Məhkəmə qərarları › İş №2(020)-831/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-831/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-831/2023 28.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində borc pulun və ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, əvəllər tanıdığı və yaxşı münasibətdə olduğu Cavabdeh xx.xx.2022-ci il tarixdə borc pula ehtiyacı olduğundan ondan 20.000 (iyirmi min) manat məbləğində borc pul almışdır. Həmin pulun alınmasına dair Cavabdeh ona borc sənədi vermişdir. Həmin sənəddə cavabdeh 2 il müddətində hər ay 1.022 (bir min iyirmi iki) manat olmaq şərti ilə ödəyərək borcunu qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin bir neçə ay keçmiş, cavabdeh onun borcundan hər ay ödəməli oduğu pulu ödəməmişdir. Hər dəfə cavabdehə bu barədə dedikdə, cavabdeh onun borcunu tez bir zamanda geri qaytaracağına dair söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. Cavabdeh əvvəllər telefonuna cavab versə də sonradan cavab belə verməmişdir. Hazırda cavabdeh onun borcunu ödəməkdən boyun qaçırır. Məcburiyyət qarşısında qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində borc pulun və ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, qəbzdəki yazılar və imza ona aid olsa da, 20.000 (iyirmi min) manat pul görməmişdir. Ona həmin pul verilməmişdir. İddiaçını əvvəllər tanımamışdır və onunla heç bir münasibəti olmamışdır. X1 ilə tanışlığı və münasibəti olmuşdur. Günayın pulunu ayrıayrı şəxslərə aparıb çatdırmışdır. Sonra həmin pulları toplaya bilməmişdir. Ona görə də borc sənədi yazaraq guya İddiaçı 20.000 (iyirmi min) manat borcu olduğunu göstərmişdir. Əslində Yeganədən pul almamışdır. Ona görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X2 ifadəsində göstərdi ki, İddiaçı onun ailəvi dostudur. Həmçinin Cavabdeh tanıyır və Məxmər ondan bir neçə dəfə borca pul almışdır. Hazırda da ona borcu vardır. Həmçinin Cavabdeh onun yanında 26 avqust 2022-ci il tarixdə İddiaçı 20.000 (iyirmi min) manat borc pul almış, həmin pulu hissə-hissə qaytaracağına dair söz vermişdir. Həmin borc pulun ona heç bir aidiyyəti yoxdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1958-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, o, İddiaçı 2 il müddətə qaytarmaq şərti ilə 20.000 manat borc pul almış, qəbzi imzası ilə təsdiq etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, o, İddiaçı 2 il müddətə qaytarmaq şərti ilə 20000 manat borc pul almış, qəbzi imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh məhkəmə iclasında qəbzdəki imzanın ona məxsus olduğunu etiraf etsə də iddiaçıdan borc pul almadığını göstərmişdir. Onun bu izahatını məhkəmə əsaslı hesab etmir. Çünki cavabdehin iddiaçıdan borc pul almadığı halda borca dair qəbz yazıb verməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda cavabdeh tərəfindən verilən qəbz iddiaçıdadır və əgər cavabdeh borcu ödəsəydi həmin qəbz ona qaytarılardı. Borca dair qəbzin iddiaçıda olması borcun ödənilməməsi qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən cavabdeh məhkəmə iclasında borcu qaytarmadğını iddiaçıdan borc almamasına dair izahatı ilə də etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmədə iddiaçının iddia tələbi kifayət qədər sübuta yetdiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Mülki Prossesual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin216-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində borc pul və ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar