Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-315/2025 04.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürciət edərək Cavabdeh "xxxx" KB ASC- nin xeyrinə 7224,03 AZN əsas, 873,17 AZN faiz, 47 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8144,20 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 101,45 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 45 ay müddətinə illik 25% ödəmək şərtilə 7457 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 25 oktyabr 2024, cümə tarixinə "xxxx" KB ASCyə 7224,03 AZN əsas, 873,17 AZN faiz, 47 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8144,20 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh "xxxx" KB ASC- nin xeyrinə 7224,03 AZN əsas, 873,17 AZN faiz, 47 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8144,20 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 101,45 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan telefonqramadan görünür ki, Cavabdeh istifadəsində olan 051 688-02-46 telefon nömrəsi ilə əlaqə saxlanılmış, cavabdeh məhkəmə iclası barədə məlumatlı olduğunu, iddianı qəbul etdiyini, iddiaçıya borcu olduğunu, səhhti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 45 ay müddətinə illik 25% ödəmək şərtilə 7457 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 25 oktyabr 2024, cümə tarixinə "xxxx" KB ASC-yə 7224,03 AZN əsas, 873,17 AZN faiz, 47 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8144,20 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” Həmin Məcəllənin 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh yaşadığı ünvana bildiriş göndərərək aralarında bağlanmış xx.xx.2024-ci il tarixli, 59nkBRD/24 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka 5 sentyabr 2024-ci il tarixinə 7224,03 AZN əsas, 622,17 AZN faiz, 20,64 AZN cərimə, cəmi 7866,84 AZN borcu yaranmasını, kredit müqaviləsi ilə üzərini götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablandığını, banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aramızda bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəklərini bildirmişlər. Məhkəmə hesab edir ki, cavabdehə göndərilən pretenziyada iddiaçı müqaviləyə xitam verməsini bəyan etmişdir. Həmin bildirişdə faiz borcu 622.17 manat, cərimə borcu isə 20.64 manat göstərilmişdir. Ona görə də məhkəmə faiz borcunun 622.17 manat, cərimə borcu isə 20.64 manat saxlanmasını daha məqsədə müvafiq hesab edir. Cavabdehin iddiaçı təşkilatdan kredit götürməsi və müqavilə şərtlərinə əməl etməməsi, bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, Cavabdeh 7224.03 manat əsas, 622.17 manat faiz, 20.64 manat cərimə olmaqla, cəmi 7 866,84 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 101.45 manat məbləğində vəsaitin tutulub "xxxx" Kommersiya Bankı ASC xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7224.03 manat əsas, 622.17 manat faiz, 20.64 manat cərimə olmaqla, cəmi 7 866,84 (yeddi min səkkiz yüz altmış altı manat səksən dörd qəpik) manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 101.45 (yüz bir manat qırx beş qəpik) manat pul tutulub "xxxx" Kommersiya Bankı ASC xeyrinə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-315/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-315/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver