Məhkəmə qərarları › İş №2(020)-811/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-811/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-811/2024 25.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 fevral 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Beyləqan Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən hər ay 120 manat sabit pul məbləğində müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə evlənərək, nikahlarını 17 avqust 2012-ci ildə Göyçay rayonu İHB-mn Qaraməryəm kənd inzibati ərazi nümayəndəliyində qeyd etdirmişlər. Birgə nikahlarından 16 fevral 2013-cü ildə Mətləb adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 19 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikahları pozularkən 16 fevral 2013-cü ildə anadan olmuş Mətləb adlı uşağının onun yanında qalması müəyyən olunmuş və Mətləb adlı uşağın saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, 2020-ci ildə yenidən alimentin miqdarının artırılması tələbi ilə Beyləqan rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 08 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən Mətləb adlı uşağın saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq 120 manat sabit pul məbləğində müəyyən olunmuşdur. Hazırki vəziyyətdə 120 manat məbləğlə uşağı saxlamaqda çox çətinlik çəkir. Həmin məbləğlə uşağı saxlamağa, gündəlik tələbatlarını ödəməyə kifayət etmir. Çünki uşaq böyümüş və xərclərində artımlar vardır. Cavabdehin ona hazırda 4000 manat aliment borcu vardır. Cavabdehin işləməsi barədə məlumatı yoxdur. Cavabdehin ayda ona 220 manat aliment ödəməyə imkanı vardır. Odur ki, Cavabdeh 16 fevral 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Beyləqan Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən hər ay 120 manat sabit pul məbləğində müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh məhkəmə bildirişini xəbətnaməyə şəxsən imza etməklə almışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəməyə göndərdiyi teleqramadan göründüyü kimi məhkəmə iclasının vaxtı barədə məlumatı olduğundan cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 16 fevral 2013-cü ildə Mətləb adlı bir uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 2(020)-803/2020 saylı qətnaməsinin surətindən görünür ki, Beyləqan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2013-cti ildə anadan olan Mətləb adlı uşağın saxlanması üçün Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan uşağın anası İddiaçınin xeyrinə qət edilən hər ay bir uşağa görə 70 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməklə artırılmışdır. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, X4 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2013-cü ildə Mətləb adlı bir uşaqları anadan olmuşdur. Uşaq hazırda iddiaçının yanında yaşayır. Tərəflərin ailə münasibətləri pozulduğundan ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 19 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, 16 fevral 2013-cü ildə anadan olan Mətləb adlı uşağının iddiçının yanında qalması müəyyən olunmuş və həmin uşağın saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Beyləqan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2013-cti ildə anadan olan Mətləb adlı uşağın saxlanması üçün Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan uşağın anası İddiaçınin xeyrinə qət edilən hər ay bir uşağa görə 70 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməklə artırılması qət edilmişdir. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərci, maddi tələbatı get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşağın böyüməsi və gündəlik xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Bütün bu halları, yəni uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Beyləqan rayon məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 2(020)-803/2020 qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cti ildə anadan olan Mətləb adlı uşağın saxlanması üçün Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan uşağın anası İddiaçınin xeyrinə qət edilən hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 2(020)-803/2020 qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü ildə anadan olan Mətləb adlı uşağın saxlanması üçün Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan uşağın anası İddiaçınin xeyrinə qət edilən hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməklə atrırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar