Məhkəmə qərarları › İş №2(020)-745/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-745/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-745/2023 29.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Beyləqan rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci ildə anadan olan Nəzrin və xx.xx.2008-ci ildə anadan olan Rial adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan hər ay hər uşaq üçün müəyyən edilmiş 80 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat cəmi 440 manat məbləğində müəyyən edilməsi, xx.xx.2005-ci ildə anadan olmuş qızı Nəzrinin 2026-cı ilə qədər, yəni Azərbaycan Universitetinin təhsil müddətini bitirənə qədər 220 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh İsrafil oğlu ilə ailə quraraq, nikahlarını 10 fevral 2015-ci il tarixdə Beyləqan rayon VVADQ şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 17 iyul 2005-ci ildə Nəzrin, 21 yanvar 2008-ci ildə isə Rial adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri 2016-cı ilin avqust ayından tamamilə kəsilmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, Cavabdeh hər ay hər uşaq üçün 80 manat, iki uşaq üçün ayda 160 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2005-ci ildə Nəzrin və xx.xx.2008-ci ildə Rial adlı uşaqlarının saxlanılması üçün ona verilməsi qət edilmişdir. xx.xx.2005-ci ildə anadan olmuş qızı Nəzrin Azərbaycan Universitetinin 1-ci kurs tələbəsidir. xx.xx.2008-ci ildə anadan olmuş oğlu Rial isə hazırlıqlara gedir. Onların normal təhsil almaları üçün maddi imkanı yoxdur. O, heç bir yerdə işləmir, uşaqlarını saxlamaqda həddindən artıq çətinlik çəkir. Cavabdehin ona ödədiyi 80 manatla hazırkı iqtisadi vəziyyətlə əlaqədar olaraq uşaqlarını saxlaya bilmir. Odur ki, Beyləqan rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş Nəzrin və xx.xx.2008-ci ildə anadan olmuş Rial adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan hər ay hər uşaq üçün müəyyən edilmiş 80 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat cəmi 440 manat məbləğində müəyyən edilməsi, xx.xx.2005-ci ildə anadan olmuş qızı Nəzrinin 2026-cı ilə qədər, yəni Azərbaycan Universitetinin təhsil müddətini bitirənə qədər 220 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı ilə nikahlarını 10 fevral 2015-ci il tarixdə Beyləqan rayon VVADQ şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 17 iyul 2005-ci ildə Nəzrin, 21 yanvar 2008-ci ildə isə Rial adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyi ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı ilə nikahları pozulmuş, ondan hər ay hər uşaq üçün 80 manat iki uşaq üçün ayda 160 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2005-ci ildə Nəzrin və xx.xx.2008-ci ildə Rial adlı uşaqlarının saxlanılması üçün iddiaçıya verilməsi qət edilmişdir. İddianı qismən qəbul edir. Tələb edilən alimenti tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Uşağın Universiteti bitirməsi ilə bağlı iddiaçının ondan pul tələb etməsi əsassızdır. İddianı həmin hissədə qəbul etmir. Hhər ay hər uşağa görə 200 manat, cəmi 400 manat aliment ğdəyə bilər. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 17 iyul 2005-ci ildə Nəzrin, 21 yanvar 2008-ci ildə isə Rial adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(020)- 2370/2016 saylı qətnaməsinin surətindən görünür ki, X4 və Cavabdeh İsrafil oğlu arasında 10 fevral 2015-ci il tarixdə Beyləqan rayon VVADQ şöbəsində qeyd edilmiş nikah pozulmuş, 17 iyul 2005-ci ildə anadan olmuş X5 və 21 yanvar 2008-ci ildə anadan olmuş X6 anası X2 himayəsində qalması müəyyən edilmiş, Beyləqan şəhəri, 23-cü məhəllədə yaşayan Cavabdeh İsrafil oğlundan iki nəfər uşağın saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 17 iyul 2005-ci ildə anadan olmuş Nəzrin və 21 yanvar 2008-ci ildə anadan olmuş Rial adlı uşaqlarının saxlanılması üçün Beyləqan şəhəri, 23-cü məhəllədə yaşayan Əliyeva (Muradova) Pərvanə Rasim qızına verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh nikahlarını 10 fevral 2015-ci il tarixdə Beyləqan rayon VVADQ şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 17 iyul 2005-ci ildə Nəzrin, 21 yanvar 2008-ci ildə isə Rial adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri 2016-cı ilin avqust ayından tamamilə kəsilmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(020)-2370/2016 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, 17 iyul 2005-ci ildə anadan olmuş X5 və 21 yanvar 2008-ci ildə anadan olmuş X6 anası X2 himayəsində qalması müəyyən edilmiş, Cavabdeh İsrafil oğlundan iki nəfər uşağın saxlanması üçün hər ay hər uşağa 80 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Hazırda uşaqlar iddiaçının yanında yaşayır. İddiaçı uşaqlasrını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya hər ay hər uşağa görə ödənilən 80 manat aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyümələri ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Bütün bu halları, yəni uşaqların əvvəlki təminat səviyyəsini nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 17 iyul 2005-ci ildə anadan olmuş X5 və 21 yanvar 2008-ci ildə anadan olmuş X1 üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği artırılaraq hər ayhər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilməklə atrırılmalıdır. Həmçinin İddiaçı iddiasında xx.xx.2005-ci ildə anadan olmuş qızı Nəzrinin 2026-cı ilə qədər, yəni Azərbaycan Universitetinin təhsil müddətini bitirənə qədər 220 manat məbləğində alimentin ödənilməsi tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi əsaslı deyildir. Belə ki, hər kəsin ali təhsil alması onun hüququdur. Buna görə cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulması düzgün sayıla bilməz. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş Nəzrin və xx.xx.2008-ci ildə anadan olmuş Rial adlı uşaqların saxlanması üçün Cavabdeh İddiaçı Rasim qızının xeyrinə tutulan hər ay hər uşaq üçün müəyyən edilmiş 80 manat alimentin miqdarı artırılaraq hər ay hər uşağa 220 manat cəmi 440 (dörd yüz qırx) manat məbləğində müəyyən edilməklə artırılsın. İddia xx.xx.2005-ci ildə anadan olmuş Nəzrinin 2026-cı ilə qədər, yəni Azərbaycan Universitetinin təhsil müddətini bitirənə qədər 220 manat məbləğində alimentin ödənilməsi tələbinə dair hissədə rədd edilsin. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaqlar yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 72.80 (yetmiş iki manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar