Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-44/2023 05.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh1 hərəkətləri nəticəsinə xüsusi mülkiyyətində olan mənzilinə dəymiş 3197 (üç min bir yüz doxsan yeddi) manat maddi ziyanın, mütəxəssis rəyinin alınması üçün ödədiyi 165 (bir yüz altmış beş) manatın və ödədiyi 53 (əlli üç) manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında izahat verən İddiaçı1 iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********05-05101-093001 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.64 kv.m olan 3 saylı mənzil tam olaraq xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzil əvvəllər çoxmənzilli kimi Meşəçilik İdarəsinin balansında olduğundan 2007-ci ildə həmin mənzili pul müqabilində almışdır. Cavabdeh1 yaşadığı mənzillə onun yaşadığı mənzil əvvəllər bitişik olmuşdur. Sonradan Cavabdeh1 özbaşına olaraq onların arasında yerləşən divarı qeyri qanuni olaraq sökdüyündən hazırda həmin mənzildə onun və ailə üzvlərinin yaşaması üçün həddindən artıq çətinliklər yaranmışdır. Cavabdeh tərəfindən sökülən divarın və dam örtüyünün təmir-bərpa işlərinin aparılmasına ehtiyac yaranmışdır. Demək olarki divar Sovet dönəmində çiy kərpicdən inşa edildiyindən artıq öz funksiyasını itirmişdir. O, bu barədə cavabdehə öz narazılığını bildirdikdə onun narazılığından sonra divarın üst tavan hissəsinə yəni dam olan hissəsinə köhnə istifadəyə yararsız material sayılan fanerkadan yamaqlar vurmuşdur. Yağış yağan zaman həmin yararsız materialların arasından mənzilinə yağış suyu keçir və bunun nəticəsində mənzilinə ciddi ziyan dəyir. Hər an mənzilinin uçub dağılma təhlükəsi vardır. Hazırda cavabdehin əməlləri nəticəsində həmin mənzildə yaşamaqları sağlamlıqları üçün real təhlükə yaradır. Bundan başqa cavabdeh mənzilinin yerləşdiyi 482.43 kv.m torpaq sahəsində zəbt etməklə mənzilinin sağ cinahında yerləşən torpaq sahəsində qeyri qanuni olaraq daş hasar inşa etdirməkdədir. Divarı ilə daş hasarın arasında məsəfə bir qarış olduğundan bütün yağış və qrunt suları onun mənzilndə dolur. Hazırda sənədləri Daşınmaz Əmlakda hazırlanma ərəfəsində olduğundan bununla bağlı yaxın günlərdə məhkəməyə həmin daş hasarın sökülməsinə dair ayrıca iddia vərəcəkdir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona 3197 (üç min bir yüz doxsan yeddi) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda da cavabdeh öz qanunsuz əməllərinə davam edir. O, cavabdehdən dəfələrlə bu hərəkətlərinə son qoymağı xahiş etsə də cavabdeh təkrar olaraq öz qanunsuz hərəkətləri ilə ona yenə də ziyan vurur. Ona görə də, Cavabdeh1 hərəkətləri nəticəsinə xüsusi mülkiyyətində olan mənzilinə dəymiş 3197 (üç min bir yüz doxsan yeddi) manat maddi ziyanın, mütəxəssis rəyinin alınması üçün ödədiyi 165 (bir yüz altmış beş) manatın və ödədiyim 53 (əlli üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı1 qeyd etdiyi kimi onun qonşuluğunda alınan və sökülüb yenidən tikilən ev onun adına deyil və o, həmin evdə yaşamır. Həmin evi o, Daşınmaz Əmlakın AN-1N ******* nömrəli alqı-satqı müqaviləsi ilə X4 qızı X3 almış, fərdi yaşayış evi və həmin evin həyətyanı ərazisini qızının adına rəsmiləşmişdir. Həmin bir mərtəbəli tikili 1940-cı illərdə çiy kərpicdən inşa olunmuşdur. Tikili Beyləqan rayon Meşəçilik deyilən İdarənin hesabında olmuşdur. Sonradan həmin yaşayış tiklisi bir neçə nəfər tərəfindən özəlləşdirilib xüsusi mülkiyyətə alınmışdır. Mən həmin çiy kərpicdən tikilmiş kürsüsüz evi qızına aldıqdan sonra evin çiy kərpicdən olduğu və yararlıq müddəti başa çatdığına görə evdə müəyyən həşaratlar olduğunu görmüşdır. Uşaqlarda qorxu və natəmizlik yaratmaması və azyaşlı uşaqların xəstələnməsinə görə iddiaçı ilə məsləhətləşərək qızına aid olan evi söküb yeni ev inşa etdirmişdir. İddiaçı ilə razılaşması əsasında aralarında olan orta divardan 30 sm qızının evinə tərəf söküntü etmiş və qonşunun evinə zərər vurmamışdır. İddiaçının Beyləqan rayon İcra Hakimiyyətinə yazdığı şikayət ərizəsindən sonra İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirmişlər və iddiaçıya evin sökülməsinin ona heç bir ziyan vermədiyini bildirmişlər. İddiaçı ilə aralarında olan divarı və onun üstünü ustalara təmir etdirmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş çıxarışdan və texniki pasportdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********05-05101- 093001 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.64 kv. m olan 3 saylı mənzil tam olaraq İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, cavabdehin qızı X1 Elşən Ayaz oğlundan ümumi sahəsi 58.5 kv metr yaşayış evini və fərdi yaşayış evinə aid 0,043 ha olan torpaq sahəsini satın almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3-cü mənzilin sağ yan aparıcı divarının bərpası üçün yerinə yetirilməli olan təmir-bərpa işlərinin bazar qiyməti ilə dəyəri 3197.15 manat məbləğində təşkil edir. İş üzrə hər iki tərəfin vəsatəti əsasında məhkəmənin 01 noyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli 10/8163 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı1 fərdi yaşayış evinə ziyan vurulmasının cavabdeh tərəfindən divarın sökülməsi nöticəsində baş verib-verməməsinin müəyyən edilməsi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən fərdi yaşayış evi üzrə ümumilikdə müvafiq müayinə işləri aparıldıqdan sonra müəyyən oluna bilər. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün lazım xərclərin ümumi dəyəri 3105.00 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla və ekspertizanın verdiyi rəylə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********05-05101-093001 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.64 kv. m olan 3 saylı mənzil tam olaraq iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. İddiaçının mülkiyyətində olan mənzillə Cavabdeh1 qızı üçün aldığı mənzil əvvəllər bitişik olmuşdur. Sonradan Cavabdeh1 mənzillər arasında yerləşən divarı sökdüyündən iddiaçının mənzilinə ziyan dəymişdir. İddiaçı cavabehdən dəymiş ziyana görə 3197.15 manat pul tələb etsə də, iş üzrə alınmış ekapertiza rəyi ilə dəymiş ziyan 3105.00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə müəyyən edildi ki, iddiaçıya dəymiş ziyan ona məxsus Beyləqan şəhəri M.Əzizbəyov küçəsi, 45(65) qnvanda yerləşən 3-cü mənzilin sağ yan aparıcı divarının sökülməsi nəticəsində baş vermişdir. Həmin divarın da sökülməsinə səbəb cavabdehin özbaşına olaraq iddiaçıya məlumat vermədən qızı üçün aldığı mənzilin divarını sökməsi olmuşdur. Cavabdeh özü də həmin orta divarı sökdüyünü məhkəmə iclasında etiraf etmiş, lakin onun həmin divarı sökməsi nəticəsində iddiaçıya ziyan dəyməməsini göstərmişdir. Halbu ki, ziyanın dəyməsi müəyyən olunmuş, həmin divarın bərpası üçün lazım olan vəsaitin məbləği ekspertiza rəyi ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 50 manat cavabdehdən alınıb iddiaçıya verilməli, qalan 3 məbləğ iddiaçıya aid edilməlidir. iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmədə müəyyən edildi ki, iddiaçıya dəymiş ziyan “Paritet-M MMC” tərəfindən qiymətləndirilmiş və rəy verilmişdir. Mütəxəsis rəyi alınmasından ötrü həmin müəssisəyə iddiaçı tərəfindən 165 manat pul köçürülmüşdür. İddia qismən təmin edildiyinə görə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 150 manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməli, qalan 15 manat iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 vurduğu ziyana görə 3105.00 (üç min yüz beş) manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 150 ( yüz əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul alınıb İddiaçı1 verilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin alınmasından ötrü ödənilmiş 15 ( on beş) manat, dövlət rüsumu kimi ödənilmiş 3(üç) manat iddiçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-44/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-44/2023
05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver