Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-30/2024 17.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı 1.3658 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.3658 hektar pay torpaq sahəsindən məcburi qaydada çıxarılması, 1.3658 hektar pay torpaq sahəsinin ona və ailə üzvlərinə təhvil verilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini əsaslandıraraq göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********58 olan və qeydiyyat tarixi xx.xx.2023cü il olan çıxarışa əsasən Beyləqan rayonunun İ Şahsevən kəndi ərazisində yerləşən 1.3658 hektar torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. Lakin Cavabdeh qeyriqanuni olaraq onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.3658 hektar pay torpaq sahəsini 2018-ci il tarixdən özbaşına zəbt edərək həmin torpaq sahəsini şumladaraq əkin işləri aparmaqla yüksək gəlir əldə etmişdir. O, cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpaqlarından çıxmasını xahiş etsə də cavabdeh ona əhəmiyyət verməyərək öz qanunsuz əməllərinə davam etmişdir. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə müvafiq instansiyalara müraciət etmiş, lakin müraciətləri heç bir nəticə verməmişdir. Ona görədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin hərəkəti nəticəsində o, 5 ildir ki, torpağından istifadə edə bilmir. Odur ki, Cavabdeh onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.3658 hektar pay torpaq sahəsindən məcburi qaydada çıxarılması, 1.3658 hektar pay torpaq sahəsinin ona və ailə üzvlərinə təhvil verilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iddiaçılardan İddiaçı2 ailə üzvləri olduğunu və onunməhkəmə iclasında iştirakını nəzərə alıb hazırkı vəziyyətdə iş baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdehoğlu tərəfindən xəbərnaməyə şəxsən imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********58 olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışdan görünür ki, Beyləqan rayonunun İ Şahsevən kəndi ərazisində yerləşən 1.3658 hektar torpaq sahəsi İddiaçı2 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı2 vəsatəti əsasında Beyləqan rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixdə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4072 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********58 olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışla 1.3658 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Eyni zamanda İddiaçı2 tərəfindən iddia olunan və Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 1.1793 ha torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********58 olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışla iddiaçıların mülkiyyətində olan 1,3658 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 1.1793 ha torpaq sahəsi sənəd üzrə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1,3658 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********58 olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Beyləqan rayonunun İ Şahsevən kəndi ərazisində yerləşən 1.3658 hektar torpaq sahəsi İddiaçı2 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini göstərsələr də, iş üzrə alınmış ekspertiza rəyi ilə iddiaçıların mülkiyyətində olan 1,3658 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatları üçün mülkiyyətin özgəninkiləşdirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmədə iddiaçıların mülkiyyətində 1.3658 ha torpaq sahəsi olması müəyyən edilmişdir. İddiaçılar tərəfindən torpağa dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd iş materiallarına əlavə edilmişdir. Lakin ekspertizanın rəyi ilə həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq hesab edir ki, iddiaçılar öz iddia tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədən sübuta yetirə bilməmişlər. Cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt olunması müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı 1.3658 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair iddiaları əsassız olduğundan rədd edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-30/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-30/2024
17.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver