Məhkəmə qərarları › İş №2(020)-80/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-80/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-80/2025 08.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və onun zamini Zamin 1983,62 (bir min doqquz yüz səksən üç manat 62 qəpik) manat əsas kredit borclarının, 491,65 (dörd yüz doxsan bir manat 65 qəpik) manat faiz borclarının və eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 135,31 (bir yüz otuz beş manat 31 qəpik) manat cərimə olmaqla, cəmi 2610,58 (iki min altı yüz on manat 58 qəpik) manat və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 46,15 (qırx altı manat 15 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Beyləqan filialı ilə cavabdehlə Cavabdeh və onun zamini Zamin arasında bağlanmış və xx.xx.2023-cü il tarixli KF/31483 saylı kredit müqaviləsinə əsasən cavabdehlərə 18 ay müddətində illik 34 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər hər təqvim ayının müvafiq cədvəli üzrə müəyyən edilmiş tarixində həm kredit məbləğini borclu hissə-hissə geri qaytarmalı, həm kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin kredit müqaviləsi üzrə öhdəliklərinin kreditverən qarşısında icra etməyən borclu və onun zamini bu günə kimi iddiaçıya cəmi 1016,38 manat əsas kredit borclarından 379,52 manat kreditdən istifadəyə görə faiz borclarından ödəyibdir. Hal-hazırda iddiaçıya 1983,62 (bir min doqquz yüz səksən üç manat 62 qəpik ) manat əsas kredit borcları, 491,65 (dörd yüz doxsan bir manat 65 qəpik) manat faiz borcları eyni zamanda tərəflərlə arasında bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 135,31 (bir yüz otuz beş manat 31 qəpik) manat cərimə borcları olmaqla, cəmi 2610,58 (iki min altı yüz on manat 58 qəpik) manat borclu qalmaqdadırlar. Cavabdehlər Cavabdeh və onun zamini Zamin dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, onlarla aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn şərtləri icra etməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2023-cü il tarixli KF/31483 saylı Kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, sonuncuya aylıq 1,89 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, kreditalan ona verilmiş krediti hissəsini tərəflər arasında yazılı tərtib olunmuş razılaşma üzrə ödəniş qrafikində göstərilən konkret tarixdə ödəmədikdə “Kreditverən”in tələb etdiyi hallarda həmin ödəniş tarixindən başlamaqla kreditin ödənilməli olan ancaq ödənilməmiş (gecikdirilmiş) əsas borcunun qalıq məbləğinə hər gecikdirilmiş gün üçün 0.5 (sıfır tam onda beş) faiz miqdaında cərimə faizi ödəmək məsuliyyəti daşıyır. xx.xx.2023-cü il tarixli KF/31483 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər götürülmüş kreditin hər ay 215,06 manat olmaqla, xx.xx.2025-ci il tarixə qədər geri qaytarılması barədə razılığa gəlmişdir. Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli KF/31483 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 12 avqust 2024-cü il tarixə 1983,62 manat əsas borc, 491,65 manat faiz borcu və 135,31 manat cərimə olmaqla, cəmi 2610,58 manat məbləğində borcu vardır. “Kreditor” Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə “zamin” Zamin arasında bağlanmış xx.xx.2023-cü il tarixli KF/31483Z №-li Zaminlik Müqaviləsindən görünür ki, Zamin kreditor Bank qarşısında xx.xx.2023-cü il tarixli KF/31483 №-li Kredit Müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o, cümlədənkredit və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə və ya sığorta pulu ödənilmədiyi və kreditdən məqsədli təyinatına uyğun istifadə olmadığı halda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -742.5 və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixli KF/31483 saylı Kredit Müqaviləsi ilə, Zamin isə xx.xx.2023-cü il tarixli KF/31483Z №-li Zaminlik Müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri və cəriməni müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir. Beləliklə də məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2023-cü il tarixli KF/31483 saylı kredit müqaviləsinə əsasən 1983,62 manat əsas borc, 491,65 manat faiz borcu və 135,31 manat cərimə olmaqla, cəmi 2610,58 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -yə ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 46,15 manat dövlət rüsumu cavabdehlərdəndən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1983,62 (bir min doqquz yüz səksən üç manat 62 qəpik) manat məbləğində əsas borc, 491,65 (dörd yüz doxsan bir manat 65 qəpik) manat məbləğində faiz borcu və 135,31 (bir yüz otuz beş manat 31 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2610,58 (iki min altı yüz on manat 58 qəpik) manat məbləğində pul vəsaiti və 46,15 (qırx altı manat 15 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC – nin xeyrinə tutulsun.. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar