Məhkəmə qərarları › İş №2(020)-2229/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2229/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2229/2025 09.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı-İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 1.138,88 (bir min bir yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borc pulun və ödədiyi 32 (otuz iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Beyləqan şəhərində yerləşən “Mərkəzi Bazar” ərazisində fəaliyyət göstərən “EL MARKET” adlı ərzaq mağazasında satıcı işləyir. Əvvəllər müştəri qismində tanıdığı Beyləqan rayonu, Şəfəq qəsəbə sakini X2 müxtəlif tarixlərdə işlədiyi mağazadan ərzaq məhsullarına dair aylıq alış-veriş edərək həmin ərzaqların pulunu vaxtlı vaxtında vermişdir. Cavabdehə onun etibarını qazanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətlərdə ümumi məbləği 1.138,88 manat dəyərində olan ərzaq məhsullarını nisiyə alaraq 1 ay müddətində geri qaytaracağına dair öhdəlik götürmüşdür. O, cavabdehə inanıb etibar etdiyindən həmin ərzaqları ona nisiyə vermişdir. Lakin cavabdeh etibarından istifadə edərək həmin ərzaq məhsullarının pulunu 1 ildən artıq müddətdir ki, geri qaytarmamışdır. O, dəfələrlə cavabdehdən borclu olduğu ərzaqların pulunu tələb etmiş, cavabdeh də borcunu tez bir zamanda geri qaytaracağına dair söz vermişdir. Lakin bu günə kimi cavabdeh borcunu geri qaytarmamışdır. O, da məcbur qalıb hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdeh X1 1.138,88 (bir min bir yüz otuz səkkiz mənat səksən səkkiz qəpik) manat məbləğində borc pulun və ödədiyi 32 (otuz iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh X2 iddianı qəbul etdi və izahatında göstərdi ki, Beyləqan rayonunda yerləşən iddiaçının işlədiyi mağazadan daima nisiya ərzaq götürmüş və pulunu da vaxtında qaytarmışdır. İddiaçının tələb etdiyi miqdarda əraq götürmüşdür, lakin xəstəsi olduğundan pulu qaytara bilməmişdir. Əri xəstədir və ailədə tək özü işləyir. Ona görə pulu qaytarmaqda çətinliyi olmuşdur. Yaxın vaxtlarda borcunu qaytaracaqdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının və cavabdehin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı işlədiyi mağazadan 1.138,88 manat dəyərində mağazaya həmin məbləğdə borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 nisiyə alqı-satqı müqaviləsi üzrə 1.138,88 (bir min bir yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar