Məhkəmə qərarları › İş №2(020)-241/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-241/2024

18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-241/2024 18.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(020)-574/2021 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi(xx.xx.2021) tarixdən başlayaraq hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi hissəsində dəyişdirilərək, cavabdeh - Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440(dörd yüz qırx) manat alimentin, yaxud əmək haqqısının üçdə biri qədər (təxminən 433 manat)alimentin onun xeyrinə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2007-ci ildə Ələkbər, xx.xx.2014-cü ildə Əkbər adlı uşaqarı anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğunda ayrılmışlar. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(020)-1451/2019 saylı qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş və birgə nikahdan anadan olan uşaqlarının onun himayəsində saxlanılması, hər uşağa görə cavabdehdən 56 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan əlavə Beyləqan rayon rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-574/2021 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşağa görə 130 manat olmaqla 260 manat müəyyən edilmişdir. Maddi vəziyyəti yaxşı olmadığında uşaqlarının saxlanmasını təmin edə bilmir. Hal-hazırda iki azyaşlı uşağının saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 260 manat aliment miqdarı uşaqlarını saxlamaqla yetərli deyildir. Cavabdeh “ANAMA” şirkətində işləyir və aylıq 1500 manat əmək haqqı alır. Uşaqlar məktəbli olmaqla xərclərində artımlar olmuşdur. Aldığı alimentlə uşaqların paltarlarını, yeməklərinivə məktəbli ləvazimatlarını ala bilməz. Ona görə də, Beyləqan Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(020)-574/2021 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi(xx.xx.2021) tarixdən başlayaraq hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi hissəsində dəyişdirilərək, cavabdeh - Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440(dörd yüz qırx) manat alimentin, yaxud əmək haqqısının üçdə biri qədər (təxminən 433 manat) alimentin onun xeyrinə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə Ələkbər, xx.xx.2014-cü ildə Əkbər adlı uşaqarı anadan olmuşdur. İş materialına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(020)- 1451/2019 saylı qətnaməsindən görünür ki , İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahları pozulmuş, birgə nikahdan xx.xx.2007-ci ildə anadan olan Ələkbər və xx.xx.2014-cü ildə anadan olan Əkbərin uşaqlarının İddiaçı himayəsində saxlanılması, hər uşağa görə cavabdehdən 56 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-574/2021 saylı qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(020)- 1451/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci ildə anadan olan Ələkbər və xx.xx.2014-cü ildə anadan olan Əkbər adlı uşaqların saxlanması üçün müəyyən edilən alimentin məbləği artırılaraq hər uşağa görə 130 manat olmaqla 260 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci ildə Ələkbər, xx.xx.2014-cü ildə Əkbər adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. Tərəflərin ailə münasibətləri pozulduğundan ayrılmışlar. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(020)-1451/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahları pozulmuş, birgə nikahdan anadan olan uşaqlarının İddiaçı himayəsində saxlanılması, hər uşağa görə cavabdehdən 56 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beyləqan rayon rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)- 574/2021 saylı qətnaməsinə əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(020)- 1451/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci ildə anadan olan Ələkbər və xx.xx.2014-cü ildə anadan olan Əkbər adlı uşaqların saxlanması üçün müəyyən edilən alimentin məbləği artırılaraq hər uşağa görə 130 manat olmaqla 260 manat müəyyən edilmişdir. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqlar böyüdükcə onun gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyüməsi və məktəbli olmaqla bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. İddiaçı ikinci əsas kimi cavabdehin maddi imkanın yaxşı olduğunu, yəni ANAMA şirkətində işləyib 1500 manat əmək haqqı aldığını göstərmişdir ki, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin rəsmi iş yeri və qazancı barədə məlumatlar müəyyən edilməmişdir. Bütün bu halları, yəni uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Beyləqan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-574/2021 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci ildə anadan olan Ələkbər və xx.xx.2014-cü ildə anadan olan Əkbər adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan hər ay hər uşağa görə sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-574/2021 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci ildə anadan olan Ələkbər və xx.xx.2014-cü ildə anadan olan Əkbər adlı uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində müəyyən edilən 130 manat, cəmi 260 manat alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar