Məhkəmə qərarları › İş №2(020)-661/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-661/2024

08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-661/2024 08.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- Nümayəndə vəkalətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan torpaq sahəsinin yararlı hala salmaq və əkdiyi məhsul üçün çəkdiyi xərcə görə 3200 manat məbləğində ziyanın və dövlət rüsumu kimi ödənilmiş 53 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə iddiasını müdafiə etdi və izahatında göstərdi ki, qardaşı Tural kənddə yaşayır və çıxarışlarla kənd təsərrüfatı təyinatlı torpaqları vardır. Qardaşı həmin torpağı əkib becərir. Həmin torpaq sahəsini qardaşı Tural Cavabdeh ilə aralarında razılaşaraq ömürlük dəyişmişdir. Tural cavabdehə məxsus yeri, cavabdeh də qardaşına məxsus yeri əkib becərmişlər. Tural həmin yeri, yəni cavabdehə məxsus yeri planirovka edərək, yerə peyin verərək və arxlara çəkərək tam əkinə yaxşı vəziyyətə gətirmişdir. Onlar torpağı tam yaralı vəziyyətə saldıqdan sonra Cavabdeh torpağı geri qaytarmağı tələb edir. Tural həmin yerə 20 lapet peyin traktora yığılıb daşınması və yayılması üçün 900 manat, yerin lazer aparatı ilə planirovka edilməsinə 1000 manat, yerin ağac və kollardan təmizlənməsi, köhnə arxların düzəldilməsi üçün 500 manat, torpağın kənarına şor suyun çəkilməsi üçün balaca kanal çəkilməsinə 250 metr kanal üçün 500 manat və hal-hazırda əkdiyi taxıl məhsulu üçün də 300 manat pul xərcləmişdir. Beləliklə torpağı dəyişdikdən sonra qardaşı yerə cəmi 3200 manat xərc çəkmişdir. Torpaq qaytarılması o halda razı olarlar ki, cavabdeh torpağa çəkilmiş xərcləri ödəsin. Ona görə də Nümayəndə istifadəsində olan torpaq sahəsinin yararlı hala salmaq və əkdiyi məhsul üçün çəkdiyi xərcə görə 3200 manat məbləğində ziyanın və dövlət rüsumu kimi ödənilmiş 53 manatın Cavabdeh alınıb Nümayəndə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh tərəfindən xəbərnaməyə şəxsən imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsini izahatını, iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, Nümayəndə mülkiyyətinə Beyləqan rayonunun Tatalılar kəndni 0,4117 və 0.2747 ha torpaq sahələri verilmişdir. Azərbaycan Respublikası 662.1-ci dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 662.2-ci maddəsinə görə dəyişdirmə müqaviləsinə alqı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 662.3-cü maddəsinə görə dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. İddiaçının nümayəndəsi cavabdehlə torpaq sahələrinin dəyişdirilməsi barədə razılığa gəldiklərini göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi sənəddən də görünür ki, torpaq sahəsi onların mülkiyyətindədir, cavabdehin mülkiyyətinə keçməmişdir. Həmçinin cavabdehin torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsi, bununla əlaqədar tərəflər arasında dəyişdirmə barədə müqavilənin bağlanması müəyyən edilməmişdir. İddiaçının cavabdehə məxsus torpaq sahəsinə xərc çəkməsi, yəni 20 lapet peyin traktora yığılıb daşınması və yayılması üçün 900 manat, yerin lazer aparatı ilə planirovka edilməsinə 1000 manat, yerin ağac və kollardan təmizlənməsi, köhnə arxların düzəldilməsi üçün 500 manat, torpağın kənarına şor suyun çəkilməsi üçün balaca kanal çəkilməsinə 250 metr kanal üçün 500 manat və hal-hazırda əkdiyi taxıl məhsulu üçün də 300 manat pul xərcləməsi onun həmin torpaq sahəsindən istifadə etməsi ilə bağlı olmuşdur. İddiaçı bu işləri görərkən onunla cavabdeh arasında hər hansı bir razılaşma olmamış, cavabdeh həmin işlərin görülməsini iddiaçıdan xahiş etməmişdir. İddiaçı həmin işləri görməklə torpağı özünün istifadəsi üçün yararlı hala salmış və torpağı əkib becərməklə qazanc əldə etmişdir. Onun həmin xərclərə görə cavabdehdən pul tələb etməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-in 8.1 və 8.2-ci maddələrinə əsasən mülki işlər və kommersiya mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən 53 manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Nümayəndə Cavabdeh qarşı ziyan tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 53 (əlli üç) manat pul özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar