Məhkəmə qərarları › İş №2(020)-657/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-657/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-657/2023 30.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı “Sevgi Mebel” mağazası ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Sevgi Mebel” mağazası məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 150 (bir yüz əlli) manat əsas borc, 30.40 ( otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və 2.20 (iki manat iyirmi qəpik) manat poçt xidməti borcu, cəmi 182.60 (bir yüz səksən iki manat altmış qəpik) manat alınıb “Sevgi Mebel” mağazasının sahibi İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasan, aldığı «SAMSUNG GALAXY A10 S» markalı mobil telefon üçün 30 manat ilkin ödəniş olmaqla 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 386 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər Müqavilələrin şərtlərini pozaraq, 236 manat pul ödəyib və qalıq qalmış 150 manat borcu ödəməmişdilər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2(İki) % dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Gecikmələrdən irəli gələn dəbbə pulu isə 0 (sıfır) manat təşkil edir. Beləliklə cavabdeh (SEVGİ MEBEL) mağazasına olan borcu cəmi 150 (bir yüz əlli) manat təşkil etmişdir. İşdə olan alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavbdehlə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətə hissə-hissə ödəmək şərti ilə ayda 30 manat olmaqla 386 manat dəyərində mal götürmüş, cavabdehin həmin əşyaya görə iddiaçıya 150 manat borcu qalmışdır. Həmçini, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasan Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin ,Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi halda əsas borcu,həmin borca hesablanmış faiz ,cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən bərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan xəzi fəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı, onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəy yənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 (otuz manat qırx qəpik ) maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 150 (bir yüz əlli) manat əsas borc, 30.40 ( otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və 2.20 (iki manat iyirmi qəpik) manat poçt xidməti haqqı alınıb “Sevgi Mebel” mağazasının sahibi İddiaçı hesabına ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar