Məhkəmə qərarları › İş №2(020)-310/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-310/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-310/2024 03.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh 6000 manat məbləğində borcun və ödənilmiş 80 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh Beyləqan rayonunda “N” saylı hərbi hissədə işləyən zaman tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 24 yanvar 2023-cü ildə ondan qısa müddətdə qaytarmaq şərtilə 6000 manat borc pul almışdır. Cavabdeh bu barədə ona həmin tarixdə öz xətti ilə yazılı qəbz belə vermiş və pulunu 20 gün müddətət qaytaracağına söz vermişdir. Lakin cavabdeh bu günə kimi aldığı 6000 manat borc pulu geri qaytarmaqdan boyun qaçırır. Cavabdeh borclu olduğu 6000 manat pulu dəfələrlə ona geri qaytaracağına dair söz versə də, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 6000 manat məbləğində borcun və ödənilmiş 80 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nzəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, cavabdehin atası Tahir Nağıyev məhkəmə bildirişini xəbərnaməyə imza etməklə almışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh 24 yanvar 2023-cü ildə İddiaçı 20 gün müddətə qaytarmaq şərti ilə borc olaraq 6000 manat məbləğində pul almış və bu barədə verdiyi qəbzi imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin Beyləqan şəhər inzinati ərazi dairəsi üzrə nümayənsidinin 18 dekabr 2023-cü il tarixli 3487 saylı arayışından görünür ki, X2 xx.xx.2018-ci ildən Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 176-da yaşayır. İş materiallarına əlavə edilmiş şəxsiyyəti təsdiq edən sənəddən görünür ki, cavabdeh Nağıyev X3 rayonun Örənqala qəsəbəsində qeydiyyatdadır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 manat məbləğində borc pul alınaraq iddiaçı X1 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Adı çəkilən Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Cavabdeh tərəfindən yazılmış 24 yanvar 2023-cü il tarixli qəbzdən göründüyü kimi o, iddiaçıdan borc pul aldığını həmin qəbzdə etiraf etmişdir. Cavabdehin qəbzdə göstərdiyi məbləğ 6000 manatdır və cavabdeh xəbərdarlıq bildirişə imza etsə də məhkəmə iclasına gəlməmiş və borcunu qaytarması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin borca dair verdiyi sənəd də, hazırda iddiaçının özündədir. Cavabdeh borcu qaytarsaydı həmin borca dair sənədi iddiaçıdan geri alardı. Belə ki, Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda borc sənədinin iddiaçıda olması cavabdeh tərəfindən borcun qaytarılmaması qənaətinə gəlməsinə əsas verir. Ona görə də, məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh borca görə 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumuna görə 80(səksən) manat pul iddiaçı X1 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh borca görə 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumuna görə 80(səksən) manat alınıb X1 verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar