüz on bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Əvəllər tanıdığı və yaxşı münasibətdə olduğu Beyləqan şəhər sakini Cavabdeh Beyləqan rayon İ saylı Notariat Ofisinin notariusu Cəsarət Qasımovun xx.xx.2023-cü il tarixdə tərtib etdiyi kredit müqaviləsi əsasında 9.057 manat məbləğində borc pul vermişdir. Həmin kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh ondan aldığı 9.057 manat borcu ona geri qaytarmağı, həmçinin kredit müqaviləsinin 3-cü bəndinə əsasən cavabdeh ondan aldığı 9.057 manat borc pulu hər ay 210 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh onunla aralarında bağlanılmış kredit müqaviləsinin şərtlərinə qəsdən əməl etmiyərək aldığı borc pulu geri qaytarmaqdan imtina etmiş və müqavilənin şərtlərin kobud surətdə pozmuşdur. O, xx.xx.2023-cü il tarixdə cavabdehin yaşadığı ünvana pretenziya göndərərək müqavilənin şərtlərinə əməl etməsini xahiş etsə də, cavabdeh onun pretenziyasına əhəmiyyət belə verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onunla Cavabdeh arasında Beyləqan rayon İ saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh həmin müqavilə əsasında ondan aldığı 9.057 (doqquz min əlli yeddi) manat borcun və ödədiyi 111 (bir yüz on bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçıla yaxın münasibətləri olmuşdur. O, qapı pəncərə sexində işləmiş, İlqarın isə anbarı vardır və o, İlqardan qapı-pəncərə materialları nisiyə almışdır. Sonra yaranmış borcu ödəyə bilməmiş, iddiaçı ondan polisə şikayət etmiş, onu rayon polis şöbəsinə çağırmışlar. Orada ona iddiaçı ilə müqavilə bağlaması təklif olunmuş və o, iddiaçı ilə gedib notariat ofisində borca görə müqavilə bağlamışdır. Borclu olduğu 9057 manat pulu hər ay 210 manat ödəməklə aralarında 2023-cü ilin may ayında müqavilə bağlanmışdır. Müqavilənin son tarixli 2026-cı ilin dekabr ayına kimidir. Lakin imkanı olmadığından ayda 210 manat ödəməli olduğu pulu ödəyə bilməmişdir. Borcunu etiraf edir, lakin hələ müqavilənin bitməsinə çox vaxt qalmışdır. Hazırda borcunu ödəmək üçün əmlakını satmaq fikri vardır. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 9057 manat borc pul almışdır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh aldığı 9.057 manat borcu Cavabdeh geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin kredit müqaviləsinin 3-cü bəndinə əsasən Cavabdeh aldığı 9.057 manat borc pulu hər ay 210 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından görünür ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 423.1-ci maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, borc verən iddiaçı tərəfindən cavabdehə müqavilə şərtlərinin pozulması ilə bağlı müqavilədən imtina etməsinə dair 18 oktyabr 2023-cü il tarixdə xəbərdarlıq (protenziya) göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilədən irəli gələn öhdəlikləri icra etmədiyinə görə tərəflər arasında bağlanmış müqavilə pozulmuş hesab edilir və ona görə də iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə məhkəmədə baxılmasına zərurət yaranmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9.057 (doqquz min əlli yeddi) manat borc pul və dövlət rüsumu kimi ödənilmiş 111 (bir yüz on bir) manat pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9.057 (doqquz min əlli yeddi) manat borc pul və dövlət rüsumu kimi ödənilmiş 111 (bir yüz on bir) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar