Məhkəmə qərarları › İş №2(020)-818/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-818/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-818/2024 26.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc verdiyi 2000 (iki min) manat məbləğində pulun və 41 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə qonşu binalarda yaşamaqla münasibətləri yaxşı olmuşdur. İyun ayında Cavabdeh onlara gələrək əməliyyata getdiyini bildirmiş və ondan borc olaraq 1000 (bir min) manat pul istəmişdir. Aytən borcunu əməliyyatdan gəldikdən sonra qaytaracağını bildirmişdir. Aralarında olan münasibətə görə Aytənə 1000 manat borc pul vermişdir. Sonradan iyul və avqust aylarında Cavabdeh müalicələrə pulu olmadığını bildirərək yenidən ondan 1000 manat borca pul almışdır. Həmin vaxt onlar lotereya oynamışlar və lotereyadan yığılan pulu götürüb Aytənə vermişdir. Aytən ona olan 2000 manat borcu tezliklə qaytaracağına dair söz vermişdir. Aytənlə aralarında olan qonşuluq münasibəti və hörmətə görə Aytənin səmimiyyətinə inananaraq borcu verən zaman heç bir sənədə vəya qəbzə qol çəkdirməmişdir. Cavabdeh almış olduğu borc pulu qaytaracağına şifahi söz vermişdir. Həmin vaxtdan xeyli keçsə də cavabdeh ona olan borcunu ödəməmişdir. O, həmin lotereya pullarını özü ödəmişdir. Həmçinin cavabdehin onun pulunu qaytarmaması ilə bağlı olaraq o, DİN-nin “102” xidmətinə şikayət etmişdir. Beyləqan RPŞ-nın İTB-nin polis sahə rəisi X1 Hüseynovanı və onu rayon polis şöbəsinin inzibati binasına dəvət etmiş və onlardan izahat almışdır. Cavabdeh izahat verərək ona 2000 manat manat borcu olduğunu etiraf etmişdir. Həmin vaxt Aytən borcunu mart ayından başlayaraq ödəyəcəyinə söz versə də, borcunu indiyə kimi ödəməmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə mürciət etmək məcburiyyətində qalmışdır. Aytən borcunu qaytara bilmədiyindən onu da lotereyaya qoşmuşdur. Lakin yenə onun pulunu verməmişdir. Aytəndən onun öz razılığı ilə 200 manata televizor almış, televizorun 100 manatını Aytənə vermiş, 100 manatını isə Aytənin ona olan borcundan çıxmışdır. Hazırda Aytənin ona 1900 manat borcu qalmışdır. Odur ki, Cavabdeh 1900 manat məbləğində pulun və 39 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh 2023-ci ilin may ayında İddiaçı faizə 1000 manat pul götürmüş və həmin pulu faizi ilə ödəmişdir. Sonuncu dəfə cavabdeh iddiaçıya 1000 manat pul ödəmiş və əlavə olaraq kreditə götürdüyü təzə televizoru da iddiaçıya vermişdir. Cavabdehin polis şöbəsində verdiyi izahatlar da cavabdeh tərəfində yazılmamışdır. Sahə rəisi şikayətlə bağlı məhkəməyə mülki qaydada müraciət etmək üçün izahat verməsini bildirmiş, Aytən də bilmədən ona imza etmişdir. Halbu ki, şikayət mülki xarakterli olduğundan sahə rəisinin izahat alması düzgün sayıla bilməz. Hazırda Cavabdeh iddiaçıya borcu qalmamışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Beyləqan bələdiyyəsinin 02 aprel 2024cü il tarixli arayışından görünür ki, Füzuli rayon sakini İddiaçı Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan SMD-4 qəsəbəsində yerləşən 1 saylı ümumi yataqxanada müqavilə əsasında müvəqqəti olaraq yaşayır. İddiaçı Cavabdeh barəsində RPŞ-nə etmiş olduğu müraciəti əsasında toplanmış material üzrə Cavabdeh verdiyi izahatdan görünür ki, o, qoşnşusu Hicrandan 2000 manat borc pul almış, lakin imkanı olmadığından borcunu verə bilmir, yaxın vaxtlarda ödəyəcəkdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının və cavabdehin vəkilinin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1900 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 2000 manat borc almış, Cavabdeh polisə verdiyi izahatında bunu etiraf etmiş, lakin həmin borcu qaytarmamışdır. Əgər borcu qaytarsaydı bu barədə məhkəməyə sənəd təqdim edərdi. İddiaçı cavabdehdən 200 manata televizor aldığını, həmin pulun 100 manatını borca görə götürdüyünü göstərmişdir. Bununla da cavabdehin iddiaçıya 1900 manat borcu qalması müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1900 (min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 39 (otuz doqquz) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar