Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-248/2025 11.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 7.400 (yeddi min dörd yüz) manat məbləğində borcun və ödədiyi 94 (doxsan dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, əvvəllər yaxın dostluq münasibətində olduğu tanışı Cavabdeh xx.xx.2024-cü il tarixdə borc pula ehtiyacı olduğundan ondan 3.000 manat, xx.xx.2024-cü il tarixdə isə 4.400 manat məbləğində borc pul almışdır. Cavabdeh ondan aldığı borcunu 1 ay müdətində geri qaytarcağına dair öhdəlik götürmüşdür. Həmin öhdəliklə bağlı öz xətti ilə ona yazılı qəbzlər vermişdir. Lakin cavabdeh aldığı borc pulu hər səfərində geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi geri qaytarmamışdır. Cavabdeh əvvəllər telefonuna cavab versə də sonradan cavab belə verməmişdir. O, da məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 7.400 (yeddi min dörd yüz) manat məbləğində borc pulun və ödədiyi 94 (doxsan dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, ehtiyacı olduğundan iddiaçıdan ayrı ayrı vaxtlarda 600 və 700 manat borca pul almışdır. Vəsiqəsi gəlmədiyindən kredit götürüb borcunu qaytara bilməmişdir. İddiaçıda olan qəbzləri o, yazmış və imza da ona məxsusdur. Qəbzin birində 3000 manat, birində isə 4400 manat iddiaçıdan borca pul aldığını göstərmişdir. Lakin qəbzdə göstərilən məbləğdə pul götürməmişdir. Hazırda iddiaçıya 1300 manat borcu vardır, ayın sonuna kimi borcunu qaytaracadır Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə anadan olmuş, Beyləqan rayonunun Bolsulu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı 3.000 manat, xx.xx.2024-cü ildə isə 4.400 manat borc pul almış, borcunu 1 aya ödəyəcəyinə söz vermiş və qəbzləri imzası ilə təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Adı çəkilən Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.2-ci maddəsinə görə əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Məhkəmədə müəyyən edildi ki, cavabdeh borcu qaytarmamış, onun borca dair verdiyi qəbzlər iddiaçıdadır və məhkəməyə təqdim etmişdir. Hazırda borca dair qəbzlərin iddiaçıda olması cavabdehin borcu qaytarmamasına sübutdur. Cavabdeh məhkəmə iclasında iddiaçıdan cəmi 1.300 manat borc almasını göstərsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Əksinə onun iddiaçıdan 3.000 manat və 4.400 manat borc alması mülki işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər sübuta yetdiyindən Cavabdeh borca görə 7400 manat və ödənilmiş 94 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 7.400 (yeddi min dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 94 (doxsan dörd) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-248/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-248/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver